SON DƏQİQƏ

PressDent.Info

5 nəfərin 425 nəfərlə həmrəylik oyunu

5 nəfərin 425 nəfərlə həmrəylik oyunu
15-05-2017, 16:17 11049 dəfə baxılıb

Rövşən Hacıbəyli

4-cü kimi təqdim olunan “Bakı – 2017” 3-cü İslam Həmrəyliyi Oyunları başladı. Bu beynəlxalq yarışın 4 ildən bir keçirildiyi yazılır. Ancaq yarışların keçirildiyi tarixlərə baxandasa başqa mənzərə ortaya çıxır. İlk oyun 2005-ci ildə Səudiyyə Ərəbistanında baş tutub. İkinci oyun 5 ildən sonra – 2010-cu ildə – İranda keçirilməliymiş, alınmayıb. “İkinci İslam Həmrəylik Oyunları planlaşdırılırdı ki, 2009-cu ildə oktyabrda İranda keçirilsin, amma sonra tarixi 2010-cu ilin aprel ayına saldılar, lakin Fars körfəzi (Ərəb) adı ilə bağlı İran və ərəb ölkələri arasında fikir ayrılığı səbəbindən ləğv edildi”. Vikipediyada belə yazılıb. Bu ləğvə də səbəb, göründüyü kimi, sadədir; həmrəylik oyunları keçirən İslam ölkələrinin “Fars körfəzi” və ya “Ərəb körfəzi” adı üstündə araları dəydi, oyun alınmadı. Ancaq keçirilməyən yarışmanı ikinci İslam Oyunları kimi tarixə sırıdılar. Növbəti, yəni 2-ci oyun 3-cü adı ilə 2013-cü ildə – birinci oyunlardan 8 il sonra İndoneziyada keçirildi.
Növbəti Azərbaycandır, 3-4-cü yarışmaya ev sahibliyi edən ölkəmiz. Yarış başlanmazdan öncə Gənclər və İdman naziri Azad Rəhimov İslam oyunlarına 57 ölkəni cəlb etməyi hədəf kimi götürdüklərini demişdi. Eyni zamanda bəzi ölkələrin maddi sıxıntıları olduğunu bildirmişdi. Əslində bu, Azərbaycan toplumuna mesaj idi, yəni “I Avropa oyunlarında olduğu kimi bir çox ölkələrin xərci bizim boynumuzadır” kimi mesaj. Ancaq neçə ölkənin xərcini çəkəcəklərini deməmişdi, yəqin heç deməyəcək də. Yarışa da cəmi 53 ölkəni razı sala biliblər. Biz də əvvəldən razılığımızı verdiyimizdən 3-4-cü İslam Oyunlarında 54 ölkənin iştirak etdiyini yazmaq olar. Nazir 57 rəqəmini təsadüfi deməmişdi, Səudiyyə Ərəbistanında keçirilən yarışa 2005-ci ildə 55 ölkə qoşulmuşdu. İndoneziyadakı yarışlardasa 44 ölkə iştirak etmişdi. Bunlar öz aləmlərində rekord vurmaq istəyirdilər. Alınmadı. Fələstini, Somalini yarışa qatmaqla say artırmağın nə mənası var? 11 milyona yaxın əhalisi olan Somalidən hələ yaxşı ki, cəmi 7 idmançı gəlib. Sevinməliyik. Xərcləri Azərbaycanın çəkdiyinə arxayın olub ölkənin bütün əhalisi gələ bilərdi…
Şübhə eləmirik ki, gələnlərin çoxu medalsız qayıdacaq; açılışda ölkələrin paradından görünürdü ki, gələnlərin arasında idmanla peşəkar məşğul olan elə də çox deyil. 10 gündən sonra dəqiq bilinəcək.
Bu oyunda şəxsi münasibətlərin daha şox rol oynadığı görünür. Yarışmaya 54 ölkədən 3 minə yaxın idmançının qatıldığı deyilir. Maraqlıdır ki, 10 ölkədən iştirak edən idmançı sayı qalan 44 ölkənin idmançılarının sayından çoxdur. Azərbaycan 425 idmançıyla çıxış edir. Görünür, əsas mübarizə də bu 10 ölkənin idmançıları arasında gedəcək. Yarışın ilk günləri də bunu göstərir. Yeri gəlmişkən, ən böyük dəstəyi qardaş ölkə verib:
Türkiyə 350 idmançı ilə gəlib.
Türkmənistan – 160
Özbəkistan – 121
Səudiyyə Ərəbistanı – 188
İndoneziya – 127
Pakistan – 125
İran – 100
Mərakeş – 100
Əlcəzair də 100 idmançı gətirib.
Ən az idmançı isə Livandan gəlib, cəmi 5 nəfər. Görünür, çox üz vurublar, livanlı qardaşlar da keçə bilməyib. Mavritaniya, Burkino-Faso, Mali və var-dövləti başından aşan Bruney Sultanı bu boyda həmrəyliyə hərəsi 6 nəfərlə dəstək verib. Qvineya 7, Cibuti 8 nəfərlə təmsil olunur. Qvineya-Bisau, Kanar adaları, Çad və Nigerin gücü 9 nəfərə çatıb. Syerra-Leone 10, Surinam 11, Qambiya və Toqo 14, Bəhreyn və Yəmən 15, Qayana 16, Mozambik 17, Nigeriya 18 idmançı göndərib. Türk dövlətləri arasında ən zəif dəstəyi Qazaxıstan verib, cəmi 23 idmançı… Qalan ölkələrin hər birindən 20-80 nəfər idmançı gəlib.
Beləliklə, yarışma başlayıb. Ən çox idmançıyla təmsil olunan ölkələr medal yarışına giriblər. Hələlik Türkiyə 34 medalla 1-ci, Azərbaycan 24 medalla 2-ci, İordaniya 3 qızıl medalla 3-cü, İran 11 medalla 4-cü yerdə gedir.
Həmrəy olun!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ