SON DƏQİQƏ

PressDent.Info

Özünü yandırmaq istəyən kibrit tapa bilir...

Özünü yandırmaq istəyən kibrit tapa bilir...
22-03-2017, 16:29 8526 dəfə baxılıb

Bu ölkədə pis xəbərlər köhnəlmir. Pis hadisələr haqqında keçmiş zamanda danışa bilmirik. Hər gün intiharlardan yazmaq məcburiyyətindəyik, bu mövzudan qaçmaq olmur. Adamların ölümə tərəf qaçdığı ölkədə, başqa mövzulara tərəf qaçmaq da ədalətli deyil. Son olaraq müəllimin məktəbdə özünü asdığının və gənc yazarın 17-ci mərtəbədən özünü atdığının şahidi olduq. Təhsillisi də, təhsilsizi də intihar edir. Qocası da, cavanı da intihara can atır. Qadını da, kişisi də ölmək istəyir. Bu ölkənin insanları öz yolunu müəyyənləşdirib, ard-arda ölümə doğru gedirlər. Yaşamaq həvəsi, yaşamaq ümidi, yaşamaq yanğısı yox olub. İnsanlar əmin olublar ki, bu ölkədə problemlərin həlli mümkün olmayacaq, bu ölkədə dərdlər tükənməyəcək, bu ölkədə səslərinə səs verən tapılmayacaq. Vətəndaşın əlini uzada biləcəyi hökuməti yoxdur, amma boynuna keçirməyə kəndiri var. Üstünə atılıb, dərdini söyləyəcəyi deputatı yoxdur, amma üstündən atıla biləcəyi hündürmərtəbəli binalar var. Bu ölkədə ölmək üçün hər şərait var, bu ölkədə hər gün ölüm səbəbləri istehsal olunur. Vətəndaşın harayına yalnız ölüm çatır.

İndi adamların deputatı da, naziri də, prezidenti də kəndirdi, kibritdi, bıçaqdı. Çünki, lazım olanda kəndiri tapa bilir, amma səlahiyyətli şəxsi tapa bilmir. Özünü yandırmaq istəyəndə kibrit tapa bilir, amma yanğısını söndürmək üçün dövlət idarəsi tapa bilmir.

Sanki, bu ölkədən o dünyaya “ölüm reysi” açılıb. Sanki, hamı o dünyanın qatarına bilet almaq növbəsinə düzülüb. Bu qədər adamın ölümü seçməsi təsadüf deyil, bıçağın sümüyə dirənmə mərhələsindəyik. Amma ölkədəki böhran, hüquqsuzluq, eybəcərliklər intihar etməyə bəraət qazandırmır. Ölüm problemlərin açarı olmamalıdır. Ölüm axtarışına çıxmaqdan imtina etmək lazımdır. Ölüm onsuz da hamını tapacaq, hamı ölüm şərbətini dadacaq. Yəni, qismətimizə yazılmış yerə can atmaq əvəzinə, qismətimizə pis günlər yazmaq istəyənlərə etiraz etməliyik. Cəsarətimiz özümüzə əl qaldırmaqda yox, qorxumuza qalib gəlməkdə ifadə olunmalıdır. Boğazımıza dirənmiş bıçağın üstündən basmamalıyıq, o bıçaqla ayağımıza dolaşan sarmaşıqları kəsməliyik. Ölümə meydan oxumaq əvəzinə, ölümə sürükləyən səbəblərə meydan oxumalıyıq.

Heç vaxt “ölüm mübarizədir” demirlər, “həyat mübarizədir” deyirlər. Ölmək uğrunda yox, yaşamaq uğrunda mübarizə aparırlar. Əslində, bu ölkədə yaşamaq üçün də zəruri olan hər şey var. Sadəcə olaraq, ölümü zəruri edən səbəblər göz önündədir, yaşamağa səsləyən səbəblərin isə səsi eşidilməz olub.

Ədalət, şəffaflıq, insan haqları, vətəndaşa sayğı, qanunun aliliyi olmadığına görə adamlar ölümə pənah aparırlar. Deməli, ölkəmizdən intkin düşən dəyərləri ölkəyə qaytarmaq lazımdır. Onda kəndir və kibrit əvəzinə, deputatdan, nazirdən, icra başçısından, məhkəmədən yapışacağıq və yaşamaq üçün səbəblərimiz çox olacaq.

Ölümü sahibimizə çevirməyək, ölkəmizin sahibi olmağa çalışaq.

Baxışova Cəmilə

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ