SON DƏQİQƏ

PressDent.Info

Həbs etmək daha cəza sayılmır

Həbs etmək daha cəza sayılmır
3-05-2017, 17:22 11919 dəfə baxılıb

Dövlət terrorunun müxtəlif formaları necə tətbiq edilir?

Qənimət Zahid

Əliyev rejimi həbsxanaları azadlıqdan məhrum etmə cəzasının məkanı olmaq yükündən xilas edir. Rejim sərtləşdirkcə insanlara və dəyərlərə qarşı təpkisi daha da sərtləşir. İndi həbsxanaların üzərinə qoyulan yeni təyinatlar var. Əvvəlki təyinatların da bir çoxu yerində saxlanılır. Əvvəlki təyinatlardan ən yayğın olanı bu idi ki, Azərbaycandakı cəzaçəkmə müəssisələri islah düşərgələri deyil, kriminal elevatordur. Bu, bütün qəbildən olan kriminal elementlərə aiddir. Onlar həbsxanalarda yeni kontaktlar tapır və yenidən buraya dönmək üçün yeni planlar üzərində işləyirlər.

Həbsxana qətlləri

Bir də siyasi kontingent var. Get-gedə siyasi dustaqların daha böyük kontingenti yaranır. Bunların istisnasız olaraq hamısı şərlənərək həbs edilirlər. Azadlıqdan məhrum ediliməklə siyasi fəaliyyətdən qoparılırlar. Deyəsən, Əliyev rejimi artıq, azadlıqdan məhrum etməni cəza tədbiri hesab etmir. Bunun da maraqlı əsasları var. Ölkə vətəndaşlarının hamısının azadlıqları məhdudlaşdırılıb. Ölkə nəhəng bir həbsxanaya çevrilib və kolon qaydasında idarə edilir. Siyasi fəalların, İlham Əliyevin və üzüaşağı bütün dövlət məmuriyyətinin şəxsi düşmənlərinin həbsxanaya atılması, azadlıqdan məhrum edilməsi də buna görə cəzalandırma hesab edilmir. Bir halda ki, onsuz da hamı həmin azadlıqlardan məhrum edilir, deməli həbsxanaya göndərilənlərə qarşı başqa tədbirlər həyata keçirilməlidir. Məsələn, bloqçu Mehman Qələndərov azadlıqdan məhrum edilib. Amma bu, yetərli cəza sayılmayıb. Buna görə də həbsxanada vurub öldürüblər. Ölüm xəbərinin üstündə hökumət uzun zaman var- gəl etdi. Görünən effekt budur ki, həbsxanada öldürülmə hallarının sürətlə artmasını müşayiət edəcəyik. Doğrudur, bu, dövlət terrorudur və nə zamana qədər davam edəcəyi, nə qədər davam edəcəyi bəlli olmaz. Həm də, düşər- düşməzi olar. Dövlət terroru faktları təkzibedilməz hala gəldikdə, həmin dövlətin rəhbərləri «izqoy» statusunu alırlar. Onları Vladimir Putindən başqa heç kim yaxına buraxmır…

İndilikdə, bu fakt ən azı, iki siyasi dustağın taleyində qeydə alınıb. Bu da az deyil. Tənqidçilərin həbsxanaya atılaraq öldürülməsi mütləq və mütləq dövlət terrorudur.

«Raskrutka»- psixoloji terror növüdür

Növbəti metod cəza müddətinin artırılmasıdır. Bu zamana qədər belə hallar dəfərlə təkrar edilib, amma ən səsli-küylü presedent Əli İnsanovla bağlı verilən qərar oldu. Verilən 10 il cəzanı çəkib qurtaran sabiq nazir, bildiyiniz kimi, daha 7 il və 5 gün azadlıqdan məhrum edildi. Daha 7 il və beş gün. Bu halda azadlıqdan məhrum etmə cəzasının uzadılması sonrakı yerlərdə dayanan faktdır. Qabarıq yerdə psixoloji terror effekti dayanır. Sabiq səhiyyə nazirini bu yolla ya intihara vadar etmək istəyirlər, ya da intihar etmək üçün ona yardım edəcəkdilər. Əli İnsanova qarşı həbsxanada təxribatların olacağı barədə hələ ötən il xəbər tutmuşduq və bu barədə “Azadlıq”da bir neçə dəfə yazılar getmişdi. O zaman bizdə olan xəbərlər onun həbsxanada öldürüləcəyi ilə bağlı idi.  Söhbət ictimailəşdiyi üçün onu öldürmədilər, amma intihar ertəsi üçün zəmin hazırlanır. Daha doğrusu, bu 7 il 5 günlük cəzaya gətirib çıxaran ssenari onun «intiharı» üçün yazılmışdı. Bizdə olan xəbər bundan ibarətdir. Əli İnsanovun üzünə qoyulan gəncin bundan xəbəri olubmu ? Söhbət Əli İnsanovun ən yaxın dostlarından birinin Penitensiar Xidmətdə işləyən oğlundan gedir ki, onu İnsanovun üzünə qoydular. Bizə məlumat verən mənbə iddia edir ki, həmin gənc Ədliyyə mayoru  bu proseslə tanış edilib. Yəni, ona məhz, hansı tipli bifr ssenarinin hazırlandığı barədə ətraflı məlumat və buna uyğun da təlimat verilib. Əli İnsanov cəza müddətinin uzadıllması ilə bağlı məhkəmə prosesinin gedişində «intihar etməli» idi. Dostunun oğlu onun üzünə dirəndiyinə görə « psixoloji sarsıntı keçirən» sabiq nazir elə prosesin gedişindəki günlərin birində intihar etməli idi. Bu məlumatı bizə tamamilə ciddi mənbə ötürüb. Amma ssenarini yalnız  burcə fakt pozdu ki, ƏIli İnsanov məhkəmədə melanxolik ovqat nümayiş etdirmədi, dostunun mayor oğlu ilə heç bir münaqişəyə girmədi, ona baş qoşmadı və İlham Əliyevi ittiham elədi. Buna görə də onun intiharını təşkil etmək mümkün olmadı. Əli İnsanovun başqa bir dostunun, mərhum professor Qəhrəman Bünyadovun  oğlu Yalçın Qəhrəmanlı deyir ki, «Əli İnsanov möhkəm iradəli adamdır. Bu iradə olmasa, onu çoxdan psixoloji baxımdan sındırmışdılar. Bu 7 il 5 günlük cəza seansının elan edilməsini o cür qarşılamaq hər adama nəsib olan psixoloji hazırlıq deyil».
Əli İnsanovla söhbəti birdəfəlik çürütmək, bu dəfə də alınmadı, amma bu, hələ qəbul edilən  qərarın ləğv edildiyi anlamına gəlmir. Hətta həmin  qərar ləğv edilsə də, Əli İnsanovla bağlı halda dövlətin yürütdüyü psixoloji terror siyasəti qalır. Bu isə o deməkdir ki, Əliyev rejimi opponentlərə qarşı həm fiziki, həm də psixoloji terror siyasətinin tətbiq edilməsinə başlayıb.

Mənəvi terror- ən geniş yayılan inzibati əməliyyatdır

Nəhayət, daha bir terakt növü var. Bu, azadlıqdan məhrum edilən siyasi opponentlərə qarşı mənəvi terrordur. Lap elə bu günlərdə həbsdə olan gənc fəal İlkin Rüstəmzadədən bir soraq gəldi. O, bildirir ki, həbsxanada ondan  əl çəkmirlər və Dövlət Təhlüksizlik Xidmətinin agentura korpusuna daxil olmağı tələb edirlər. Bu da şərtlərdən daha biridir:  ya agenturada olacaqsan, ya da buralarda çürüyəcəksən. Bu, faktiki olaraq, mənəvi terrordur. Həm də yeni başlayan terror stili deyil, uzun zamandır ki, tətbiq edilən bu taktikanın uğurlu nəticələri də var. Azadlıqdan məhrum edilən siyasi fəalların, vicdan məhbuslarının əhəmiyyətli hissəsi üzərində sınaqdan çıxarılıb. Ölkənin xüsusi xidmət orqanları siyasi dustaqların həbsxanadan sonrakı taleyi ilə bağlı böyük əməliyyat tədbirləri düşünüb həyata keçirirlər. İndiki DTX rəisi Mədət Quliyevin Penitensiar Xidmətin rəisi olduğu zamanlarda bu bu əməliyyat tədbirləri çox geniş şəkildə tətbiq edilirdi və səslənən etirafları da nəzərə alsaq (səslənməyənlərin də səsi çıxır, zatən) siyasi dustaqların sıralarından  agentura şəbəkəsinə insanların  cəlb edilməsinin yayğın hal aldığını təkzib eləmək mümkün deyil. Siyasi məhbuslar, tanınmış vicdan məhbusları həbsxanada olduqları zamanlarda onların azadlığı üçün aparılan kampaniyanın gedişində adamlar çox populyarlaşırlar və həbsxanadan da yüksək reytinqlə çıxırlar. Hakimiyyət isə kimlərisə həbsxanalara atıb orada reytinq toplayaraq azadlığa buraxmaqda maraqlı deyil. Buna görə də, siyasi dustaqların böyük əksəriyyəti mənəvi terrora məruz qoyulur, onların nə qədərinin bu terror hücumlarına sona qədər sinə gərə biləcəyini də təxmin etmək mümkün deyil. Çünki, heç də hamı İlkin Rüstəmzadə, yaxud sabiq NİDA-çı Rəşad Babayev kimi açıq bəyanatlar vermir.

Beləliklə, əldə edilən qənaət bundan  ibarətdir ki, Azərbaycanda avtoritar rejim terrorun bütün mümkün, ağlagələn variantlarını tətbiq edir ki, ölkədə vətəndaş aktivliyinin qarşısını alsın. Biz bu variantlardan bəzilərini konkret faktlarla izah etməyə çalışdıq. Bu tendensiyanın qarşısını almağın isə yolu, bütün hallarda, birdir. Siyasi motivlərlə həbslərin qarşısını almaq üçün daha böyük vətəndaş fəallığı təmin edilməlidir. Başqa təkliflər də ola bilər…
Hakimiyyətin də öz məntiqi var. Əgər azadlıqdan məhrum etmə artıq cəza növü sayılmırsa, deməli, daha sərt və daha amansız qərarlar vermək lazım gəlir.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ