SON DƏQİQƏ

PressDent.Info

İtinə toy rejimi!

İtinə toy rejimi!
3-05-2017, 17:04 12180 dəfə baxılıb

Xaliq Bahadır

 

Şirkətin icraçı direktoru danışır – həyasızcasına, əxlaqsızcasına yalanlarla: “Biz itə toy eləmirdik, Moskvadan bizə iki it göndərmişdilər, oturub yeyib-içirdik, dostlardan biri dedi: “gətirib itlərə baxaq”.
Toydan çəkiliş görüntüləri bu adamın xalqa həyasızcasına yalan danışdığını açıq göstərir: qabaqcadan ayrıca toy hazırlığı görülüb, toy elədikləri itlərə plovadək bişirtdiriblər.
Toya gələn aşıq, balabançı danışır, onlar da it toyuna çağırıldıqlarını bilmədiklərini deyirlər. Onlar da həyasızcasına, əxlaqsızcasına yalan danışırlar: çəkiliş var – aşıq itə sazla mahnı oxuyur, balabançı itə balaban çalır.
Aşıqlar birliyi “aşıq” adı daşıyan, sənəti it puluna satan o mənliksizi Birlikdən qovub – çox gözəl! O “aşıq” da, o balabançı da QUTSAL bir sənəti it puluna satdıqları üçün hər yerdən qovulmalı, hər yerdə dışlanmalıdırlar – EL qınağı olaraq!
Gəlirəm şirkətə. Azərbaycanın indiki ağır sosial-ekonomik durumunda o şirkətdə baş verənlər – itə toyetmə faktı mənəvi baxımdan qudurğanlıq, it kimi qudurmuşluq görsənişidirsə, başqa bir yandan – qanunçuluq baxımından – açıq özbaşınalıq, qanunların ayaqlanması görsənişidir. Ölkənin hər yerindəı böyük çoxluq yoxsulluq içində çırpınırkən yoxsullara yardım etmək, əl tutmaq yerinə, piy basmış bədənlərlə, yağlanmış üzlərlə plovlu-aşıqlı it toyu eləmək, məni bağışlayın, XALQI itdən də ucuz tutmaq, itdən də əskik eləməkdir!
Hamıya bəllidir: 14 ildən bəri bu ölkənin, bu dövlətin başında duran adam (İ.Əliyev) indiyədək dönə-dönə ölkəni bürüyən məmur özbaşınalığından, ən başlılcası, məmur qudurğanlığından danışıb. Üstəlik, dönə-dönə ölkəni bürüyən məmur özbaşınalığı, məmur qudurğanlığı ilə bağlı ölçü götürəcəyini bildirib.
Bu sayaq “qorxunc” çıxışlardan sonra nə baş verib? Məmur özbaşınalığı, məmur qudurğanlığı ölkədə itinə sazlı-aşıqlı toy eləmək QUDURĞANLIĞINA gəlib çıxıb!
Suç kimdədir? Çoxları çaşıb “suç prezidenti eşitməyən, itinə toy eləməyədək quduran məmurlardadır” deyə bilərlər. Ancaq, belə deyil: suç məmurlar üçün QANUNSUZLUQ, xalq üçün HÜQUQSUZLUQ axarında ölkəni gətirib aşıqlı-balabanlı, sazlı-sözlü it toyuna çıxarmış rejimdə – SİYASİ SİSTEMDƏDİR!
Bütün yurddaş hüquqlarını tapdayan, bütün seçkiləri saxtalaşdıran, bütün məhkəmələri alver yuvasına çevirən, bütün dövlət qurumlarını korrupsiyalaşdıran, oğurluğu-soyğunçuluğu, yalanı-yaltaqlığı-monopoliyanı DÖVLƏT SİYASƏTİNƏ dönüşdürən bir rejim məmur özbaşınalığından, məmur qudurğanlığından savayı nə doğura bilər? Sözsüz, bu gün bizim gördüklərimizin, ortada olanların daha yamanını, daha pisini!
Ölkənin, dövlətin başında duran kimsə (kimliyindən asılı olmayaraq) ölkəni bürüyən məmur özbaşınalığından, məmur qudurğanlığından dönə-dönə danışır, bütün bunlarla bağlı “sərt tədbirlər görəcəyini” dönə-dönə bildirir – sözdə, sonra da işdə bütün bunlarla bağlı görməzlik-bilməzlik sərgiləyirsə, onda el arasında geniş yayılmış “balıq başdan iylənib” deyimini üstələyəcək başqa nəsə ola bilərmi?!
Qabaqlar ölkədə çoxları “prezident yaxşıdır, ətrafı pis” propaqandasına inanırdı, indi belə yalanlara inanan kimsə tapmaq yox yerindədir. Qabaqlar “prezidentin bunlardan xəbəri yoxdur” yalanlarına da inanan çox indi – indi bu sayaq yalanlara da inanan yoxdur. Nədən? İ.Əliyev özü bir çox çıxışları ilə ölkədə baş verənləri yaxşı bildiyini, bununla yanaşı, ANTİXALQ yönətim sisteminə üstünlük verdiyini işdə sərgilədiyindən! Dövlətin başında duran adam neqativləri bilə-bilə aradan qaldırmağa çalışmırsa, bu, dövlətin özünün aşındırıcı rola yüklənməsi görsənişidir: istəsək də, istəməsək də…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ