SON DƏQİQƏ

PressDent.Info

Asan İTV

Asan İTV
3-05-2017, 16:51 10962 dəfə baxılıb

Rövşən Hacıbəyli

Aprel bu il özünü yaxşı aparmır. Elə bil bizdən martın heyfini alır. Bu il mart yaxşı isti keçdi. Böyük hissəsi qış olan bu ay Azərbaycana hamının qış uzunu həsrətini çəkdiyi ilıq yaz nəfəsi gətirdi…

Nə şəhərində, nə də kəndində düz-əməlli istiliyi olan bu ölkənin adamları həmişə soyuqdan əziyyət çəkir. Bu ölkənin yeraltı sərvəti olan qazı başqalarını isindirmək üçündür. O səbəbdən bu ölkədə kimi dindirsən, soyuqdan əziyyət çəkdiyini deyəcək. Yalnız hələ Azərbaycanın istisini-soyuğunu canında tam duymayan balacalar qar, qartopu haqda düşünərlər. Böyüklər üçün qartopu çoxdan xəyal qırıqlığına çevrilib. Evi isitmək, xörək hazırlamaq, isti su tapmaq başlıca qayğısıdır adamların. Bu halda qartopumu yada düşər?!

Hələ onu demirəm: oturursan soyuq evdə, barmaqların dona-dona televizorun pultunun düyməsini güclə basırsan və prezidentdən üzü aşağı ekrana çıxan başlayır sənin ölkənin, vətəndaşların qayğısız həyatından danışmağa. Hələ klipvari roliklər də fırladırlar. Ölkənin hər yanı gül-çiçəkdir, şəhər başdan-başa al-yaşıla bürünüb, adamlar qayğısız şəkildə şəhərin küçələrini dolaşır, kafe-restoranlarda adam əlindən tərpənmək olmur, üstəlik, sənin bu ölkənin şan-şöhrəti dünyaya səs salıb. Turistlərin ardı-arası kəsilmir, hamısı da Bakının gözəlliyindən danışır, Alov qüllələrindən, İçərişəhərdən intervülər verirlər. Dolmamızdan, kabablarımızdan, küftəmizdən və başqa milli xörəklərimizdən heyranlıqlarını böyük həvəslə AzTV-lərə danışırlar. Onların bu çevikliyinə, iki daşın arasında AzTV-lərin əməkdaşlarını tapmalarına heyran qalmaya bilmirsən. Bəlli olur ki, sən televizorda göstərilən ölkədə yox, hansısa qalaktikada, sivilizasiyadan kənar bir diyarda yaşayırsan. Çünki burda sən dərdini, problemini danışmağa AzTV-lərin heç bir əməkdaşını tapa bilməzsən. O turistlərə də əlin yetmir ki, bu müxbirləri tapmağın Asan yolunu öyrənəsən. Axı bu ölkədə hər şeyin Asan olduğu deyilir…

Bu yaxınlarda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına yeni üzvlər seçilib, həm də çox Asan şəkildə. Köhnələri də çox Asanlıqla yola salıblar. Onlar işlədikləri müddətdə bütün işlərini asanlıqla yola veriblər, hər şeyə göz yumublar, qanunsuz olsa da, ailə-uşaqlarını İTV-də Asanlıqla işə düzəldiblər. İctimaiyyətin olası televiziyada hakimiyyətin at oynatmasına Asanlıqla susublar, özlərini heç çətinə salmayıblar, pay aldıqlarını da asanlıqla içəri ötürüblər.

Əslində onların niyə dəyişdirilməsini heç anlamaq olmur. Vaxtilə İTV-ni asıb-kəsən Azər Həsrəti indi Yayım Şurasına üzv gətirməkdə məqsədləri nədir, görəsən? Yəni “bunu istəyirdin? Buyur, sən də ol o vaxtilə yamanladıqlarından biri”. Bu qədər bəsitmi? Demokratiyadan danışan, seçkilərdə qanunsuzluq olduğunu deyən bu üzvlərə Cəmil Quliyevi yenidən sədr seçdiriblər. Ağır dərddir. Yayım Şurası üzvlərində ürək gərəkdir ki, bu dərdə dözsün, elə Cəmil Quliyevə də. Cəmil Quliyevin alternativlərinə qarşı Yayım Şurası üzvlərinin ədalətsizliyinə xalqımız və həmin alternativlərin özləri sussa da, dünya birliyi bu ədalətsizliyə susmayacaq, ən azı Orta Asiyadan və Güney Qafqazdan səs çıxacaq…

Azər Həsrətlə işim yoxdur, o, ürəyinin səsinə çoxdandır dəqiq qulaq asır. İlham Əliyevin partiyası ilə birgə döyünən ürəyinin. Tıq… Tıq… Tıq…

…Yayım Şurasına və İTV sədrliyinə “seçkilər” də aprel ayının qismətinə düşüb. Əslində aprel buna görə tufan qoparmalıydı, sizsə onun azca qaşqabağını tökməyinə dözə bilmirsiz…

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ