SON DƏQİQƏ

PressDent.Info

Uçurulan ölkənin sakinləri

Uçurulan ölkənin sakinləri
25-04-2017, 15:52 8091 dəfə baxılıb

Yaxud, gündüz daha dəhşətli işlər görülür

Həmişəki kimi ölkəmizin gündəmi zəngindir. İntihar edən də , korrupsiya fəaliyyəti ifşa edilən də, səhv diaqnozla müalicə olunan da, ədalətsiz məhkəmə hökmüylə həbs edilən də, evi başına uçurulan da var. Hüququn qətl edildiyi ölkədə nə baş verəmlidirsə, hamısı baş verməkdədir. Yəni, ölkəmizin həyatında hər şey “qanunauyğun” şəkildədir.
Ötən gün yenə də “ənənə”yə sadiqliyin növbəti işartıları üzə çıxdı. Belə ki, Yasamal rayonunda xəbərdarlıq etmədən evləri uçurublar. Buna etiraz əlaməti olaraq sakinlər yolu bağlayıb, bu qanunsuzluğa son qoyulmasını tələb ediblər. Bu hadisə mətbuatda, sosial şəbəklərdə işıqlandırıldı və geniş müzakirəyə səbəb oldu.
Çox vaxt belə “əməliyyat”lar gecəyarı baş verir. Hətta qiymət artımlarını da birqayda olaraq gecəyarı elan edirlər. Ümumiyyətlə, “gecəyarı sökdülər”, “gecəykən qiymətləri qaldırdılar” kimi ifadələrə  çox rast gəlirik və bununla ədalətsizliyin, insafsızlığın miqyasını göstərməyə çalışırıq. Sanki, hər hansı ədalətsizliyin gecəyarı baş verməsi, bizi daha qəzəbli edir.
Amma ədalətsizlik istənilən vaxt dəhşətlidir, istənilən vaxt qeyri-insanidir. Guya, evləri gündüz söksəydilər, bu, vicdanın oyanmasından xəbər verəcəkdi?
Biz uzun illərdi pis əməlləri dozasına görə qiymətləndiririk. Əgər pis əməl 40-50 faiz təşkil edirsə, bununla razılaşırıq.Əgər ədalətsizlik bizim qapımızdan 10 metr kənarda baş verirsə, buna dözürük. Bu ölkədə “müvəqqəti narahatlığa görə üzr istəyirik”  plakatını görmək olur, amma daimi narahatlığa görə “əcəb edirik” mesajını eşidirik.
Demək istəyirəm ki,  evmizin başımıza uçurulması, qiymətlərin qalxması, təhsil haqqına görə ali məktəbdən qovulmağımız, dövlət xəstəxanalarında cibimizin son qəpiyinə qədər soyulması, ədalətsiz məhkəmə hökmlərinin qurbanına çevrilməyimiz, haqqımızın tapdanması susqunluğumuzdan doğub. Bütün bu neqativlər gecəyarı baş verməyib. Bəli, bu ölkədə seçkilərin saxtalaşdırılması, Konstitusiyanın başına oyun açılması, vəzifəli şəxslərin milyarderə çevrilməsi, təhsilin rüşvətə bulaşması, səhiyyənin xəstələnməsi, yaltaqlığın dəyərə çevrilməsi hamının gözünün qarşısında olub, gecə də, gündüz də davam edib. Bu qədər neqativlərin ölkədə rəqs eləməsindən hamının xəbəri olub və bugün da hamı xəbərdardı.
Qısası, uzun illərdi ölkəni başımıza uçururlar və günün istənilən vaxtı bu proses davam edir. Gözümüz baxa-baxa, qulağımız eşidə-eşidə ölkənin sərvətləri talan edildi. Biz bu ölkədəki bütün uçqunlara, dağıntılara şahidlik etmişik. Gündüz vaxtı ölkəmizin uçurulmasına  susduq, əvəzində gecə vaxtı evimizi də uçurdular. Gündüz vaxtı səsimizin oğurlanmasına susduq, əvəzində gecə vaxtı mülkümüzü oğurlamğa cəsarət etdilər.
Qanunların uçduğu ölkədə, bütün evlər uçulmuş kimidir.  Azadlığın olmadığı ölkədə bütün adamlar qandallıdır.
Konfutsi deyirdi ki, dövlətin xəzinəsi ədalətdir. Bizim ölkədə isə bu xəzinənin izini itirblər. Ona görə də özümüzdə güc tapıb, uçqunlar altından çıxmalıyıq. Ölkəmizin uçurulmasının qarşısını ala bilməsək, evimizin uçurulması adi hala çevriləcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ