SON DƏQİQƏ

PressDent.Info

Neft erası bitəndən sonra başlayan “qeyri-neft…” nağılı

Neft erası bitəndən sonra başlayan “qeyri-neft…” nağılı
17-04-2017, 13:41 11571 dəfə baxılıb

“Əminəm ki, müşavirədən sonra bizim qeyri-neft ixracımız artacaq” – bu sözləri İlham Əliyev Yevlaxda deyib, müşavirədə…

Aprelin 16-17-də ölkə başçısı İlham Əliyev Yevlaxda səfərdə olub. Bu səfərdə diqqət çəkən məqam İ.Əliyevin regionda – Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsini keçirməsi olub. Özü də vurğulayıb ki, bu birinci respublika müşavirəsidir.

İqtisadçılar qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı illərdir təkliflər verirdi. 14 ildir hakimiyyətdə olan İlham Əliyev də, komandası kimi, bu təklifləri ya qulaqardına alır, ya da iqtisadçılara ironik tərzdə reaksiya verirdi. İqtisadçılar əsaslandırırdılar ki, qeyri-neft sektoru neft milyardlarının sel kimi axdığı dövrdə inkişaf etdirilməlidir. Ölkəyə axan pullardan gözü bağlanan hakimiyyətsə “analoqu olmayan inkişaf“ nağılları danışırdı. Artıq, özləri də etiraf etdiyi kimi, neft erası bitib, o milyardlar ölkəyə qabaqkından çox az və aşağı templə gəlir. Prezidentliyinin 3-cü dönəminin tamamında İlham Əliyev də, ötən ildən başlayaraq, qeyri-neft sektorunu “inkişaf” etdirmək göstərişi verməyə başlayıb. İllərdir üzümlükləri kor qoyanlar indi şərabçılığa meydan verib. Ancaq gərək qabaqca xaricdən tinglər alıb bağ salsınlar; tükənən neft pulları hesabına. Ölkənin təbii sərvəti olan qazı xaricə satıb vətəndaşını soyuqdan donduran hakimiyyət indi baramaçılığa girişib. Ancaq yenə də xaricdən tinglər alıb bağ salandan, o bağ qol-budaq atandan sonra baramaçılıqda uğur qazanmaq olar. Qazı xaricə satıb ölkə əhalisini istiliksiz qoyduqları səbəbindən camaat həyətindəki tut ağaclarını çoxdan kəsib yandırıb. Qurda verməyə yarpaq yoxdur…

Pambıqçılıq dəbə minib. İki ildir rayonlarda “sosializm yarışı” başlayıb. Hər yeri əkirlər, kəndlərdə camaatın mal-qarası çıxmağa örüş qalmayıb. İndi kərə yağının kilosu 5-16 manat, ət 11-15 manatdır. Qiymətlər getdikcə artacaq. Regionların analoqsuz “sosial-iqtisadi inkişafını” gözü götürməyən region əhalisi Bakıda məskunlaşıb. Onlar ağzını açıb ət-yağ gözləyir.

Qeyri-neft sektorunun inkişafı əhaliyə bağlı məsələdir, anladığım qədər. Ancaq keyfiyyətli ərzaqsız qalan əhalinin qırılması da nəzərə alınmalıdır. Günbəgün artan xəstəliklər, vaxtsız ölümlər də bunu təsdiqləyir. Əhalisiz o inkişafın bir çürük qoz qədər dəyəri yoxdur.

Bu səfərlərin hansı inkişafa apardığı barədə bilginizin artmasında sizə bir neçə sitat yardımçı ola bilər. Beləliklə,

14 0ktyabr 2010
Prezident İlham Əliyev Mingəçevirə səfərini başa çatdıraraq Yevlax şəhərinə gəlmişdir. Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoydular. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin ətrafındakı parkı gəzdilər, Yevlax rayon İcra hakimiyyətinin başçısı Elmar Vəliyev burada aparılan abadlıq və quruculuq işləri barədə məlumat verdi. 

7 oktyabr 2012

Prezident İlham Əliyev Bərdə rayonuna səfərini başa çatdıraraq Yevlax şəhərinə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Prezident İlham Əliyevə son zamanlarda şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

10 sentyabr 2013

Prezident İlham Əliyev Yevlax şəhərinə səfərə gəlmişdir.

Dövlət başçısı əvvəlcə Yevlax şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Azərbaycan Prezidentinə parkda və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verdi. 

16 oktyabr 2017

Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Azərbaycan Prezidentinə məlumat verdi.

B elə səfərlər az olmayıb. Hər səfərlə bağlı da bu tip informasiyalar verilib. Heykəlin qarşısına gül qoyulub, dövlət başçısı heykəl ətrafında aparılan abadlıq-quruculuq işləriylə tanış olub…Yevlax İH-in saytında özləri, yarımçıq da olsa, bu informasiyalrı yerləşdiriblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 08 iyun 2004-cü ildə, 23-24 oktyabr 2007-ci ildə, 2009-cu ilin mart ayının 2-3 və noyabr ayının 19-u, 2010-cu ilin oktyabr ayının 14-ü və 2010-cu ilin noyabr ayının 10-u, 2012-ci il 7 oktyabr, 2013-cü il 10 sentyabr və 16-17 aprel 2017-ci il tarixlərində Yevlax şəhərinə səfər etmişdir.

Belə səfərlərin sonucu kimi, İlham Əliyev Bakıya qayıtdıqdan sonra, köhnə-yeni sərəncam imzalanacaq: “Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə…” büdcədən bir neçə milyon ayrılacaq. Ancaq o “sosial-iqtisadi inkişaf”dan, başqa rayonlar sayaq, yevlaxlıların da xəbəri olmayacaq. Onlar yenə də işsiz qalacaq, yenə sosial durumlarının ağırlığı altında əzab çəkəcəklər. Heykəlin ətrafında mərmərin tez-tez dəyişdirilməsi bizi, şübhəsiz, uğurlu inkişafa aparacaq…

Rövşən Hacıbəyli

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ