SON DƏQİQƏ

PressDent.Info

İ.Əliyev. Kəskin vektor dönüşü, yoxsa dirəniş sovuşdurması?

İ.Əliyev. Kəskin vektor dönüşü, yoxsa dirəniş sovuşdurması?
14-04-2017, 12:59 8874 dəfə baxılıb

Xaliq Bahadır

Rusiya teleradiosunun tanınmış aparıcısı Vladimir Solovyov aprelin 7-də Bakıda İ.Əliyevlə görüşüb. V.Solovyovun görüşlə bağlı söylədikləri, İ.Əliyevin bu görüşdə bütünlüklə antiAvropa-antiAmerka baxışları sərgiləməsi, eləcə də indiki qlobal çaxnaşma çağında bütünlüklə rusiyayanlı olduğunu açıq-açığına ortaya qoyması istər-istəməz görüşün Kremldən qaynaqlandığı düşüncəsini doğurur. Elə bil İ.Əliyev “sözünü kəsinliklə deməlisən” dirənişi qarşısında qalaraq ondan istəniləni sonadək deməli olur.
Bir neçə ay qabaq Avropa Birliyi tribunasından: “Azərbaycanda demokratik islahatların inkişafına sadiqik” deyən İ.Əliyev Solovyovun qarşısında bütünlüklə bunun tərsini deyir: “… mən bütün stereotipləri sındırmaq və bizim Avropa olmadığımızı göstərmək qərarına gəldim, prezidentlik müddəti ilə bağlı referendum keçirdim”. Solovyov burada sonadək gedir: “Mən soruşdum ki, niyə xanımınızı birinci vitse prezident təyin etmisiz?” İ.Əliyev də elə bil Avropa ilə (Batı ilə) bütünlüklə üzülüşdüyünü göstərmək üçün sonadək gedir, özü də görünməmiş kəsinliklə: “Mən bunu bilərəkdən etdim. Birincisi, bu, indiki status-kvonun möhkəmləndirilməsidir (aydınlaşdırma: Ailə hakimiyətinin daha da gücləndirilməsi, ailəiçi transferə qarantiya yaradılması. – X.B.), ikincisi, onlara (Batıya!) göstərmək istəyirdim ki, biz onlar kimi deyilik və onların istədiyi yolla getməyəcəyik”. Bu eləcə Avropadan (Batıdan) uzalqşma deyil, açıq-açığına Avropaya (Batıya) qarşı çıxmaq, ona savaş açmaq deməkdir: “bilərəkdən”, “onlara göstərmək istəyirdim”, “onların istədiyi yolla getməıyəcəyik”. İ.Əliyev uzun illər atasının kursuna bağlı qalaraq, Avropa ilə (Batı ilə) Rusiya arasında manevr etdi: Batıya üz tutanda onlara gərəkəni, Rusiyaya üz tutanda Kremlə gərəkəni dedi. İndi ortaya çıxan bütünlüklə başqa gəlişmə faktıdır.
Solovyovun İ.Əliyevlə görüş sonrası danışdıqları da istər-istəməz adamda başqa bir quşqu doğurur. Solovyov görüşlə bağlı jurnalistdən daha çox diplomat kimi danışır. Kim bilir, bəlkə, Kreml onu Bakıya hansısa diplomatik missiya ilə göndərib. Onun görüşlə bağlı danışdıqlarında çoxlu tekstaltı yerlər var. Onlardan birini olduğu kimi bura köçürürəm: “Biz Rusiya ilə tərəfdaşlıq münasibətlərindən danışanda və mən deyəndə ki, Rusiya heç vaxt Azərbaycanı satmaz, o, mənə etiraz edərək dedi: “Heç vaxt Putin satmaz”. Mən bu sözlərə etiraz edə bilmədim”. Bu, Solovyovsayağı çoxanlamlı, çoxgedişli bir danışıqdır – jurnalist danışığından daha çox diplomat danışığı! Solovyov kimdir?
II

 

Bizim bilmədiyimiz nəsə baş verməkdədir, bunu İ.Əliyevin bir arada etdiyi iki ilginc çıxışdan görmək olar: 1) “Mən inanıram ki, Putin bizi heç vaxt satmaz”. Bu tezisin arxasında satılmaq qorxusu dayanır – prezident olan kimsə boş-boşuna belə çıxışda bulunmaz. Burada söhbət xalqdan, dövlətdən deyil, ailə hakimiyətindən gedir – burası bəlli. Rusiya indiyədək çoxlarını satıb, sırada Suriya ilə Novorossiyadır, buna da az qalıb.
2) “ABŞ Azərbaycanı zəif və kasıb görmək istəyir. ABŞ- a biz zəif və kasıb lazımıq, əgər birdən varlansaq, o anda KORRUPSİYA söhbətləri başlayır, biz o dəqiqə pis oluruq”. Danılmaz Faktdır: Azərbaycanı “zəif və kasıb” salan ABŞ deyil, 24 illik bəlli KORRUPSİONER hakimiyətdir – dönə-dönə yazdığımız kimi, 24 ildən bəri KORRUPSİYANI DÖVLƏT POLİTİKASINA DÖNÜŞDÜRƏN hakimiyət!
Üç il qabaq ingilis kəşfiyatı dədə-bala Əliyevlərin 1993-2010-cu illər arasında Azərbaycandan OFŞOR zonaya 48 milyard dollar oğurluq pul çıxarmaları faktının üstünü açmışdı. ABŞ kəşfiyatı bugünlərdə başqa bir faktın – 2003-2013-cü illərdə Azərbaycandan 95 milyard dollar oğurluq pul çıxarılması faktının üstünü açdı. Sözsüz, ABŞ kəşfiyatı bu faktı birinci Trampın stolunun üstünə qoyub. Görünür, Tramp 95 milyardlıq KORRUPSİYA faktı ilə bağlı bunlara özünün sərt üzünü göstərməyə başladığından, üstəlik, “bu xınanın o xındadn olmadığı” bəlli olduğundan… qabaqlama yoluyla özünü xalqın gözündə doğrultmaq gərəyi yaranır. Başqa bir yandan Putinə sığınmaq gərəyi…
Başqa bir fakt. Tanınmayan bir şirkət son 1 ildə Azərbaycandan 1 milyard avro pul çıxarıb. Sonra da bu şirkətin 31 milyon manatlıq vergi borcu silinib. Sonuncu fakt – tanınmayan şirkətin 31 milyon manatlıq vergi borcunun silinməsi faktı – istər-istəməz o şirkəti çox böyük parlaqlıqla tanınan şirkətə çevirir: kim o boyda riskin altına girərək hər hansı şirkətin 31 milyon manatlıq borcunu sildirə, silə bilər? Axı, bu fakt dövlətin bel sütununu – Vergi sistemini! – dağıtmağa yönəlik açıq dövlət cinayətidir!
Belə çıxır, bunlar 24 il boyunca, ABŞ-ın gözünə varlı görünməsin deyə, Azərbaycanı soyub-yağmalayıblar. Belə bir strateji plan üzündən doğal resurslarla dopdolu Azərbaycanı sonunadək soyub-yağmalamaqla doğal resursları yox yerində olan Gürcüstanla “Ermənistan”dan qat-qat yoxsul ölkəyə çeviriblər. Demək, bizim faktiki düşmənimiz, bir çoxlarının düşündüyü kimi, bunlar deyil, ABŞ imiş. Sən demə, AzTV-lər buna görə gecə-gündüz ABŞ-ı söyüb-yamanlayırmışlar. Görünür, Azərbaycanı demokratiyadan Ailə diktatura-monarxiyasına da ABŞ gətirib çıxarıb. Görünür, ölkəmizdə bir Ailənin politik-ekonomik monopoliyasını yaradan da ABŞ imiş. Belədə nə etməli? Düz anladınız: hamılıqla ayağa qalxıb, KORRUPSİONER Tramp hakimiyətinə qarşı böyük, arasıkəsilməz (permanent!) mitinqlərə başlamalı! Trampın istefasını istəməklə! Mitinqləri Tramp hakimiyətdən gedənədək sürdürməklə! Haydı, Milli Şura!!!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ