SON DƏQİQƏ

PressDent.Info

Ölkədə faktiki olaraq birpartiyalı siyasi sistem mövcuddur.

Ölkədə faktiki olaraq birpartiyalı siyasi sistem mövcuddur.
22-06-2015, 10:10 8178 dəfə baxılıb

Azərbaycanda iqtisadi və siyasi tənəzzül qaçılmaz görünür. Siyasi kataklizmlərdən qaçmaq üçün yeganə yol ciddi islahatların başlanılmasıdır. Bu rakursda siyasi partiyaların reanimə olunması son dərəcə vacibdir. Ölkədə faktiki olaraq birpartiyalı siyasi sistem mövcuddur. Belə olan təqdirdə isə demokratik islahatlardan danışmaq da imkansızdır. Proporsional seçki sisteminin bərpa olunması ən optimal variant kimi qəbul edilir.

Qeyd edək ki, ölkədə 2002-ci ildə keçirilmiş referendumla ləğv edilən proporsional seçki sistemi siyasi partiyaları tamamilə sıradan çıxardı. Demokratik təşkilatların Azərbaycan iqtidarı ilə apardığı danışıqlar sırasında da məhz bu amil diqqəti cəlb edir. Əgər beynəlxalq təşkilatların təkid etdiyi proporsional seçki sistemi bərpa olunarsa, 2015-ci ildə ölkədə yeni siyasi situasiya yaradılması nəzərdə tutulur. Azərbaycan kimi demokratik ənənəsi az olan və siyasi partiyaları tam formalaşmayan ölkələrdə parlament seçkiləri zamanı yalnız majoritar sistemə üstünlük verilməsi fəsadlar törədir.

Son illərin təcrübəsi də sübut etdi ki, proporsional seçki sisteminin ləğvi siyasi münasibətləri ifrat dərəcədə ağırlaşdırır, müxalifət partiyalarını sıradan çıxarır və faktiki olaraq, ölkədə təkpartiyalı sistemin yaradılmasına xidmət edir. Müxalifətsiz parlamentin formalaşdırılması isə bir çox beynəlxalq təşkilatlara üzv olan Azərbaycan üçün ciddi problemlər yaradır. Proporsional seçki sisteminin ləğvi də müxalifət partiyalarının əhəmiyyətini azaldaraq, onları sıradan çıxarmağa hesablanmışdı. Lakin müxalifət təşkilatlarının zəiflədilməsi iqtidar daxilində intriqaların güclənməsi ilə yekunlaşdı.

Aparıcı partiyaların sıradan çıxarılması və YAP-la yanaşı, iqtidarmeylli kiçik partiyaların calağından ibarət yeni siyasi təşkilatın formalaşdırılması cəhdləri bu gün də davam etməkdədir. Eyni zamanda, bir sıra nisbətən kiçik olan müxalifət partiyalarının da vahid təşkilatda birləşməsi perspektivi kifayət yüksəkdir. İstənilən halda, siyasi müstəvinin dağıdılması, siyasi partiyaların sıradan çıxarılması hakimiyyətin əsas məqsədlərindən hesab oluna bilər. Müxalifət partiyalarının sıradan çıxarılması və yeni bir partiyanın yaradılması ssenarisi cəmiyyətdə iqtidarın təsir imkanlarının qorunub saxlanılmasına xidmət edən amil kimi də qəbul oluna bilər. Proporsional seçki sisteminin ləğvinin birpartiyalı sistemlə sonuclanacağını anlayan beynəlxalq təşkilatlar mahiyyət etibarilə bu sistemə qayıdışı əngəlləmək istiqamətində təzyiqlərini davam etdirir. Bir sözlə, iqtidara yeni islahatlar zərfini təqdim edən və bunu reallaşdırmaq üçün danışıqların vacib olduğunu vurğulayanlar Azərbaycanda yaxın gələcəkdə demokratiyanın daha çox boğula biləcəyindən ehtiyat edir. Bu, riyazi təfəkkürü olmayanlar tərəfindən anlaşılan deyil. Bu səpkili məlumatlara aqressiya, onları həzm edə bilməmək hallarının müşahidə olunmasının əsas səbəbi də məhz riyazi modeli anlamamaqdan irəli gəlir. Macəra və satira teatrının “massovka aktyorlarından” fərqli olaraq, Qərb anlayır ki, siyasi partiyaların ləğvi ona gətirib çıxarıb ki, ölkədə faktiki olaraq, klassik mənada siyasi partiya mövcud deyil. İslahat barədə nəinki fikir yürütmək, hətta düşünmək belə qadağandır. Belə bir şəraitdə isə təkpartiyalı siyasi sistem daha ağır formaya çevrilə bilər.

Bu, politoloji bir problemdir. Qərb hesab edir ki, proporsional sistemin bərpası ilə müxalifət partiyalarında canlanma yarana bilər. Hesablamalara  görə, son nəticədə bunlar demokratik inkişafa gətirib çıxarmalıdır.

Majoritar sistemin eybəcərliklərindən biri də odur ki, millət vəkilləri təsdiq edilmiş siyahı əsasında parlamentə düşürlər və bu zaman onların maliyyə imkanları da nəzərə alınır. Proporsional seçki sistemi isə həqiqi demokratiya quran ölkələrdə çoxpartiyalı sistemin oturuşmasına, güclü partiyanın formalaşmasına gətirə bilər. Amma Azərbaycanda normal cəmiyyətin mövcud olmaması bu məsələyə də skeptik yanaşmağı zəruri edir. Majoritar seçki sistemində istənilən müxalifət nümayəndəsi və yaxud ziyalının milyonlara sahib olan namizədin qarşısında məğlub olacağı ehtimalı böyükdür. Maliyyə, inzibati resurs, zorakılıq olan yerdə azad seçkidən danışmaq yersizdir. Bunun qarşısında heç bir mənəvi və siyasi dəyər davam gətirə bilmir. Lakin unutmaq olmaz ki, proporsional sistemin bərpası da hələ azad seçki demək deyil…

Baxışova Cəmilə 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ