SON DƏQİQƏ

PressDent.Info

Toyuna hazırlaşan jurnalistə toy tutanlar

Toyuna hazırlaşan jurnalistə toy tutanlar
12-08-2015, 15:58 26841 dəfə baxılıb

Jurnalist Rasim Əliyevin gənc yaşında linç edilməsi açıq səmada şimşək effekti verdi, ölkə gündəmini dərhal dəyişdi. Ən başlıcası, Azərbaycanda siyasi sistemin əsas qüsurlarını da gündəmə gətirdi. Azərbaycanda hüquqi dərəbəyliyin, imkanlı zümrəyə məxsus harınların olan-qalan dəyərlərə, azadlıqlara, insanlığa hansı ictimai təhlükəni kəsb etdiyini ortaya qoydu.

Eyni zamanda bu özbaşınalığın hakimiyyətin özünə də ciddi başağrısı və təhlükə mənbəyi olduğuna şübhə yeri saxlamadı. Görünür, hakimiyyətin bu dəfə daha operativ hərəkət eləməsi həm də sonuncu acı gerçəklikdən qaynaqlanır.

Doğru, jurnalistlər, qələm əhlinin digər nümayəndələri başqa ölkələrdə də qətlə yetirilir. Onların arasında hətta demokratik rejimli olanı var; analoji faciəvi insidentlərdən heç kim, heç bir ölkə sığortalanmayıb. Ancaq önəmlisi, belə qətllərin isti izlərlə, dövlətin, hakimiyyətin çevik iradəsi altında, heç bir qrup marağı güdmədən açılması, günahkar(lar)ın ədalətli mühakimə edilməsidir. Axı söhbət öncəliklə ölkənin adından, daha sonra hakimiyyətə inam və ictimai maraqlardan gedir.

İnsafən, Rasim Əliyevin qətlinə Azərbaycan iqtidarı ən yüksək səviyyədə reaksiya verdi, prezident İlham Əliyev cinayət işini öz şəxsi nəzarətə götürdü, isti izlərlə həbslər aparıldı və s. Bütün bunlar normaldır və hakimiyyətin beynəlxalq imic barədə də düşündüyünü göstərməklə yanaşı, ölkədə mediaya, jurnalistin həyatına hər halda dəyər verildiyinin işartısıdır. 

Ancaq istənilən hüquqi cəzanın əsas hədəfi cinayət hallarının profilaktikasıdır, başqalarına verilən dərsdir, topluma çatdırılan mesajdır. Ki, belə vəhşi əməllər bir daha təkrarlanmasın, yaxud onların sayı minimuma ensin. İş də ondadır ki, əgər il yarım öncə jurnalist Fərahim İlqaroğlunu döyənlər və həmin cinayəti sifariş edənlər də oliqarx qohumları olmasına rəğmən, layiqli cəzalarını alsaydılar, yəqin ki, 31 yaşlı Rasim Əliyev indi sağ idi və Fərahim kimi öz toyuna tədarük görürdü (Fərahim də aldığı xəsarətlərdən ölə bilərdi).

Yaxud “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətli vaxtında açılsaydı, hakimiyyət indiki kimi o zaman da cinayət işini dərhal və xüsusi nəzarətə götürsəydi, heç bir siyasi təmənna, qrup maraqları güdmədən addımlar atsaydı, ailənin yeganə tək oğul övladı olan Rasim Əliyev yenə də indi şad-xürrəm nişanlısı ilə birgə idi və şad gününə hazırlaşırdı. Kaş ki...

Gözlənildiyi kimi, gənc bir jurnalistin qəddarcasına həyatdan məhrum edilməsi beynəlxalq demokratik ictimaiyyətdə sərt reaksiya doğurdu. Artıq Avropa Şurası, Avropa Birliyi cinayəti pisləyib, günahkarların tezliklə hüquqi məsuliyyətə cəlb edilməsini tələb edib.

Azərbaycana, onun hakimiyyətinə Qərbdə, Avropada olan bəlli münasibəti nəzərə alanda Rasim Əliyevin ölümünə verilən bu reaksiyalara təəccüblənməyə dəymir. Axı, söhbət həm də təməl insan haqlarından olan mətbuat, söz-ifadə azadlıqlarından gedir.

Şəksiz ki, düşmən Ermənistan bu faktdan da Azərbaycan əleyhinə yararlanmağa, ölkəmizin imicinə zərbə vurmağa çalışacaq. O üzdən cinayət hadisəsi ilə bağlı günahkarların tezliklə öz layiqli cəzalarına çatdırılması ikiqat-üçqat əhəmiyyət daşıyır indi.

Bu xüsusda hakimiyyət üçün ölkənin nüfuzu gerçəkdən də önəmlidirsə (buna inanmaq istəyirik), o zaman məntiq diktə edir ki, gərək Rasim Əliyevin qatilləri və cinayətin sifarişçisinin cəzalandırılmasının ardınca hakimiyyət haqsız yerə tutulan jurnalistləri, siyasiləri və QHT təmsilçilərini də tezliklə azadlığa buraxsın. Dövlət nə vaxt sarsılır? Cinayət cəzasız qalanda, günahsız cəzalananda.

Əfsus ki, sarsılan tək dövlət olmur, ailələr, nişanlılar da sarsılır, məhv olur...

Zahid SƏFƏROĞLU

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ