SON DƏQİQƏ

PressDent.Info

Xoşbəxtliklə bədbəxtliyin nisbəti…

Xoşbəxtliklə bədbəxtliyin nisbəti…
1-04-2017, 12:56 10701 dəfə baxılıb

Səadət Cahangir

Yaxın günlərdə Almaniya hökumətinin təqaüdçülərin müavinətlərini artırmaq qərarı ilə bağlı maraqlı bir nüans diqqətimi çəkdi. Qərara görə qərb əyalətlərində yaşayanların təqaüdləri 1,9%, şərq əyalətlərində yaşayanlarınkı isə 3,59% artırılacaq. Bizdə belə ayrı-seçkilik olsa, qan düşməzmi? Amma işin əsli başqadır demə, yeni ştatlarda yaşayan təqaüdçülərin müavinətinin təxminən iki dəfə çox artırılması səbəbsiz deyil. Məqsəd qərbi və şərqi Almaniyada verilən təqaüdlər arasındakı fərqi zamanla aradan qaldırmaqdır. İndiyə kimi şərqi Almaniya təqaüdçüləri qərbdəkilərdən xeyli az müavinət alıblar. O üzdən, 2012-ci ildən bu yana federal hökumət şərq əyalətlərindəki təqaüdçülərin müavinətini yaxşılaşdırmaq üçün davamlı artım tədbirləri görür.

Bizdə, şükür Allaha ki, bərabərlik prinsipi hələm-hələm pozulmur. Pozulsa belə, insanların durumu yalnız bədbəxtlik dərəcəsinə görə dəyişə bilər. Şəhərləri, qəsəbələri, rayonları və kəndləri fərqləndirən də elə bu meyardır. Məsələn, ölkənin ən bəxtəvər nöqtəsi paytaxt Bakı hesab edilə bilər. Çünki burda işığı, qazı, suyu başqa şəhərlərə nisbətən daha az kəsirlər. Yəni bizdə ay ərzində qazları 2-3 dəfə kəsirlərsə, bu rəqəm Sumqayıtda 5-6 dəfə, Gəncədə 6-7 dəfə, Tovuzda 7-8 dəfə nisbətində dəyişə bilər. Bəzi bölgələrdə heç o da yoxdur, adamlar odunun, təzəyin, kömürün ümidinə zülmlə keçinib gedirlər.

Xülasə, bədbəxt millətik. Evinin qapısından keçən neft kəmərinə, qaz borusuna isinə bilməyən, burnunun ucuna dirənən dənizinin, çayının naz-nemətinə həsrət qalan, ölkəsinin xəzinəsinə axan milyardlardan qəpik üzü görməyən zavallı millət. Haqqına sahib çıxmağı bacarmayan,
payını oğruya-əyriyə qapdıran fərsiz millət. Tanrı bu sərvətləri sənin yaşadığın məmləkətə niyə göndərmişdi ki? Bu haqda düşündünmü heç? Tanrı, sənin övladın məktəbə ayaqyalın gedərkən, o bəxşişi Pakistanda qızlar litseyi açmaq üçünmü göndərmişdi? Yoxsa Budapeştdə uşaq bağçası və ibtidai məktəbi tikmək üçünmü? Bəlkə Bosniyada tibb mərkəzi inşa etmək üçün? Bəlkə Romanın Kapitoli Muzeyinin bərpa işləri üçün? Bəlkə Fransadakı “Bizim ledi” kilsəsinin, Luvr muzeyinin, Notre- Dame kilsəsinin, Saint Paterne kilsəsinin təmiri üçün? Bəlkə Versal Sarayının “sənət əsərləri”nin bərpa olunması üçün?
Avropalıları xoşbəxt edən meyar nədir, gördünüz. Almanları xoşbəxt edən meyarın ədalət tərəzisinin gözündə olduğunu da gördünüz. O ədalət tərəzisinin şərqlə qərbi iki gözünə qoyub bərabərləşdirmək prinsipi əsasında çalışdığını da gördünüz. İndi iş özümüzə tərəf dönüb, öz tərəzimizi doğru qurmamıza qalır. Xoşbəxtlik nisbətində şərqlə qərbi ayıran əsas fərq ədalət tərəzisində və əsas da, onun kimin əlində olmasındadır. Bizim xoşbəxtliyimizi təyin edən tərəzi əyri əllərdə olduğuna görə, on illərdir çəkimiz artmır ki, artmır. Dünyanın xoşbəxt ölkələri sırasında ən aşağı pillələrdə düşüb qalmaqdayıq. Bu nisbəti dəyişməyin, çəkini və dəyəri artırmağın bir yolu var: o tərəzi əl dəyişməlidir. Bunu da özünüzdən başqa kimsə etməyəcək. Nə qədər çətin olsa belə. Xoşbəxtlik hədəflərinə çatmağın da bəlli bir hesabı var, şübhəsiz.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ