SON DƏQİQƏ

PressDent.Info

Tarixçi Dilavər Əzimliyə, ona yoldaş hüquqçulara, siyasətçilərə!

Tarixçi Dilavər Əzimliyə, ona yoldaş hüquqçulara, siyasətçilərə!
14-03-2017, 17:43 13833 dəfə baxılıb

Xaliq Bahadır

Türkiyə prezidenti Ərdoğan bugünlər daha bir şou düzəltdi. Harada? Avropanın ortasında – Hollandiyada. Bu hansı yolla, necə olur olsun başqanlıq sisteminə keçmək üçün düzənlənən Ərdoğan şoularından biri idi. Bunu Feysbukda yazdım, bəyənənlər çox oldu. Qısa, yığcam frazalarla Ərdoğan politikasının gizlinlərinə aydınlıq gətirməyə çalışmışam. Bir daha vurğulamaq gərəkir: yazdıqlarımı bəyənənlər çox oldu. Qarşı çıxanlar, statuslarımı bəyəınməyənlər də oldu. Yazdıqlarından göründüyü kimi, onlar baş verənlərin incəliyinə varmağı bacarmayanlardır. Bunu Türkiyəli qardaşlar demiş, boş vermək olar. Ancaq hansısa hüquqçu, tarixçi, siyasət adamı oxşar baxış-yanaşma sərgiləyəndə, üstəlik, kəskin suçlamalara əl atanda durum dəyişir, topluma gerçəyi bildirmək-göstərmək gərəyi yaranır.
Tarixçi Dilavər Əzimli daha dərinə getdiyindən onun yazdıqlarını polemika obyektinə çevirməyi gərəkli sayıram. Bəri başdan bildirmək gərəkir: istər Ərdoğanın Türkiyədə yürütdüyü çoxillik politikalara, istərsə də bugünlər Hollandiyada baş verənlərə ən düzgünü demokratiya-hüquq prizmasından yanaşmaq olardı. Biz burada sösügedənlərin faktlara demokratiya-hüquq prizmasından deyil, bütünlüklə başqa, daha çox da tərs prizmadan yanaşdıqlarını görürük. D.Əzimli indiki statusunda belə bir ortaq düşüncədən çıxış edir.
Qabaqca qısaca olaraq Hollandiyada baş verənlərlə bağlı. Türkiyədə “Yeni Osmanlı” qurmaq çağırışlarında bulunan, ölkəni açıq-açığına demokratiya yolundan diktatura yoluna yönəldən Ərdoğan Başqanlıq sisteminə keçmək üçün referendum keçirmək istəyir. Referenduma HAYIR deyənnlərin sayı durmadan artır. Referenduma HAYIR deyən jurnalistlər işdən qovulur, başqaları sıxışdırılır. Ərdoğan özü HAYIR deyənləri PKK ilə, Türkiyə düşmənləri ilə bir olmaqda suçlayır. Bu isə prezidentlik görəvi ilə bir araya sığmayan açıq hüquq pozuntusudur.
2009-cu ildə Türkiyə seçkiləri ilə bağlı ölkədən qıraqda seçki kampaniyasını yasaqlayan Ərdoğan indi, özünə gərəkən bütün çağlarda etdiyi kimi, qanunu pozmaqla Avropada (indilikdə Hollandiyada) baxanları işə qoşmaqla seçki kampaniyası keçirmək istəyir. Bu, bir dövlətin başqa dövlətdə keçirmək istədiyi siyasi aksiyadır. Demokratik Hollandiya hökuməti öz qanunlarından çıxış edərək antidemokratik aksiyanın qarşısını alır. Bunu hansı qanunçu dövlət etməzdi? Biz Hollandiya hökumətinin düz etdiyini yazırıq. Tarixçi D.Əzimli bizi antiTürkiyə gücləri ilə birgəlikdə suçlayaraq yazır: “Siz Ərdoğana nifrət edə bilərsiniz, amma bu sizə haqq vermir ki, Türkiyəni təhqir edəsiniz:” Bu, açıq-aydın populizm, araqarışdırıcılıqdır. “Türkiyə Ərdoğan deyilidir” deyən D.Əzimli Azərbaycanda rejimyanlıların etdiyi kimi, Ərdoğana qarşı çıxmağı Türkiyəyə qarşı çıxmaqla bir tutur. Biz Ərdoğana, Ərdoğanın yürütdüyü antiTürkiyə politikalarına qarşı çıxırıqsa, nə üçün D.Əzimli bunu “Türkiyəni təhqir etmək” kimi dəyərləndirir? Cavab onun özünün tezislərindədir. Baxın: “Türkiyə PKK terrorçularını sıxışdırıb məhv edir. Bəyəm bu pisdir?” Yenə populizm, ancaq faktlara üz tutaq. 15 illik hakimiyəti boyunca PKK ilə bağrıbadaş olan Ərdoğan hakimiyəti deyildimi? Ərdoğan hakimiyəti dönəmində PKK Türkiyəı dağlarında bazalar yaradırkən, adamlarını dövlət qurumlarına yerləşdirirkən (Fətullah Gülənlə birlikdə) Ərdoğan nə edirdi? Ərdoğan onlarla üstüörtülü alış-veriş edirdi! D.Əzimli çox sevdiyi Ərdoğan kimi şantaja əl ataraq bizi (Ərdoğan politikalarına qarşı çıxanları) görün necə suçlayır: “… bu xətt PKK terrorçularını dəstəkləməkdir”. Şair demiş: “Könüldən könülə yollar görünür”.
Diktatura – güclü əl basqısı altındakı Azərbaycanda yaşayan D.Əzimli əliyevçi yönətim sisteminə keçmək istəyən Ərdoğanla bağlı yazır: “Bu gün Türkiyədə güclü ələ ehtiyac vardır. O da baş verəcəkdir. Amma Türkiyədə kimsə demokratiyanı məhv edə bilməz. Orada Türkə məxsus demokratiya olacaqdır”. Bu da sizə belə bir “tarixçi alim”! Azərbaycanda da bir çağlar D.Əzimli düşüncəsində olanlar “dəmir əl” istəyirdilər. Onların istədiyi “dəmir əl” gəldi, hamını – bütün ölkəni! – özünün PROKRUSt yatağına düzdü! Beləliklə, ölkədə bir ailənin hakimiyəti quruldu. İndi bütün ölkə bir ailənin HÜQUQSUZ köləsi, buyruq qulu yerindədir!
Ərdoğan Türkiyədə Türkiyə gerçəkliyinə uyğun olaraq Əliyevlərin Azərbaycanda yürütdükləri politikaları yürütməkdədir: yavaş-yavaş ailə hakimiyəti qurur; yavaş-yavaş demokratiyadan diktaturaya keçid edir; yavaş-yavaş hakimiyət rıçaqlarını bir əldə – öz əlində toplayır. Bütün diktatura rejimlərində, bütün oğru-korrupsioner rejimlərdə olduğu kimi, Ərdoğan rejimi də basın özgürlüyünə düşməndir: bu gün Türkiyədə 146 jurnalist dustaq edilib! Ərdoğan yalançı “Ergenekon”, “Balyoz”, “Fetoçu” suçlamaları ilə Türkiyə Ordusunu, gizli-açıq Türkiyə Polisini darmadağın etdi. Ən başlıcası, Ərdoğan Türkiyədə Atatürkçü düşüncə sistemini yox etməyə yönəlik dağıdıcı politikalar yürütdü, yürütməkdədir. Bununla bağlı Ərdoğanın arvadı görün nə deyir: “Biz Türkiyədə 90 illik enkazı qaldırdıq”. “Enkaz” Əminənin ərəb dilindədir, Türkcə uçuntu, dağıntı deməkdir. Onlar Türkiyə üçün böyük ideoloji qalxan roliunu oynayan Atatürkçü düşüncə sisteminə “uçuntu”, “dağıntı” olaraq baxırlar. Görünür, tarixçi D.Əzimlini onlarla yaxınlaşdırıb-doğmalaşdıran faktorlardan biri də budur. Ərdoğan deyir: ”Biz Türkiyədə milliyətçiliyi ayaqlar altına alan bir iqtidarız”. Görəsən, buna Əzimli nə deyir?
Əzimli sonda üzünü bizə tutub deyir: “Hollandiyanı az müdafiə edin! Düzü, adam xəcalət çəkir!” Nədən “xəcalət” çəkirsən? Bizim Hollandiyanı “müdafiə” etməyimizdən, eləmi? İstər-stəməz demək gərəkir: yazdıqlarının çoxu kimi sənin bu “xəcalətin” də yalançılıqdır, saxtakarlıqdır! Feysbuk yoldaşlarımızdan olan Rafail Mahmudbəyli Ərdoğanla bağlı çox düzgün olaraq yazır: “O, təkcə diktator deyil, onun min üzü var və dəfələrlə onu göstərib”. Bununla bağlı çoxlu fakt göstərmək olar, ancaq indilikdə İsmayıl Yöntəmdən bir alıntı ilə yetərlənirəm. O, Ərdoğanla bağlı olduqca acı bir gerçəyi dilə gətirir: ”Bütün qonşulara savaş açdı, yendiyi tək ordu bizimki”. Çox acı bir gerçəklik! Türkiyə Ordusunu, Türkiyə Polisini demoralizasiya edən Ərdoğan bildirir: “15 min imam hatip yetişdirmişəm, 5 min də yetişdirib PKK-nın kökünü kəsəcəm”. Bəlli olduğu kimi, indiyədək PKK ilə savaşda bircə imam hatipin belə burnu da qanamayıb, qurban gedən yenə Orduda, Polisdə qulluq edənlərdir. Güclü, ən yeni döyüş texnikası ilə donatılan PKK-nın “kökünü imam hatiplərlə kəsəcəm” söyləməsi Ərdoğanın daha bir yalanı, eləcə də xalqı əl salması deyil, nədir?
Böyük Atatürk deyirdi: “Cəhalət yenilməsi gərəkən ən böyük düşməndir”. Ərdoğan Türkiyədə çoxdan cəhaləti dövlət politikasına dönüşdürüb. Atatürk: “Dinlə məzhəb heç bir zaman politika aləti olaraq qullanılmaz” deyirdi. Ərdoğan başlanğıcdan dinlə məzhəbdən politika aləti olaraq qullanmaqdadır. Ərdoğan bunu dönə-dönə deyib: “Biz dindar, kindar nəsil yetişdirirk” Bu nə deməkdir? Bu, Türkiyəni sonunadək iç savaşlara soxmaq deməkdir! “Biz Türkiyəni imam hatiplər ölkəsinə çevirəcəyik” deyən Ərdoğan Türkiyəni durmadan cəhalət bataqlığına sürükləməkdədir. Ərdoğanın özünə danışman etdiyi qızı Süməyya deyir: “Türkiyənin umudu imam hatiplərədir” Bu Süməyya özü Amerika liseyində oxuyub, İndiana universitetini (ABŞ) bitirib. Sonra da Ərdoğan meydanlara, televiziyalara çıxıb xalqı aldatmaq üçün Batını söyüb-yamanlayır.
Yeri gəlmişkən, sözügedən statusunda D.Əzimli də Batını (onun dilində “Qərbi”) söyüb-yamanlayır. Bilirsizmi bu adam oğlunu harda oxudur? Batıda-Avropada (Fransa). Baxın, onun Batını-Avropanı söyüb-yamanlaması ərdoğancasına ikiüzlülük, saxtakarlıq deyilmi?!
Bizim Hollandiyanı “müdafiə” etməyimizdən “xəcalət” çəkən adam “Ərdoğan Türkiyəni çox güclü dövlətə çevirdiyi üçün Avropa Türkiyəni sevmir” deyir. Bu da yalandır, bu da saxtakarlıqdır. Bu gün bütün müsəlman dünyasından, o sıradan, “Güclü Ərdoğan Türkiyəsindən” minlərlə adam qaçıb Avropaya, ən çox da o balaca Hollandiyaya sığınmağa çalışır. Hollandiyada hər bir qaçqına ayda 1000 avro (min avro!) pul verilir. Azərbaycan, Türkiyə kimi yaranışından varlı ölkələrdə əliyevçi-ərdoğançı rejim cinayətləri üzündən dilənçi kökündə yaşayan adamlar qaçıb gedəndən sonra Avropada – Hollandiyada bu dünyanın cənnətini yaşayırlar. Avropada, ayrıca olaraq Hollandiyada “dəmir əl” yoxdur, insan qulluğunda duran, insana ideal yaşayış ortamı yaradan DƏMİR QANUNLAR var. Belə bir parlaq gerçəyi görüb-anlamayan kimsələrə yazıqlar olsun!
Böyük Türk yazarı Əziz Nesin deyirdi: “Dünyada ən kirli alver din alverçiliyidir: yatırımı yalan, alıcısı cahillikdir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ