SON DƏQİQƏ

PressDent.Info

“Qeyri-şəffaf”ın “şəffaflıq”da nə işi vardı ki…

“Qeyri-şəffaf”ın “şəffaflıq”da nə işi vardı ki…
11-03-2017, 16:33 12963 dəfə baxılıb

Son günlərin ən səs-küylü müzakirələri “Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü Koalisiyası”nın adıyla bağlıdır.  Belə ki, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) Beynəlxalq İdarə Heyətinin Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən 36-cı toplantısında Azərbaycanın məsələsi müzakirə olunurdu. Uzun müzakirələrdən sonra Azərbaycanın bu beynəlxalq koalisiyada fəaliyyəti dayandırıldı. Koalisiyanın Beynəlxalq İdarə Heyəti belə nəticəyə gəldi ki, Azərbaycan hökuməti islahatlar həyata keçirmir. Ardınca da Azərbaycan hökuməti bu qərar etiraz olaraq MHŞT-dən ümumiyyətlə çıxdığını elan etdi.

Bəli, hökumətimiz müalicəyə müsbət reaksiya verməyib, şıltaqlıqlarından əl çəkməyib və buna görə də “gedin müalicənizi başqa yerdə davam etdirin” cavabı alıb.  14 il səbr etdilər, dözdülər, ümidlə yaşadılar. Amma Azərbaycan hökuməti ”biz islah olmayacağıq” cavabını verdi. Yəni, ümidləri tamam öldürdülər.

Əslində, “öz yolu” olan, dünyaya “yeni model” təklif edən bir hökumətin “Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü” adlı koalisiyaya qoşulması ziddiyyətli görünürdü. Adında “şəffaflıq” sözü olan qurumda təmsil olunmaq analoqsuz hökumətin xarizmasını zədələyirdi. Avtoritar rejimlər arasında nüfuz sahibi olan bir komanda gərək əvvəldən bu “tələ”yə düşməyəydi. Adında “şəffaflıq” sözü olan koalisiyada bizim hökumət öz potensialını nümayiş etdirə bilməz. Bir qurumun ki, “islahat aparın” kimi tələbi var, o qurumu “ermənipərəst” adlandırmaq lazımdır. Əgər bu qurumun adı “Mədən Hasilatında Qeyri-Şəffaflıq Təşəbbüsü Koalisiyası” olsaydı, tamam başqa mənzərənin şahidi olardıq. Bizim qeyri-şəfafflıq üzrə peşəkar kadlarımız həmin Koalisiyada performans göstərərdilər.  Yoxsa ki, insan haqlarına hörmət, repressiyaların durdurulması, vətəndaş cəmiyyətinə münbit şərait yaradılması kimi “qeyri-ixtisas fənləri”ndən dərs keçirlər. Bəli, bizim əzəmətli hökumətimz bu fənlər üzrə ixtisaslaşmayıb. Təsəvvür edirik ki,  14 il ərzində adında “şəffaflıq” sözü olan qurumda necə əzab çəkiblər.

Bizim hökumətdən şəffaflıq tələb etmək onun müstəqilliyini təhdid etməyə bərabərdir. Hökumətimiz də bu haqsızlığa etiraz əlaməti olaraq bəyanat verib. Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov deyib ki, biz MHŞT-ni rəsmi şəkildə tərk edirik. “Bizim fəaliyyətimizi dayandırdılar” deyə bilməyib, “biz fəaliyyətimizi dayandırdıq” kimi təqdim edib. Ortaq məxrəcə gəlsək “onsuz da bu qurumdan ayrılacaqdıq” bəyanatı veriblər.

Müxtəsər, adında “şəffaflıq”sözü olan bir qurumun üzvüydük, həmin qurumda da “pis ad” çıxardıq. Ümumiyyətlə, “demokratiya”, “azadlıq”, “şəffaflıq” sözü bizim hökumətə uğur gətirmir.  Ona görə də belə işlərə yaxın getmirlər, düşər-düşməzi olur.

Belə məqamda hökumətə nə arzulamaq olar? Axır şəffaflığınız olsun!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ