SON DƏQİQƏ

PressDent.Info

Atəşkəs müharibəsi

Atəşkəs müharibəsi
6-03-2017, 18:11 21228 dəfə baxılıb

Yaxud, “cavab atəşi” boyda uğur

İlham Hüseyn

Qürurumuzun soyqırımı davam edir. Həm hüquqsuzluğun, ədalətsizliyin, saxtakarlığın ölkəmizi işğal etməsindən, həm də 20 faiz torpağımızın düşmən tapdağında olmasından əziyyət çəkirik. Hər iki işğal utancvericidir, faciəvidir, dəhşətlidir.

Son günlər ikinci işğalın alovu yenə də şölələnib. Döyüş cəbhəsində atəşkəs yenidən pozulub, düşmən cavab atəşiylə susdurulub və itkilərimiz var. Açığı, hər dəfə düşmən atəşkəsi pozanda hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsindən çox olduğuna görə utanıram. Çünki bütün parametrlər üzrə düşməndən üstün olduğumuz halda məğlubiyyətə keşik çəkməyimiz insanı yandırır.

Əslində, hər dəfə atəşkəsi biz pozmalıyıq, hər dəfə düşməni cavab atəşi açmağa biz məcbur etməliyik. Amma hər dəfə müşahidə edirik ki, düşmən atəşkəsi pozub, biz isə bu atəşin sayına uyğun cavab atəşi açmışıq. Sanki, 20 faiz torpağı işğal edilən Azərbaycan deyil, Ermənistandır. Bəli, ermənilər aprel döyüşlərində itirdikləri 800 hektar ərazinin qisasını almaq istəyirlər, bizim hökumətimiz isə düşmənin xahişi ilə döyüşü dayandırıb. Üstəlik, Ermənistana atalıq edən Rusiyadan ədalətli qərar gözləyirlər.

Beləliklə, zəfərə doğru gedən bir orduya “dur” əmri verildi, 100-dən artıq hərbçimiz şəhid oldu və 10 aydır ki, mənasız danışıqlar seriyası davam etdirilir. Yəni, apreldəki “dur” əmri məğlubiyyətin yaşının artmasına xidmət etdi.

İndi yenidən müharibə sadaları eşidilir. Təmas xəttində qızğın döyüşlər başlayıb və yenə də düşmən cavab atəşiylə susdurulub deyirlər. Biz 25 ildir ki, “cavab atəşi”nin təsəllisiylə yaşayırıq.

Məsələ bundadır ki, “biz sülhü təmin etmişik” deyənlər, 1 gün də atəşin kəsliməsinə nail olmayıblar. Bəli, rəsmən atəşkəs rejimi olsa da, hər gün 70, 90, 100 dəfə atəşkəsin pozulması barədə xəbər verirlər və bir də ayılırıq ki, atəşkəs dövründə minlərlə əsgərimiz şəhid olub. Daha bunun harası atəşkəs oldu, belə olan halda hansı sülh danışıqlarından söhbət gedə bilər?

Göründüyü kimi, bunların “atəşkəs rejimi” də saxtadır, heç bir müqaviləyə əməl edilmir. Nə müharibə etməyə hünərləri, nə də atəşkəsi təmin etməyə qətiyyətləri var. Bu qədər danışıqlardan sonra 1 gün güllə səsinin kəsilməsinə nail ola bilməyənlər, torpağı necə geri qaytaracaq? 25 illik “rozborka”dan sonra “atəşkəs rejimi” oyuncağa çevrilibsə, hansı qüdrətli kəlam düşməni Qarabağdan imtina etdirə bilər? Nə vaxta qədər düşmənin atəşkəsi pozmasını saymaqla məşğul olacağıq?

Əgər müharibə başlayırsa, elan edilsin, hamı silaha sarılsın. Yox, əgər Ermənistan tərəfinin xahişiylə döyüş yenə dayandırılacaqsa, kasıb-kusubun balasını oyunlara alət etmək xəyanətdir. Şəxsən mən bilirəm ki, bu rejimin dövründə Qarabağ azad edilməyəcək. Sülh danışıqları sonsuza qədər davam edəcək, atəşkəs hər gün pozulacaq və ölkədə vəziyyət pisləşəndə süni müharibə ab-havası yaradılacaq.

Düşməni cavab atəşiylə susdurmaq yox, düşmənə atəş açmağa imkan verməmək lazımdır. Həm torpaqlarımızı işğal ediblər, həm də hər gün atəşkəsi pozaraq bizə meydan oxuyurlar. Acından öldüyünü iddia etdiyimiz düşmən əsgərimizi öldürmək üçün israr edir.

Faktiki olaraq atəşkəs müharibəsi gedir. Analoqsuz hökumətin atəşkəs müqaviləsi də analoqsuzdur. Bəli, sülh danışıqları sədaları altında güllələr rəqs eləyir. Yenə də 3-4 günlük gərginlikdən sonra “danışıqların potensialı tükənməyib”, “düşmən layiqli cavabını aldı” təbliğatını eşidəcəyik. Yenə də Cocuq-Mərcanlıyla, cavab atəşləriylə kifayətlənməli olacağıq.

Allah Azərbaycan əsgərini qorusun. Allah bizi bu utancdan, qürurumuzun alçaldılmasından xilas etsin. Tezliklə, düşmənə zəfər atəşi açmaq qismətimiz olsun.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ