SON DƏQİQƏ

PressDent.Info

“Demokratiya ən yaxşı intiqamdır”sa…

“Demokratiya ən yaxşı intiqamdır”sa…
6-03-2017, 18:08 17487 dəfə baxılıb

Səadət Cahangir

Müsəlman dünyasında ilk qadın baş nazir olan Benəzir Butto deyirdi ki, “demokratiya ən yaxşı intiqamdır.” Bunu o şəxs deyirdi ki, həyatı boyunca demokratiyanın həm şirin, həm acı meyvələrini dadmış, amma prinsiplərindən bir addım da geri çəkilməmişdi. Pakistana rəhbərliyi dövründə hərbi diktatorluqdan demokratiyaya keçid üçün əlindən gələni edən Butto iki dəfə baş nazir seçilmişdi. 90-cı illərdə isə korrupsiya qalmaqalında ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Əslində, onu yaxşı tanıyanlar bilirdi ki, Butto bilərəkdən bu ittihamlara əsas verən bir addım da atmayıb. Amma demokratiya və ədalət hakim olan yerdə bəzən “intiqam” da ağır olur. Baş nazir olsan belə, bilərəkdən və ya bilməyərəkdən etdiyin səhvin hesabını ödəməli olursan. Bu qalmaqaldan sonra bir müddət ölkə xaricində yaşayan Butto ideallarında heç sapmadan ölkəsində demokratiya və qanunçuluq prinsiplərini təbliğ etdi. Daha sonra da hədələrə baxmayaraq, ölkəsinə qayıtdı. Tərəfdarlarını toplayaraq, yenidən fəal siyasət meydanına atılan Butto 2007-ci ildə bir su-qəsdin qurbanı oldu.

Buttonun faciəsi onda idi ki, məlum korrupsiya qalmaqalına onun ailəsinin adı qarışmışdı. İndi Azərbaycanın birinci xanımının vitse-prezidentlik təyinatına kənardan tez-tez səslənən “etik deyil” fikrinə də insanlar bu prizmadan yanaşır. Hələ ən azı etik deyil! Əslində, bu mövzuda Amerika açmağa ehtiyac da yox. Dünyanın bütün normal ölkələrində yaxın qohumluq əlaqəsi olan insanların eyni kabinetdə, idarədə, şöbədə işləməsi qeyri-etik sayılır. Bir çox ölkələrdə bu qanunla qadağan edilir. Özümün də illərcə işlədiyim nəhəng şirkətlərdən təcrübəm var. Bu şirkətlər işə götürülən hər kəsə “Etik davranış kodeksi” imzaladaraq, onları məlum qadağadan xəbərdar edirlər. Siyasətə gəlincə…Onlarla misal gətirmək olar. Yaxın günlərdə Fransada prezidentliyə ən şanslı namizəd sayılan François Fillonun başı da elə bu “etik davranış qaydaları”nın pozulmasından dərdə girib. Fillon həyat yoldaşı və uşaqlarına saxta işlər üçün pul ödədiyi iddiaları əsasında hakimə ifadə verəcək. İddiaya görə onun 1998-2012-ci illər arasında Parlamentdə yardımçısı olaraq çalışan həyat yoldaşı Penelope Fillona 831 min avro ödənib. Köhnə baş nazirin 2005-2007-ci illər arasında da hələ tələbə olan iki övladını vəkili olaraq işə götürdüyü və onlara 84 min avro ödəniş verildiyi iddia edilib. Bu iddialardan sonra namizədin reytinqi kəskin şəkildə aşağı düşüb və iki əsas rəqibinin gerisində qalıb…

Amma ortada yaxşı nümunələr də var. Məsələn, Almaniyadan. Çoxunuz bilirsiniz, Almaniyanın yeni prezidenti Frank Valter Steinmeierin Berlində hakim işləyən xanımı seçkidən sonra işindən ayrılmaq qərarı verdi. O, əri prezident olunca, məhkəmənin sərbəstliyi və tərəfsizliyi prinsiplərinə zərər vurmamaq üçün bunu etdiyini açıqladı. Şərhə ehtiyac varmı? Demokratik və anti-demokratik sistemlərin müqayisəsinə özünüz baxın. Birincidə insanların böyük xəyallarını gerçəkləşdirmək arzusu daha çətin görünə bilər. Orda istedad, bacarıq, çalışqanlıq, dürüstlük daha dəyərli sayıldığına görə. Ancaq ən böyük üstünlük nədir, bilirsinizmi? Ən böyük üstünlük orda hakim olan azadlıq və demokratiya prinsipləridir ki, o prinsiplər 3-5 adamın deyil, milyonların xəyallarını gerçəkləşdirməsinə yol açır. Bu sistem daha gözəl, daha etik və daha əxlaqi deyilmi? “Demokratiya ən yaxşı intiqamdır”sa, nədən biz də hər kəs üçün onun “intiqamı”nı istəməyək?

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ