SON DƏQİQƏ

PressDent.Info

Qarışqaların dislokasiyası

Qarışqaların dislokasiyası
8-02-2017, 17:20 19749 dəfə baxılıb

O`Kamil

FB-da bir paylaşmaya rast gəldim. Bir dəstə ağçaqqal TV-yə müsahibə verir: “Dünyanın hər yerində aclıq, səfalət hökm sürür, amma ölkəmiz günü-gündən inkişaf edir, indi minimum əmək haqqı da 11 manat artdı…”. Düz deyirlər, bunu əqli-səlim sahibi olan hər kəs görür: səhər Günəşin doğuşuna, axşam batışına baxın. Əgər Günəşin Azərbaycanın üzərinə doğarkən duyduğu sevinci, batarkən çəkdiyi iztirabı görmürsünüszə, problem özünüzdədir. Bir ölkədə insanların xoşbəxt olub-olmamasını itlərin quyruğunun hərəkətindən, pişiklərin miyoltusundan, quşların cəh-cəhindən bilmək olar. Səhərin gözü açılmamış bülbüldü, qaratoyuqdu, torağaydı —  səs-səsə verib şən nəğmələr ötürlər. Məmləkət xoşbəxt olmasa, onun quşu oxumaz. Bülbülü cəh-cəh vurmaq istəyəndə qəhər boğar. Fikir verin, onlar bir dənə də minor mahnı oxumurlar. Hamısı majordu. İçində diskomfort olan quş belənçik nəğmələr oxuya bilərmi?

Budu xoşbaxtlıq! Bütün bunları görən şair yerində rahat dura bilərmi? Qəlb başlayır çırpınmağa, tasalanmağa, beyin hecaları hesablayır, rədifləri seçir, assonans, dissonans, alliterasiya daxılına baş vurur, əl gedib həyətdəki qazların birindən lələk çıxarır və onu qəlbinin qanına batırıb yazmağa.

Və sinəyə sığmayan qürur başlayır misraların arasında dazımağa

Bu cür şeirlərdən biri sosial şəbəkələrdə yayılıb. “Qərb informasiyası” adlı məxəz “Gəncəyə bəzək vurursan” adlı şedevr çap edib. Əsər Gəncənin icra başçısına həsr edilib:

Xalqımın mərd oğulları,
Yollanıb Gəncəyə sarı,
Qurub yaradır diyarı
Biri də Vəliyev Elmardı.

Bu bənddən bir neçə mühüm nəticə çıxarmaq olar: əvvəla, ölkənin inkişafı üzrə Yol Xəritəsində mərd oğulların hərəkət trayektoriyası məhz Gəncə istiqamətindədir. İkincisi, qurub-yaradanlardan məhz biri “Vəliyev Elmardı». Yəni yaxşı icra başçısı olmaq ölkədə şakərə çevrilib, maniya halını alıb. Məşədi İbad demiş, bir növ adətkərdə olublar. Buna şair qəlbi tab gətirər? Lələyi dartıb (qazın qışqırıqlarına rəğmən), qoparıb və yazıb. Şeirin davamına baxaq:

Sakral “bir”

Binaları bir-bir tikdirir,
Hər yerə asfalt tökdürür,
Bağları da genişlədir,
Sayını çoxaldıb əkdirir…

Açığı, əvvəlcə Elmar bəyə hiddətləndim. Binaları niyə bir-bir tikdirir axı? Olmazmı, bir ucdan partapartla sıralasınlar. Amma sonradan yadıma düşdü ki, xalqımız arasında bir sıra rəqəmlərin mistik gücünə inam var. Məsələn, 3. Alov qüllələrinin 3 dili var, baş nazirin 3 soyadı var… Mahnılarımızda 3-ə xüsusi yer verilir: “Bu gün ayın 3-üdü, de gülüm nanay, nay na ninay…” Və ya “Meyvələrdən üç meyvə var, Üçü də, balam, yeməli…” və s. Ya da götürək 21-i. İki devalvasiya oldu, ikisi də ayın 21-də. 1 rəqəmi də elənçik. Bakı merinin dillər əzbəri olan aforizmi var: “Ölkədə BİR kişi olar”. Və ya kübar davranışı ilə dillər əzbəri olan T.Əhmədovun “Əə, BİR-BİR…” müraciətini götürək. Başqa bir misal: “Bu məbləğin çox olduğunu dedikdə, Natiq Alıyev (4-cü Baş İdarənin əməkdaşı) mənə dedi:  “Nazir Eldar Mahmudov deyib ki, BİR yerə BİR dəfə girib, BİRdəfəlik götürmək lazımdır, nazirliyin adı var. Ona görə 500 min manatı hazırla” dedi”. Yəni səhvimi iqrar edirəm, binaların bir-bir tikilməsində əsla qəbahət yoxdur.

Qarışqaların dislokasiyası

Amma Elmar müəllimin “hər yerə asfalt tökməsi” doğru addım deyil. Əvvəla, bu, Azərbaycanın qarışqa hüquqları ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalara ziddir. İkincisi, “Sərbəst toplaşmaq haqqında” AR qanununa ziddir. Üçüncüsü, bu addım  qarışqaların bir iqtisadi rayondan digər iqtisadi rayona keçməsinə səbəb olur. Halbuki «Azərbaycan 2020: gələcəyə baxış» konsepsiyasında aydınca deyilir ki, qarışqalar iqtisadi rayonlar üzrə ədalətlə bölünməlidir. O qarışqalar sabah Goranboyda, Daşkəsəndə, Şəmkirdə peyda olacaq, kartofu yeyəcək, üzümü, gilası yeyəcək, mürəbbəyə daraşacaq… Dördüncüsü, sabah üz-üzə gəlsələr, Elmar müəllim o qarışqaların gözünün içinə baxa biləcəkmi?

Triumf nəğmələri

Mən milli qürur hissi sinəsinə sığmayan şairi də başa düşürəm, onun bu şeiri yazanda heç bir məkrli niyyəti olmadığına da inanıram. Amma fikrimcə, belə şeirlər aradan qaldırılması mümkün olmayan fəsadlar verə bilər. Fikrimi əsaslandırım. Qədim Romada hökmdar parad zamanı dörd ağ at qoşulmuş qızıl arabasına əyləşib minlərlə cüt gözün həsədli baxışları altında məbədə doğru yollananda prosessiyada iştirak edən bir qrup şəxs onu rüsvay eləyən nəğmələr oxuyardılar. Buna triumf nəğmələri deyərdilər. Məsələn, Yuli Sezarın triumf törənində belə oxuyurlarmış:

«Ey şəhər əhli, arvadlarınızı qoruyun, bu keçəlbaş zinakardır… və s.

Məqsəd sərkərdəni həsədlə ona baxan on minlərlə gözün şərindən qorumaq idi. Məncə, bu janrı dirçəltmək lazımdı. İcra başçılarına da mədhiyyə yox, triumf nəğmələri qoşmaq lazımdı. Məsələn, icra başçısı və ya mer şəhərə çıxanda:
«Ey şəhər əhli, pullarınızı qoruyun, bu yekəqarın pulgirdir… və s.  şeirlər səsləndirmək olar.

Yoxsa tərif, tərif… Nə çoxdu bədnəzər. Bir də gördün göz dəydi, ağzı əyildi. Əyildi və düzəlmədi. Sonra deməyin ki, demədim…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ