SON DƏQİQƏ

PressDent.Info

Bunca əzilmək və əyilmək qədərinizmi?

Bunca əzilmək və əyilmək qədərinizmi?
8-02-2017, 17:19 17922 dəfə baxılıb

Səadət Cahangir

Kimsə yaşadığı ağır həyatın qədər olduğunu düşünürsə, yanılır. Kimsə başına gələnlərin taleyin zərbəsi olduğuna qərar verirsə, yanılır. Kimsə yaşadığı çətinlikləri, əzab və məhrumiyyətləri alın yazısı  kimi qəbul edirsə, yanılır. Kimsə çəkdiyi ağrı-acıları fələyin qarğışı hesab edirsə, yanılır. Kimsə düşdüyü zor durumdan çıxa bilməyəcəyi fikrindədirsə, yenə də yanılır. Amma nə yazıq ki, bu məmləkətdə yanılan yanılana. Nə yazıq ki, intihar intihara, boğulan boğulana, yıxılan yıxılana, əzilən əzilənə, sınan sınana. Kim deyir yoxsulluğa, ehtiyaca, sıxıntıya bağladığın taleyini dəyişə bilməzsən? Kim deyir çırpışdırılan, oğurlanan, mənimsənilən haqqını geri almağa gücün çatmaz?  Sənin əl əməyindən, göz nurundan, can ağrından, göz yaşından yaranan milyardları kim halal etdi axı bir ovuc siçovul sürüsünə? Kim toxunulmaz, dəyişməz, ölməz, əbədi elan etdi bunca ah-nalə üzərində qurulan cah-calal sahiblərini? Niyə belə müti, yazıq, çarəsiz, zavallı günlərə düşdün, ölkəmin gözəl insanları? Daha hara qədər dayanacaqsan, hara qədər dözəcəksən, hara qədər sürünəcəksən, hara qədər?..

Bir savaş hekayəsi var, çox ibrətamiz. İnsan öz qədərini dəyişə bilməzmi? İndi biləcəksiniz… General Nobugara öz güclərinin düşməndən qat-qat zəif olmasına baxmadan hücum qərarı almışdı. Özü zəfərdən əmin olduğu halda əsgərləri şübhə içində idi. Yol üzərindəki bir müqəddəs məbədin qarşısında dayandılar. General: “Bir müddət məbədə çəkilib dua edəcəyəm, sonra da püşk atacağam. Yazı gələrsə, qazanacağıq, dövrə gələrsə, itirəcəyik anlamına gəlir. Artıq qədərin əlləri arasındayıq”-deyib məbədə girdi. Bir müddət dua edən Nobugara çölə çıxdı və əlinə bir pul alıb havaya atdı. Yazı gəlmişdi. Əsgərlərin əhvalı düzəldi. Döyüşçülər qazanacaqlarına inanaraq, bütün gücləriylə döyüşə girdilər və qısa müddət içində düşməni məğlub etdilər. Zəfərdən sonra yavəri generalın yanına gəlib həyəcanla: “Demək ki, kimsə qədəri dəyişdirə bilməzmiş, buna bir daha əmin oldum” söylədi. General isə sadəcə əlində tutduğu hiyləli saxta pulu göstərərək, “kim bilir?” deməklə kifayətləndi…

Qədərə inanmazmıyam? İnanaram, əlbət. Amma Tanrı bizi bir kukla, bir oyuncaq, bir robot olaraq da yaratmadı. Tanrı bizə nəfəsi, ağlı, düşüncəni, hiss və duyğuları da əbəs yerə vermədi. Bir daş parçasından, bir odundan, bir dəmir qırıntısından fərqimiz yoxmu, yəni bizim? Düşünüb-daşınmağı, baxıb ayırmağı, fərqləndirib qiymətləndirməyi, seçib dəyişməyi kimsə öyrətməlidirmi, yəni bizə? Tanrı nədən bizi hür yaratdı ki, o zaman? Boyun əymək, qulluqçuluq etmək, yarınmaq, əyilmək üçün yaratmadı ki. Nədən öz taleyinə sahib çıxmırsan, Azərbaycan insanı? Niyə həyatını sarmış zülmdən, ağrı-acıdan, yoxsulluqdan, ehtiyacdan qurtulmaq istəmirsən? Bunca həqarəti, aşağılanmağı, tapdanmağı, əzilməyi nədən sinənə çəkirsən? Niyə dirəniş göstərib, bu ölkəyə hüquq və ədalətin gəlməsini tələb etmirsən? Bu boğanaq, dumanlı, qüssəli həyatın ardınca hara sürükləyirsən özünü? Bu acı taleyi, ədalətsiz düzəni, nizamsız qaydaları dəyişə bilərsən, Azərbaycan insanı. Bu əyri-üyrü düzən səni hər gün bir az da girdabın dibinə çəkib aparır, biləsən. Doğrudanmı, bu girdabdan xilas olmaq istəmirsən?

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ