SON DƏQİQƏ

PressDent.Info

Niyə məhz patriot liberallar?

Niyə məhz patriot liberallar?
16-08-2015, 21:46 34503 dəfə baxılıb

 

 

Qədim yunanlar deyirdi ki, Allahlar insanları cəzalandırmaq istəyəndə başqa bir şey etmirlər, sadəcə, onların ağlını əllərindən alırlar…

 

Bəlkə də bu sözlər indi Rusiyaya heç vaxt olmadığı kimi yaraşır – bu ölkədə siyasət və ictimaiyyət adamlarının, siyasətşünasların və ictimaiyyətşünasların nədən və necə mübahisə etdiyinə diqqət yetirəndə bir daha buna əmin olursan… Ölkə böhran keçirir, insanlar bunu etiraf etsə də, etməsə də belədir.

Amma böhran həm də insanlar arasındakı münasibətlərdə, onların düşüncə və inam tərzində müşahidə olunur…

 

Son vaxtlar mən rusiyalı yazarların yazdıqlarını ciddi şəkildə oxuyur və özüm üçün araşdırıram. Bir də görürsən ki, biri yazır ki, bizə liberllar, amma adi liberallar deyil, patriot liberallar lazımdır. Mən bu diskursun üstündə ona görə dayanıram ki, oxşar fkirlər həm də keçmiş sovet məkanında da səslənir…

 

Heç nəyi tam şəkildə götürməmək, onu bütöv qəbul etməmək, hisslərə ayrımaq və ən lazımlı hissələri tullamaq, lazımsız hissələri qəbul etmək və bu proses bitəndən sonra demək ki, bax, gördünüzmü, bu model bizim gerçəklik üçün deyil, bizə yaramır…

 

İndi Rusiyada patriot liberallar ifadəsi altında nəyi başa düşürlər? Bəli, rusların hamısı da olmasa, onların əhəmiyyətli hissəsi anlayır ki, ölkəyə liberal dəyərlər, liberal insanlar lazımıdır. Ona görə ki, bu dəyərlər olmadan, fərdi maraq və təşəbbüs olmadan, fərdi dəyərlərə önəm verilmədən ölkə iqtisadiyyatı ölü nöqtədən tərpənməyəcək, çünki yeni sosial-iqtisadi gerçəklik və yeni modellər yeni insan tələb edir…

 

Bunu siyasi konyunktura kimi qəbul etməyin və deməyin ki, bunlar da “yeni insanlar istehsal etməkdən” dəm vururlar… Yox, belə deyil. Amma insan amili çox mühüm faktordur…

Nədən Rusiyada və ona yaxın ölkələrdə proses alınmadı? Ona görə ki, insanlara yeni dövrün üstünlüklərini yaşamağa, özlərini həqiqətən də azad hiss etməyə imkan verilmədi…

Bir az əvvəldə yarımçıq proseslərdən bəhs etdim və dedim ki, bəzi modellərin cövhərini tullayıb onun lüzumsuz, daha doğrusu, özləri üçün təhlükəsiz hissələrini qəbul edirlər və bir az sonra isə deyirlər ki, yox, bu da yaramadı və guya bir daha “sübut olundu” ki, Qərb modelləri bizim üçün deyil…

 

Amma əslində bizi idarə edənlər bilərəkdən hər şeyi korlayırlar, həmin “yararsız” modellər ilk növbədə onlar üçün yararlı deyil. Ona görə ki, onlar bu ölkələri fərqli modellərlə idarə edirlər…

 

Onların modelində şəxsiyyətə istinad edilmir, azadlıqlar nəzərdə tutulmur və etatizm guya ki, hər şeyi fövqünə qaldırılır. Amma sonucu – etatizm də əslində bir görüntüdür, reallıqda isə hakimiyyət və onun maraqları hər şeydən üstün tutulur…

 

İndi Rusiyada da hətta orta statistik mütəxəssislər belə başa düşür ki, liberallar lazımdır. Amma onlar elə bir liberallar istəyirlər ki, bu adamlar patriotizmi lap İ.Stalinin anladığı kimi anlamış olsunlar…

 

Elə liberallar olsun ki, Putin – Medvedev tandeminin qəbul etsinlər. Bəli, elə liberallar olsun ki, “dəmir Feliksin şinelindən çıxmış” V.Putinin ölkədə yaratdığı eybəcər siyasi sistemi qəbul etsinlər. Elə liberallar olsun ki, Krımın işğalını, Ukraynanın şərqindəki prosesləri alqışlasınlar və hamı kimi onlar da “Rusiya böyükdür!” deyəndə gözləri yaşarmış olsun…

 

Amma bu, mümkünmü? Bunu təsəvvür etmək olarmı? Bəlkə də V.Putinin öz təfəkküründə tutduğu ideologiyada hər şeyə yer var, amma liberalizmdə bu, heç təsəvvür də olunmur…

Rusiya böhrandan necə çıxa bilər? Bunun üçün o, liberal dünyanın qaydalarını qəbul etməli və başa düşməlidir ki, nüvə silahı onun üzərinə yalnız məsuliyyət və bir də məsuliyyət qoyur. Ölkə daxilində azad şəxsiyyətə istinad edən model seçilməli və insanlara yeni qaydaların üstünlüklərini duymağa, özlərini həqiqətən azad hiss etməyə imkan verməlidirlər…

Bunlarsız, heç nə mümkün deyil. Siyasətçilərin də səhvləri bumeranqa bənzəyir, amma bircə fərqlə ki, bu bumeranq qayıdıb siyasətçidən daha çox cəmiyyətə dəyir…

 

Ona görə də Putinə və keçmiş sovetlərin bəzi padşahlarına nə var ki?.. Onların düşüncəsinə görə cəmiyyət bu adamlara qeyri-məhdud səlahiyyət və müddət verməlidirlər ki, bu adamlar necə idarə etməyi öyrənsinlər…

 

Amma “təzə” velosiped kəşf etməyə nə lüzum? Onsuz da hər şey məlum və bəllidir. Belə bir söz var ki, ağıllı adamlar başqalarının da səhvlərindən öyrənə bilirlər… Amma bizimkilər öz səhvlərini belə götür-qoy etməyə tənbəllik edirlər. Bizi isə az qala “təcrübə dovşanları”nın yerinə qoyrular – min “dovşan” olmasın və ya lap min “dovşan” acından ölsün, evsiz-eşiksiz qalsın, bununla dünya dağılacaqmı? Bəli, onlar belə düşünür…

 

Hüseynbala SƏLİMOV

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ