SON DƏQİQƏ

PressDent.Info

Ölümün yaşı yoxdur, o hər zaman erkəndir

Ölümün yaşı yoxdur, o hər zaman erkəndir
2-02-2017, 16:15 24099 dəfə baxılıb

Altunay Hacıbəyli

 

Ölüm nədir? Düşünürəm ki, ölməklə hər şey bitə bilməz, ölərək də yaşamaq mümkündür. Məsələn, insanların, özü də tək səni tanıyanların deyil, illər, bəlkə də yüz illər sonra doğulmuşlar, üzünü belə xəyal etmədiyin insanların qəlbində və yaddaşında yaşayaraq. Bu xoşbəxtliyə çatmaq üçün, məşhur olmağa da gərək yoxdur; etdiyin yaxşılıq, gördüyün bir iş də buna səbəb ola bilər.
Əsl məqsəd insanlara göstərilən kömək və xidmətdən ibarətdirsə, anılmaq üçün bunun hansı sahədə olması fərq etmir. Önəmlisi bunu bacara bilməkdir, həqiqi mənada bacara bilmək, yəni ürəkdən istəyərək. Təbii ki, bu, sıradan bir insanın xatırlanmaq haqqının olmaması anlamına gəlmir, dünyadan köçən hər bir insanın özünəməxsus, əvəzsiz yeri var. Lakin, yaradıcı – tarixdə iz qoymuş bir insanın itkisinin daha təsirli olduğunu söyləsəm, yəqin ki, yanılmaram. Bilmirəm, bəlkə də mənə elə gəlir, amma nədənsə həmin insanlarda çox zaman qısaömürlülük müşahidə olunmaqdadır. Bəlkə də düşüncələrində dərin olmaları ölümü tezləşdirməyə kömək edir. Əks halda, yazaraq oxucunu duyğulandıra bilmək, bununla yanaşı hadisələrin sanki gözlərinin önündə baş verdiyinə inandıraraq təsvir etmək mümkünsüz olar. Fərq tək bunda deyil, onların həyata, dünyaya baxışları da fərqlidir. Həmin insanlara dərin, çox dərin insanlar da deyərdim.
Bu gün onlardan biri haqqında danışacağam. Onunla tanışlığımız təxminən bir il əvvələ gedib çıxır. Bu tanışlıq yazıçının məşhur əsərindən (“Tutunamayanlar”) seçilmiş bir cümləylə – əsərdə xəyali obraz olaraq canlandırıb, Olric adı verdiyi xarakterlə olan dialoqdan başlamışdı. Tam olaraq xatırlamasam da, cümlənin yaratdığı təəssürat məndə əsərlə bərabər yazıçını tanımaq marağını doğurdu. Bir cümləyə sığdırdığı sözlərin gücü o zamana kimi tanımadığım bir insanın böyüklüyünün utancını yaşatdı. Yəqin ki, söhbətin kimdən getdiyini anladınız. Bəli, o, Oğuz Ataydır – Türk dünyası ədəbiyyatının öndə gələn simalarından.
Tutunmaq – bu haqda bir yazımda qeyd etmişdim. Bu mövzudan insanın yaşamı üçün, bəzən əlacsızcasına, bəzən də ürəkdən istəyərək getdiyi yol və tutduğu mövqe kimi başa düşərək danışıram. Düşünürəm ki, bütün bunlara insanın daxilindəki səsi də qərar verə, tutunduğu hər şey ondakı gizli keyfiyyətləri – yaradıcılıq kimi xüsusi istedadı da önə çıxara bilər. Və yaxud istedadın insanı buna təhrik edərək, bütün diqqəti və marağını bu istiqamətə kökləyib, həmin sahədə uğur qazanmasına yol açar. Yəni istedadın insanın yolunu göstərməsində köməkliyi çox böyükdür – haqqında bəhs etdiyim Oğuz Atay kimi. Yazıçı, kiminin kitablara, kiminin şərqilərə, ancaq insanın insana tutunmadığından ürək ağrısıyla söz açaraq, bəlkə də bilmədən, bu sözləri öz hisslərinə və həyatına dayanaraq dilə gətirib. Gözlərindəki dərinlik, hüzn və tərkidünyalıq həyatına və əsərlərinə də yansıyıb…
Haqqındakı məlumatlara əsasən, bir neçə ali təhsil ocağını bitirib, dünyanın tanınmış yazıçılarının əsərlərilə yetişib. Təhsil aldığı Texniki universitetdə tanış olduğu bir xanımla ailə həyatı qurub, bu izdivacdan bir qızları doğulub. Cütlük bir müddət sonra ayrılmağa qərar verib, boşandıqdan sonra yazıçı kitablarda sığınacaq tapıb. İlk dəfə “Tutunamayanlar” əsərini qələmə alaraq, uğurlarının davamını gətirib. Müxtəlif mövzularda yazdığı əsərlərilə qısa zamanda məşhurlaşa bilib. Kitablara tutunan insanın sonuncu arzusu “Türkiyənin Ruhu” əsərini yazmaq olsa da, ölümü bu arzusunu gerçəkləştirmək şansını əlindən alıb. Başında yaranan şiş səbəbilə 43 yaşında həyata əbədi olaraq gözlərini yuman yazıçıdan geriyə, Özge adında bir qızı, “Tutunamayanlar”, “Təhlükeli Oyunlar”, “Bir Bilim Adamının Romanı”, “Korkuyu Beklerken”, “Oyunlarla yaşayanlar”, “Günlük, Eylembilim” – adlı əsərləri və onu hər zaman sevgiylə xatırlayan oxucuları qalmaqdadır. Özünün də dediyi kimi; ” Ne ölmek nefessiz kalmaktır, ne de yaşamak nefes almaktır”. Çünki, ölüm sevgini öldürə bilməz, həqiqi sevgini qazanmış insan üçün…
Ölümün yaraşmadığı insanlardandır Oğuz Atay – Kitablarla nəfəs alan, tutunmayan qəlblərdə yaşayan və unudulmayan…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ