SON DƏQİQƏ

PressDent.Info

Orxan Kərimov öldü

Orxan Kərimov öldü
21-07-2015, 12:46 27526 dəfə baxılıb

Ölümdən–xəyanət pis,

Ölümdən–rəzalət pis!

Bəzən necə gözəlsən,

Ölüm, sən ey səadət!

Əli Kərim

 

Dünən Orxan Kərimovun vəfatını eşidəndə xeyli sarsıldım. Onu dərin savadına, gözəl xasiyyətinə və təvazökarlığına görə hamımız çox istəyirdik. Orxanın yaşadığı qısa ömrü iki yerə bölmək olar. Təhsil nazirliyində işlədiyi dövr və ondan əvvəlki dövr. Azərbaycan cəmiyyəti onu daha çox şair Əli Kərimin oğlu və iqtisadçı ekspert kimi tanıyırdı. Orxanın mütaliyəsi çox geniş idi. İqtisadiyyatla yanaşı ədəbiyyatı və tarixi də gözəl bilirdi. Ancaq onu kimsə yolundan çıxarıb Təhsil nazirliyinə işə düzəltdi. Bu o vaxtlar idi ki, mən artıq oradan getmişdim. O isə gəlmişdi.

Onun gəldiyi iş yeri Kafkanın “Qəsr”inə bənzəyirdi. Orxanı qınamaq da olmazdı. Bilik və bacarığını təhsilə vermək istəyirdi. Ancaq nəhəng bürokratik maşın onun istəklərinin qarşısına çəpər çəkdi. Bəlkə də Orxan elə başa düşürdü ki, onun gəldiyi iş yerində biliyə qiymət verilir, insanların özünü gerçəkləşdirməsinə şərait yaradılır. Absurda daxil olduğunu sonradan başa düşmüşdü. Bürokratik aparat istedadlı bir dostumuzun həyatının yönümünü dəyişdi. Orxanın varlığının mənası olan azadlığı əlindən alındı. Və o, adi iş icraçısına çevrildi. Sonra onu “Qəsr”də həbs etdilər. Orxana qədər Təhsil nazirliyinin tarixində işçinin nazirliyin binasında həbs olunması halı baş verməmişdi. Ancaq Əli Kərimin oğlunu həbs etdilər. Onun işi əsrin əvvəllərində Fransada baş vermiş məşhur “Dreyfusun işinə” bənzəyirdi. Dreyfusun işini Fransanın tanınmış yazıçıları qaydaya saldılar. Orxanın işində isə bizim yazıçılar onun həbsindən sonra işə qarışdılar. Ona qurulan məhkəmələrin bir neçəsinə getmişdim. Səhətinin pis olmasına baxmayaraq emosional şəkildə günahsızlığını sübuta yetirməyə can atırdı. Ona elə gəlirdi ki, məhkəmə onun dəlillərini nəzərə alacaq. Ancaq hakimlər ona heç qulaq da asmırdılar. Məhkəmələr davam etdikcə səhəti get-gedə pisləşirdi. Bir neçə məhkəmədən sonra o, artıq iniltili səsi ilə günahsız olduğunu sübut etməyə çalışırdı. Ancaq nə faydası, ona iş kəsdilər. Henrix Heyne demişkən, “Qəfəs qartal axtarmağa çıxmışdı”.

Bir müddət məhbəs həyatı sürdükdən sonra ölkə başçısı onu əfv etdi. Prezidentin bu humanist addımı onu bir qədər ruhlandırmışdı. Orxan ağır ürək əməlliyatları keçirməsinə baxmayaraq işləmək istəyirdi. Ona görə işləmək istəyirdi ki, biliyi istifadə olunsun. Ancaq işləyə bilmədi. Artıq qıc olmuş zaman qarşısında aciz hala düşmüş və özünü itirmişdi.

Orxan, atası Əli Kərim kimi cavan dünyasını dəyişdi. Məncə burada genetik faktorları axtarmaq absurddur. Onlar zəmanənin şəhidləridir.

Böyük şairimiz Əli Kərim kiçik şeir parçasında xəyanəti və rəzaləti ölümdən pis tərənnüm edir. Orxanın ölümü bu şeirin fizikasıdır.

Səndən daha çox yaza bilərdim, əziz dostum. Ancaq atanın 4 misralıq şeirindən sonra bundan artıq yazmaq mənə çətindir.

Alah sənə rəhmət eləsin, əziz dostumuz.

 

Etibar ƏLİYEV

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ