SON DƏQİQƏ

PressDent.Info

“Nardaran işi”nin qəhrəmanı kimdi?

“Nardaran işi”nin qəhrəmanı kimdi?
30-01-2017, 15:28 23316 dəfə baxılıb

Natiq Güləhmədoğlu

“Nardaran işi”nin birinci və əsas hissəsi yekunlaşdı. Nəticədə hamıya aydın oldu ki, Azərbaycan hökuməti heç nədən öz vətəndaşını rahatlıqla öldürə, heç bir qanuni əsas olmadan onu uzun müddətə türməyə yollaya bilər.

Nə idi bu il yarım çəkən qanlı-qadalı prosesin amalı?

Məqsəd 6 vətəndaşımızın ölümünə, çox sayda insanın ağır işgəncələrdən sonra şərlənərək zindana atılmasına bais olmaqla, cəmiyyətdə əzazil obrazı yaratmaq idisə, hakimiyyəti təbrik etmək olar, məqsədinə çatdı.

Ancaq bu proses qanunları bərqərar etmək, cəmiyyətdə sahman yaratmaq, dövlətin imicini düşünmək üçün idisə, onda tam tərsi, vay halına bu işi planlayanların da, icra edənlərin də.  Əminliklə yazmaq olar ki, bu gün təkcə qondarma məhkəmə hökmünə imza atılmadı. Bu gün “Nardaran əməliyyatı”nı edənlər həm də özlərinə qarşı cild-cild ittihamnaməni imzaladılar. Bu gün olmasa da, sabah ədalətli bir hüquq sistemi bu cinayət işini, ittihamı vərəqləyəcək və əsl cinayətkarın cəzalanmasına nail olacaq. Heç kim heç yerdə gizlənə bilməyəcək. Bütün adlar şükür ki, vərəqlərə, qəzetlərə, saytlara – tarixə əks olunub. Sabah üçün “mənim heç bi işdən xəbərin yox idi” demək şansı heç kimə buraxılmayıb. Sadə bir sual o ehtimalı darmadağın edəcək. Deyəcəklər, “necə xəbərin olmaya bilər, sən filan nömrəli istintaq işində, hökmdə filan-filan sözləri deyib imzalamısan axı”.

nardaran-mehkemesi-resm

***

“Nardaran” qətilyamının ilk günlərində kimlərinsə ürəyində “bəlkə doğrudan da nəsə olub” şübhəsi vardısa, kimlərsə səmimi olaraq Tale Bağırzadə və tərfdarlarının ölkədə dövlət çevirilişi etməyə, dini dövlət qurmağa həfədləndiyini düşünürdüsə, onlar da aradan qalxdı. Məhkəmə prosesini, şahidlərin, təqsidirləndilənlərin çıxışlarını izləyən hər kəs bildi ki, ortada heç nə yoxdu. Bu gün cəza alanlardan heç biri nəinki ən yüngül cinayəti edib, heç ona kövrək cəhd də göstərməyib. Əksinə, onlara qarşı dövlət səviyyəsində zorakılıq edilib. Konstitusiyada əksini tapan ən fundamental azadlıqları tapdalanıb.

Bəli, indi düşünmə qabiliyyəti olan hər kəs bir daha və amansız formada öyrəndi ki, ölkə qəddar, öz kürsüsünü manyakcasına sevənlərin tabeliyindədir. Bu adamlar üçün insan haqları, hüquq, demokratiya heç bir məna kəsb eləmir. Onların həyat və amalları ancaq bir şeyə hesablanıb. Daha çox vəzifədə qalmaq, daha çox xalqı talamaq. Dövlətin hörməti aradan gedir, cəhənnəmə getsin. Vətəndaşlarda yurd sevgisi olur, olsun, olmur lap dünəndən olmasın.

***

ali-karimli-fuad-qahramanli

“Nardaran” prosesində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının bu işə cəlb olunması da üzərində dayanılası məqamdır. Bir çox opportunistlər, populistlər Tale Bağırzadəni dindar olduğuna görə müdafiə etməkdən boyun qaçırsa da, cənab Qəhrəmanlı faktoru onların yalançılığın o dəqiqə üzə çıxarırdı. Axı Fuad Qəhrəmanlı yeniyetməlik vaxtından ölkədə demokratiya uğurunda mübarizəyə qoşulan, fəaliyyətində daima qanunu, demokratiyanı əsas tutan biridir. Onun çıxışlarında, fəaliyyətində heç zaman dini əsaslı dövlət qurmaqla bağlı aşkar, yaxud eyhamlı nəsə olmayıb. Buna baxmayraq ötən prosesdə biz “dövlətçiliyin keşikçiləri”nin dilindən Fuad Qəhrəmanlı ilə bağlı bir kəlmə də eşidə bilmədik. Onlar möhtəkirliklə susdular. Danışanda da “mən dünyəvi dövlətdən yanayam”, deyib çərənçilik elədilər.

Məhkəmə prosesi zamanı Tale Bağırzadə dəfələrlə dedi ki, ondan Milli Şura və onun rəhbərliyi barədə ifadələr almaq üçün işgənclərə tuş gəlib, eləcə də şirnikləndirici vədlərə. Bu lap məkrli niyyət idi. Çünki hakimiyyət uzun müddətdir, beynəlxalq aləmə, dünyaya sübut etmək istəyir ki, onun alternativi yoxdur, Əlyev rejiminə qarşı dayananlar “radikal, terroçu, başıpozuq” dəstələrdir. Lakin plan yüz faizli alınmadı. Doğrudur AXCP sədrinin müavini Fuad Qəhrəmanlını həsb edə bildilər. Ancaq nə onu sübut etdilər ki, “İran ölkəmizdə agentləri vasitəsi ilə çeviriliş hazırlayırmış” (bir çoxları ağzı köpüklənə-köpüklənə “Tale Bağırzadə İran agentidir” desə də, nə ittiham aktına, nə məhkəmə hökmünə bu kimi şeylər düşməyib), nə də Milli Şuranın dindarlar vasitəsi ilə hansısa qanunsuz bir addım atdığını. Xeyli adamın öz prinsiplərinə xilaf çıxıb susmasına baxmayaraq, bu “Nardaran işi” Milli Şuranı daha da mötəbər etdi. Uzun-uzun araşdırmalar Milli Şura əleyhinə heç bir dəlil ortaya qoya bilmədi. Onları hətta uydurmaq belə müşkülə döndü. Əvəzində bilindi ki, Milli Şura zalım və qəddar bir hökumətin hədəfinə çevirilibsə, demək, bu struktur xalq üçün can yandırandı. Yalan və talan hakimiyyəti Milli Şuranı yox etmək, onun fəaliyyətinə son qoymaq istəyirsə, demək bizim hamımızın mənafeyinə bu qurumun daha da güclənməsi uyğundur.

***

Nəhayət, bu proses zamanı xalqın dilində yaxşı mənada düşən kimlər oldu? Terrorçu, cinayətkar adı vermək istədikləri Tale Bağırzadə, Fuad Qəhrəmanlı, Abbas Hüseyn və o biriləri… Dövlət dövlət olsaydı, Azərbaycan qanun ölkəsi olsaydı, tam tərsin görərdik. Mühakimə olunanlar kütləvi antipatiya, mühakimə edənlər isə  simpatiya subkeykləri sayılardılar. Elə təkcə bu fakt özü bəs edir ki, məşhur misranı təkrar edək: müsibət oluruq biz, səhv düşəndə yerimiz.

Müsibətlərimizə son qoymaq arzusu ilə.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ