SON DƏQİQƏ

PressDent.Info

İlham Əjdahadan yox, Turxan Qarışqadan qorxuram!

İlham Əjdahadan yox, Turxan Qarışqadan qorxuram!
11-12-2013, 18:22 31171 dəfə baxılıb

Ilham Əliyevin ölkə xaricində yaşayan kürəkəni Emin Ağalarov hər dəfə Azərbaycana övladlarının görüşünə gələndə, yaltaq saytlar, qəzetlər “şad xəbər”i müxtəlif başlıqlarla yaymaq üçün yarışa girirlər. Nə etsinlər, onların da çörəyi əsasən elə “möcüzəli xəbər”lərdən çıxır: “Emin Ağalarov oğlanları ilə futbol oynadı”, “Ilham Əliyev nəvələrinə ataları ilə görüşməyə icazə verdi”, “Emin Ağalarov oğlanlarını balıq ovuna apardı” və s. 

Yeri gəlmişkən, Emin Ağalarov nə NIDA-nın üzvüdür, nə də heç vaxt ölkədəki etiraz aksiyalarında iştirak etməyib. Əcəba, bəs nədən o da vicdan məhbusları kimi övladlarının üzünə həsrət qalıb? Belə müəmmalı cəzaların sirrini bilməsəm də, amma hər gəlişində övladlarını əyləndirməyə çalışan E.Ağalarovun niyə balacaları bir dəfə də olsun “Bakı Zooloji Parkı”na aparmamağının səbəbini bilmək elə də çətin deyil: bir-iki günlüyə övladlarının görüşünə gələn ata bilir ki, balacalar onsuz da hər gün ayılar, canavarlar, tülkülər, kenqurular, begemotlar, zürafələr, ilanlar, əqrəblər, dəvələr, balinalar... görürlər, ona görə görüş vaxtını “böyük heyvanxana içində balaca heyvanxana” ilə tanışlığa həsr etmir. Bəli, artıq Azərbaycanda elə əcaib, yırtıcı, vəhşi, hiyləgər... heyvanlar peyda olub ki, zooloji parka getməyə ehtiyac yoxdur. 

Doğrudur, insanabənzər o əcaib heyvanları nə böyüklər sevir, nə də balacalar, amma nə etmək olar, istəməsək də, hər gün onların günahsız insanlara diş qıcaması, mırıldaması, hürməsi, hücumları haqqında xəbərləri oxuyuruq, ürək bulandıran şəkilləri ilə rastlaşırıq. Amma əcaib məxluqlar nə qədər təhlükəli olsalar da onlardan bir damcı da qorxan yoxdur. Indi insanlar nə quldurdan qorxur, nə də qatildən, hətta dəcəl balacaları da “xoxan, gəlib səni yeyər” deməklə daha qorxutmaq mümkün deyil. Vallah, 2-3 yaşlı uşaq “xoxan”ın başına elə oyun açar ki, o, qorxusundan beşiyin altında gizlənər. Indi hamı ağıllı, istedadlı, cəsur, böyük ürək sahibi olan insanlardan qorxur, elə mən də. 

Misal üçün, dəcəl pişiklərimizi evə qoymayanda, balaca oğlum məni Ilham Əjdaha ilə yox, Turxan Qarışqa ilə qorxudur. Deyir ki, indi Turxan Qarışqaya sənin qəddarlığından yazacağam, qoy gəlib sənin isti sobanın yanında necə yatmağını, zavallı pişiklərin isə qapı ağzında soyuqdan əsməyini kameraya çəksin və bütün dünya qəddar ürəyindən xəbərdar olsun". Turxan Qarışqanın adı gələn kimi qorxudan nəinki üç pişiyimizi, hətta onların sevgililərini, bütün qohum-əqrəbalarını da evə çağırıram, mətbəxdən tutmuş, yataq otağına kimi ev-eşiyi ixtiyarlarına verirəm. Bəli, hətta balacalar da bilir ki, mən Ilham Əjdahadan yox, Turxan Qarışqadan qorxuram! Axı qadınları həbs etdirən, uşaqları ata üzünə həsrət qoyan, mərd oğulları tabuta qoyub, analara yollayan, insanların həyatını yandırıb, kül edən bir Əjdahadan niyə qorxmalıyam?! Zatən, uşaqlı-böyüklü onsuz da hamımız o KÜLün içindəyik...

Balaca vaxtı ən çox sevdiyim əyləncələrdən biri gecə-gendüz  hərəkətdə olan qarışqaları müşahidə etmək idi. Bəzən saatlarla qarışqaları zövq ala-ala izləyirdim, onların yerin altındakı “ev”ləri haqqında müxtəlif fantaziyalar qururdum. Qarışqaları nə qədər izləsəm də heç vaxt onları bir-biri ilə dalaşan halda, yatan vəziyyətdə görmədim. Dünyada ən çox sevdiyim, hörmət etdiyim canlılar qarışqalardır. Elə ona görə də, qarışqalara baxanda yuvaları qarşısında diz çökürəm. Hamıya məlumdur ki, qarışqalar olmasa, tənbəl qadınların ev-eşiyini qurd basar. Qadın tanıyıram ki, evindəki təmizlik işlərini ailəsinin rahatlığı üçün yox, qarışqalardan qorxduğu üçün edir. Cıqqılı qarışqalardan əjdaha rəhbərlər də qorxur, elə ona görə də zəhmətkeş, ağıllı, cəsur QARIŞQALARı hər yeri beton olan kameralara salırlar ki, ölkədə basdırdıqları “zir-zibillərini qazıyıb” çıxartmasınlar. Amma unudurlar ki, AZADLIQa gedən yolun qarşısını Əjdaha kəsə bilmədisə, beton heç vaxt maneə ola bilməz...

Məlahət Ağacan

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ