SON DƏQİQƏ

PressDent.Info

Çöldə qalan yolçuya su verməyəkmi?

Çöldə qalan yolçuya su verməyəkmi?
17-01-2017, 17:28 23577 dəfə baxılıb

Səadət Cahangir

Dəvənin üstündə səhradan keçən biri yolda susuzluqdan yıxılıb qalmış adama rast gəlir. Adam yalvarıb su istəyir və yolçu dəvəsindən enib ona su verir. Doyunca su içən adam birdən  yolçunu itələyib yıxaraq, dəvəyə  minib qaçmağa başlayır. Bu vəziyyəti heyrətlə seyr edən yolçu arxadan deyir: “Heyy, adam! Yaxşı, dəvəni götür, get, amma bir sözüm var. Heç bir halda bu hadisəni başqalarına danışma. Adamı maraq bürüyür və dayanıb “niyə” deyə soruşur. Yolçu belə cavab verir: “Əgər bunu başqalarına anlatsan, hər yerdə eşidiləcək və insanlar bir daha çöldə susuz qalmış birini gördüklərində, ona yardım etməyəcəklər…”

Sözümü nəyə gətirirəm? Yaşadığımız sistemin naqisliklərinə. Mənəviyyatı aşınan  cəmiyyətdə insanların bivecləşməsinə, dəyərsizləşməsinə, nankorlaşmasına, bir-birinə qənim kəsilməsinə. Deyirlər 37-ci illərdə düşünən beyinlərə divan tuturdular. Şərləyirdilər, “donos” yazırdılar, üzünə adam qoyurdular, həbsə atırdılar, güllələyirdilər, sürgünə göndərirdilər. Deyirlər 37-ci illərdə ölkənin üzərinə bir xof  kabusu çökmüşdü. Hamı bir-birindən şübhələnir, qorxur, çəkinir, qaçmağa çalışırdı, ən yaxın qohum-əqrəbalarından, qonum-qonşularından, dostlarından belə. Deyirlər 37-ci illərdə bir çoxları sağ qalmaq, xilas olmaq, cəza “gilyotini”nin ağzından qurtulmaq üçün “dost”larını belə satırdı. Nə qədər qorxunc səslənir, deyilmi? Amma bir durun, çoxmu qorxunc? İndi baş verənlərdən daha qorxuncmu, yəni? İndi şərləmirlərmi, üzünə adam qoymurlarmı, “donos” yazmırlarmı, həbsə atmırlarmı, ölkədən didərgin salmırlarmı? İndi bu cəza maşınının xofuna yenilən və ora düşməmək üçün “şpionluq”, “donosçuluq”, xəbərçilik edənlər azmı? Bəlkə də, onlar indi daha çoxdur. Həm də daha yaxşı maskalanmış, qrimlənmiş, mələk cildinə girmiş formada sızdırırlar öz iyrənc əməllərini…

Bunları yazmaqda məqsədim kimisə ehtiyatlı olmağa, hamıya şübhəli yanaşmağa, çevrədən qorunmağa çağırmaq deyil. Onsuz da hüquqi, əxlaqi, mənəvi meyarları itib getmiş cəmiyyətlərdə bunu etmək  mümkün deyil. Kimdən, necə, hansı şəkildə qorunacaqsınız? Yerin deşiyinə girəcək halımız yoxdu ki… Şübhəsiz ki, bu naqisliklərin böyük qismini doğuran mövcud çürümüş sistem və yaşadığımız bulanıq cəmiyyətdir. Amma cəmiyyəti də insan toplumu formalaşdırmırmı elə? Arabir özümüzdə islah olunacaq qüsurlar haqqında da düşünək, bəlkə? Bəlkə enerjimizi nədən bu ölkəni zəlil günə qoyan sistemə qarşı deyil, bir-birimizə qarşı yönəltdiyimizin səbəblərini də axtaraq arada? Bəlkə fədakar insanlara qarşı nədən bu qədər qısqanc, paxıl, gözügötürməz olduğumuzu da başımıza vuraq? Niyə bu qədər pislik, xəbislik dolu olmuşuq? Niyə irəli gedənimizin ayağından yapışıb geri çəkmək üzrə rekord qırma yarışındayıq? Niyə bu ölkə üçün faydalı iş görmək istəyənləri qaralayıb sıradan çıxarmağa bu qədər həvəsli və hikkəliyik? Bir fakt gətirəcəyəm. Qəzetçilik fəaliyyətim dövründə iştirak etdiyim təlim və seminarların çoxunda beynəlxalq təlimçilər hansı ölkədən olub bilirsiniz? Belorusdan. Bu məsələyə qısqanclıqla yanaşdığımı gizlətmirəm. Məgər bizdə media üzrə təlim keçə bilən beynəlxalq səviyyəli təlimçilər yoxdur? Səbəbini bir dostumuzdan soruşdum. Dedi ki, səbəb çox sadədir, beynəlxalq arenaya çıxan bütün beloruslar bir-birinə yol açıb həmkarlarını irəli aparır, bizimkilər isə irəli çıxana badalaq vurub üzü üstə yerə yıxmaqdan zövq duyurlar. Başqa sözə ehtiyac varmı? Yoxdu, elə düşünürəm. Cəmiyyəti dəyişmək istəyirik. Dəyişək. Amma gəlin, öncə bir az özümüzə əl gəzdirək…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ