SON DƏQİQƏ

PressDent.Info

Quyu dərin, ip qırıq olanda…

Quyu dərin, ip qırıq olanda…
16-01-2017, 15:53 25317 dəfə baxılıb

Səadət Cahangir

“Dərin olan quyu deyil, qısa olan ipdir” deyirdi Konfutsi. İpi qısa və ya qırıq adamlar quyunun dibini, ordakı dərinliyi və suyu görə bilməzlər. Əlləri ora çatmadığına görə də, hər fürsətdə daş atıb suyu bulandırmaqla hikkələrini soyutmağa çalışarlar. Amma xəbislikdən, dayazlıqdan doğan hikkə soyumaz ki. Ünlü müdrikin dediyi ip simvolikdir, insanların ağlına, zəkasına, bilgisinə, əxlaqına işarət edir. Bu dəyərlərdən yoxsul adamların bol olduğu ölkədə yaşamağı kimsəyə arzulamazdım…

Hər kəs öz əxlaq gözü ilə baxar, öz əxlaq gözü ilə görər, öz əxlaq ölçüsü ilə dəyərləndirər. Ölçüsü şkalanın sıfır nöqtəsinə düşmüş adamlardan qoruyun özünüzü! Onlar nələr etməzlər? Hansı pisliklərə qol qoymazlar?  Hansı iyrəncliklərə şərik olmazlar? Hansı namərdliyə vasitəçilik etməzlər? Hansı yalana, hansı iftiraya imza atmazlar? Bir qab yala, bir doyumluq sür-sümüyə, bir qarına nələri satmazlar? Hələ əllərinə bir qələm, bir tribuna düşərsə… İllərdir bu adamların necə satıldıqlarını, əyildiklərini, sındıqlarını görə-görə gəlirik. İllərdir haqq sözün üstünə qısqırdılan bu sıfırlanmışların necə hürüb baş apardıqlarına şahidik. İllərdir bu kuklaların pərdənin arxasında gizlənmiş aktyorlar tərəfindən necə eybəcər şəkildə oynadıldığını görürük. Bu, çox çirkin bir oyundur. Cəmiyyəti aşındıran, mənəviyyatı dağıdan, əxlaq çərçivələrini aşan bir oyun. İftiranın, xainliyin, vicdansızlığın ləyaqətli insanların üzünə durdurulduğu bir oyun. O oyunun oyuncaqları da, rejissorları da bəlli. Məqsəd də apaçıq ortada, cəmiyyəti bulandırmaq, mənəviyyata açılan qapıların ağzına kilid asmaq, haqqı susdurmaq və iyrənc əməllərin heç bir əngəl tanımadan ayaq alıb yürüməsinə yol açmaq. Biriləri diktə edir, o biriləri icra edir. Arada deqradasiyaya uğrayan, dağılan, cizgiləri itən yaşadığımız cəmiyyətdir, bütün xəyallarımızın, arzularımızın, gələcəyimizin üstündən xətt çəkən cəmiyyət…

Konfutsi nə deyirdi? Deyirdi ki: “Xalqı qanunlarla idarə edib, nizam-intizamı cəzalarla saxlarsanız, şübhəsiz ki, onlar cəzalardan çəkinəcəklər, amma bu halda insanların abır-həya duyğuları da itəcək. Lakin onları öz gözəl əxlaqınızla idarə edib, nizam-intizamı vəzifələrinizə bağlılığınızla təmin edərsəniz, insanları abır-həya duyğuları tərk etməyəcək və onlar bu ölçüyə uyğun da yaşayacaqlar…” Biz indi o abır-həya duyğularını itirmiş adamların hədəfindəyik. O adamlar ki, çoxdan bütün sərhədləri keçiblər, qırmızı xətti yandırıblar, mənəviyyatlarını itiriblər. O adamlar ki, ipləri ağalarının əlindədir, o ipdən açılıb getməklərinə heç bir imkan da yox. Ağalarını qorumaqdan başqa bir şeyə də yaramazlar. İş rejimlərini də onlar müəyyən edər, günəmuzdlarını da. Hələ bir qrupunun əlinə qələm və tribuna da verərlər. Rejim cangüdənləri rolunda vicdanlı insanlara qara yaxar, şər atar, tələ qurar onlar. Bir iyrənc rejim bir cəmiyyəti məhv edər beləcə. Belə rejimlərdən xilas olmaq lazım…

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ