SON DƏQİQƏ

PressDent.Info

Söylə, yadındamı?

Söylə, yadındamı?
16-01-2017, 15:50 28971 dəfə baxılıb

O`Kamil

Söylə, yadındadımı, günlərin bir günü idi və sən dünyadan, adamlardan küsmüşdün və küsüb gedib oturmuşdun milli bir çayımızın sahilində və gözlərini zilləmişdin onun mavi sularına və gahdanbir çay daşlarından birinı götürüb atırdın suya və gözünü çaya zilləyib xəyalata cumurdun, deyirdin ki, balıq olmaq istəyirsən. Mən deyirdim ki, balıq olmağın özü də yaxşı deyil, yəni o qədər də təhlükəsiz deyil. Bu çayda çox balıqlar var, amma yan gedə bilmirlər. Çünki bu çaya Saqqa (pelikan) quşları nəzarət edir və onlar acdı.

Və nə qədər ki, onlar acdı və iştahları yetərincə ovxarlıdı və hamısı nəsə, o cümlədən balıq yeməkdə israrlıdı, sənin bu arzun xətərlidi. Səni alabaxta palıd udan kimi udarlar. Amma sən iki ayağını da dirəmişdin bir başmağa. Deyirdin, adam yox, balıq olmaq istəyirsən. Çünki balığın pulu var. Deyirdim, məsələ pulda deyil, daha doğrusu, elə puldadı. Gərgədanı buynuzuna, fili dişinə, tovuzu lələyinə görə ovlayarlar. Biz müsəlmanıq və balığı puluna görə ovlayırıq. Çünki pulsuz balıq haramdı. Və güclə səni daşındırırdım bu fikirdən.

Və yadındadımı, yenə hansısa bir fəsil idi və sən yenə iki ayağını dirəmişdin bir başmağa – sən israrlı olanda həmişə, nədənsə, belə edirsən – deyirdin, adam olmaq istəmirsən, inək olmaq istəyirsən. Mən sənə deyirdim ki, bura Hindistan deyil. Sən inək olsan da, haqqın Konstitusiya təminatı almayıb, adamlarımızsa vegetarian deyillər. Burda inək olmaq da təhlükəlidir, çünki ət yemək istəyən çoxdu. Səni yeyərlər. Sən biləndə ki, Hindistanda adamlar ətyeməz, inəklərsə toxunulmazdı, sevinərdin. Yuxunda oranı görərdin, tropik floranın ləzzətini damağında hiss edər, tropik leysanda çimər, tropik meşədə azadə dolanardın. Kefin istəyəndə lap Dehlinin mərkəzi xiyabanına çıxardın və prezident korteci də dayanar, sənin keçməyini gözləyərdi. Bu xəyallarla bir müddət özünü xoşbəxt hesab edərdin.

Və yenə yadındadırsa, bir gün oturmuşdun ağacın altında və gözlərini zilləmişdin göydə uçan quşlara və iki ayağını da dirəmişdin bir başmağa (sən israr edəndə, nədənsə, həmişə belə edirsən) və deyirdin ki, quş olmaq istəyirsən. Mən sənə deyəndə ki, quş olmaq çox təhlükəlidi, bu vadinin ovçuları quşu gözündən vururlar, sən deyərdin, niyə, Kral Artur hakimiyyətdən devriləndən sonra qarğa oldu və neçə yüz il İngiltərə səmasında belədən-belə şütüdü. Amma bir Adəm övladı ona güllə atmadı. Nəinki ona, heç bir qarğaya güllə atmadılar ki, birdən kral Artur olar. Mən deyəndə ki, bu məmləkətdə qarğa-marğanın ağzına qovut verən yoxdu, ala qarğa burda bala çıxarmır, sən yenə dediyini dedin.

Və bir gün eşitdim ki, quş olub səmalarda süzürsən. Və sonra eşitdim ki, zalım ovçu səni xırpalayıb. Sonra da eşitdim sən deyibsən ki, “Aman ovçu, aman ovçu, vurma məni”. Sonra eşitdim ki, səndən: “Sən haralısan, haralı, durna?” – deyə soruşublar… Sən də “Nə fərqi var?” deyə soruşubsan və səni vurublar. Demə, fərqi varmış… Sonra çox sözlər eşitdim. Eşitdim ki, ağaclar yasa batıb, çöllər qara geyinib, dağlar-daşlar ağlayır. Sonra yenə çox sözlər eşitdim…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ