SON DƏQİQƏ

PressDent.Info

17 noyabrın manifestini yazmış insanlar

17 noyabrın manifestini yazmış insanlar
17-11-2016, 16:40 22359 dəfə baxılıb

Səadət Cahangir

17 noyabr yaşadığımız tarixin ən böyük günüdür. Həm tam fərqli bir düşüncə ilə silahlanmış mübariz gənclər qvardiyasını gizli qapılar arxasından çıxarıb böyük meydanlara daşıdığına, həm də nəhəng azadlıq hərəkatı dalğasının milyonları o işığın dövrəsində bir araya gətirdiyinə görə. Xalq olaraq məşəqqətli bir tarix yaşamışıq, qarmaqarışıq hadisələrin içində sular da çox bulanıb. Elə bulanıq suda balıq tutmaq asan olduğuna görə də, qəhrəmanlıq nağılları danışanların sayı  birə beş artıb. Fantaziyalarına qüvvət, danışsınlar. Amma bəzən adamlar özlərini  “ditdilini mindim çayı keçdim, yaba ilə  şorba içdim” şişirtməsi ilə elə üfürürlər ki, “saxla, heç belə yalan görməmişdim” deməkdən tuta bilmirsən özünü.  Kitablar yalan-palandan başqa bir şey yazmadığına görə, yeni nəsil o tarixdən xəbərsiz ola bilər.  Amma bizlər sağıq hələ. Biz, o tarixin canlı şahidləri, təşkilatçıları, yürüşçüləri burdayıq. Hər şeyi də gözəl xatırlayırıq. Kimsə görməzdən gələ bilməz o tarixi yaradan gerçək qəhrəmanları. “Qəhrəman” dedikləriniz yalnız tribunalarda gördüyünüz üzlərdən ibarət deyil ki. O tribunalara qədər prosesləri düzüb-qoşan, hazırlayan, bişirən, irəli aparan insanlar var arxada. Çiynini ən ağır yükün altına verən, idealları naminə böyük risklərə girən, imkan olanı və olmayanı edən insanlar. 17 noyabra qədər artıq bu tarixin azadlıq manifestini yazmış insanlar. O manifesti Bakı Dövlət Universitetinin auditoriyalarında və yataqxanalarında gizli işlər çevirən bir qrup gənc hazırlayırdı. Adı gələndə, indinin özündə belə bir çoxlarını dilinə iynə batar kimi səksəndirən “Yurd”çular. Xudafərin körpülərinin dağıdılmasına qarşı etiraz tədbirindən başlanıb üzü 17 noyabra doğru gələn böyük bir yolun yolçularıdır həmin o yurdçular! Həmin o gizli işləri qaynadanların baş qəhrəmanlarından biri, dəyərli qardaşım Qənimət Zahid çox şeyi gözəl yazıb dünən. Ancaq yazılacaq çox şey var. Bir gün tarix hər şeyi dosdoğru yazdığı zaman işığa çıxacaq əsl gerçəklər…

O gizli təşkilatın baş ştabı Qənimət bəyin yaşadığı 2 saylı tələbə yataqxanasının 15 nömrəli otağı sayıldığına görə, bütün sirlərin açarı ondadır, təbii. Amma yataqxanalarımız üz-üzə olduğuna görə, xəbərlər ertəsi gün ovcumuzda olurdu. Qənimət bəy hər şeyi mərkəzdən-baş ştabdan xatırladığını deyir. Mən də çox şeylərin detallarını belə bugünkü kimi canlı və həyəcanlı xatırlayıram. 17 noyabra qədər ADU-nu barıt çəlləyinə çevirən o gənclərə görə universitetə, tələbə yataqxanalarına ayaq döyən mərkəzi komitə işçilərinin qorxu dolu üzlərini… Təşkilatın səlahiyyət verdiyi üçlük olaraq (Əli Kərimli, Əlisəfa Qədirov və mən), rəhmətlik rektorumuz Yəhya Məmmədovun otağında ölkənin o zamankı baş prokuroru İlyas İsmayılovla olan görüşümüzü… 16 noyabr axşamı universitet yataqxanasının otaqlarını bir-bir döyüb, hər kəsi mitinqə çağırdığımızı… 17 noyabrda yaşananları, Ali sovetin yanında milis kardonu ilə olan toqquşmanı, meydana qədər gedən yolda dəfələrlə təkrarlanan oturaq aksiyalarımızı…

17 noyabr böyük gündür. Təkcə bizim üçün deyil, tarix üçün böyük gündür. Tarixə isə yalnız həqiqəti yazmaq lazımdır. Həqiqəti göstərməyin də yolu çox sadədir. Bəlkə də, Çin filosofu Konfutsinin “vazadakı almanı çıxarmaq” misalında olduğu kimi. Yəni əlinizi ağzı dar bir vazaya salıb almanı götürə bilmirsinizsə, uzun-uzadı əlləşməyə dəyməz. Sadəcə, vazanı tərsinə çevirməklə almanı çıxarmaq mümkündür. Konfutsi deyirdi ki, “almanı buraxmasan, əlini çıxara bilməzsən, amma göründüyü kimi sadə də deyil, bəzən əlindəkini buraxa bilmək daha çətindir”. Demək, həqiqəti göstərmək nə qədər sadədirsə, o qədər də çətindir. Onun yolu çox halda qarşındakının əlindən vazanı alıb  tərsinə çevirməkdən keçir…

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ