SON DƏQİQƏ

PressDent.Info

Bayrağımızın hər yerdən görünəcəyi gün

Bayrağımızın hər yerdən görünəcəyi gün
10-11-2016, 17:31 25578 dəfə baxılıb

Səadət Cahangir

Bu gün ölkədə bayraq bayramıdır. Amma deyəsən kimsə bayram əhval-ruhiyyəsində olmadığına görə, hamının fikri yönəlib Amerikadakı seçkilərə. Deyəsən ölkə insanı da başqa ölkələrin seçimlərinə daha böyük maraq göstərir, nəinki öz seçiminə. Xatırlayarsınız, keçən il bu vaxtlar da gündəmimizdə Türkiyənin parlament seçkiləri  vardı. Müzakirələrin, mübahisələrin, atışmaların səsi aləmi başına götürmüşdü. İndi  də Amerika… Dünya nəhənginin seçim haqqına malik milyonlarla vətəndaşı seçimini etdi və respublikaçıların namizədi Tramp qalib gəldi. Bəli, nəticə çoxlarının gözlədiyinin əksinə oldu. Böyük çoxluq birmənalı olaraq Klintonun qələbə çalacağını gözləyirdi. Amma demokratiyanın belə gözlənilməz cilvələri var. Hər zaman sürprizlə qarşılaşa bilərsiniz. Mən də indi “yaxşı olacaq” və ya “pis olacaq” səsləri arasında dayanıb, hansının qulağayatımlı olduğunu götür-qoy etmək fikrində deyiləm. Təbii, dünyanın siyasi gedişinə təsir edən önəmli hadisələr məni də çox maraqlandırır. Amma hara dönsə, “ölkə insanı nədən kənarda baş verənləri dörd gözlə izləyərkən, öz taleyinə bu qədər yanımsız və biganədir” sualı ilişib qalır ağlımın bir ucunda. Ümidsizlikmi, laqeydlikmi, maraqsızlıqmı? Lap hər nə olursa-olsun, yenə də kimsənin özünü haqlı çıxarmasına tutarlı bir əsas yox. Ola da bilməz. Hər kəs və bir xalq taleyinin sahibidir. Hər kəs və hər bir xalq özü qərar verir seçdiyi həyata. Yoxsa Tanrı insana ağlı, şüuru, düşünmək, qərar vermək, nəticə çıxarmaq qabiliyyətini niyə verirdi ki? Hər dəfə oturub başqa ölkələrdə keçirilən seçkilərə şərh verməkdənsə, “xalq olaraq biz nə zaman belə bir seçki keçirə biləcəyik” sualı üzərində düşünsək, doğru olmazmı?..

Bu gün nəticənin necə olmasına baxmayaraq, Amerika demokratiyası sözünü dedi. Xalqın seçimi belə oldu, sənin, mənim xoşuma gəlsə də, gəlməsə də. İnsanlar seçki qutusuna saxta bülleten atmadan, hökumət işində çalışanların libasını dönə-dönə dəyişib karuselə göndərmədən, bağlı qapılar arxasında protokollara əl gəzdirmədən ortaya gerçək nəticə qoyublar. Təki dərd demokratiyanın hakim olduğu bir sistemdə səhv etmək məsələsi olsun. Təki insanlar doğru saydıqları seçimin üzərində dayanıb, qanuni olanı etsinlər. Təki bütün yanlışlar və səhvlər elə hüquqi çərçivədə baş versin. Dərd yox, belə yanlışları həmin qanun çərçivəsi öz-özünə yoluna qoyacaq, əvvəl-axır. Yanlış buraxanlar da, o yanlışa əsas verənlər də dərsini alacaq qısa zamanda. Demokratiya və hüquq hər şeyi tənzimləyəcək, yəni, heç nə əvəzsiz ötüşməyəcək. Bir xalq üçün ən önəmli olan şey də elə bu deyilmi?

Bu gün bizdə bayraq günüdür. Amma nə yazıq ki, ölkə insanı bayrağı sevəcək, oxşayacaq, bağrına basacaq durumda deyil. Nə yazıq ki, tez-tez o bayrağa bükülü şəhid cənazələri gəlir anaların üstünə. Nə yazıq ki, qanı o bayrağın rənginə qarışmış insanlara heç bir dəyər verilməyib bu ölkədə. Nə yazıq ki, o müqəddəs bayrağın altında min cür çirkli işlər görülür, oyunlar oynanır, qanlar tökülür hələ də. Bu gün nədən hamı bayraq gününü unudub, fikrini Amerika seçkilərinə kilidləyib, bilirsiniz? Çünki Amerika öz ölkəsində qurduğu hüquqi və demokratik cəmiyyət ilə bayrağını çoxdan ən uca nöqtəyə sancıb. Dünyanın harasından baxsan, o bayraq görünür. Yalnız öz maraqlarına hesablanmış olsa da, bizə heç bir faydası toxunmasa da, orda baş verənlər istər-istəməz gəlib gündəmimizə oturur.  Bax, bizim əsl bayraq bayramımız da ölkədə o cəmiyyəti qurduğumuz gün olacaq. O zaman bizim bayraq da hər yerdən görünəcək…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ