SON DƏQİQƏ

PressDent.Info

Binəli Yıldırım üçün Azərbaycan örnəyi

Binəli Yıldırım üçün Azərbaycan örnəyi
7-11-2016, 17:11 27753 dəfə baxılıb

Rövşən Hacıbəyli

Örnək. Son çağlar dəbdə olan sözlərdəndir. Azərbaycan örnəyi deyib xaricdən gələnlərin (elə özümüzünkülərin də) gözünə soxduqları var; Asan Xidmət. Guya əhalinin işini asanlaşdırıblar. Bu yaxınlarda yolum düşmüşdü, vəkilə etibarnamə verirdim, 2 saata yaxın gözlədik, bizdən başqaları da vardı, həm növbədən, həm də qiymətlərdən narazı olanlar Asan Xidməti yaradanları və yaxınlarını burda yazmaq mümkün olmayan “xoş sözlərlə” yad etdilər. Nəyi asandır? Əhalinin verdiyi vergidən maliyyələşən müxtəlif quqrumların görməli olduğu işi yığıb Asan Xidmətə veriblər, üstəlik, onlar da büdcədən maliyyələşir, yəni camaatın ödədiyi vergidən onlar da pay alır. Əslində, bunu uğur kimi qələmə vermək, bununla öyünmək 23 illik bir hakimiyyət üçün ayıbdan ayıb işdir, ancaq kimdir ayıbına kor olan?!.

***

Bu ölkədə illərdir dövlət qəzetlərinin əməkdaşları müxtəlif nazirlərin, komitə sədrlərinin, deputatların, bir sözlə, özünü vəzifəyə pərçim etmişlərin adından məqalə yazır, azdan-çoxdan pulunu alıb gününü keçirir. İki sözü ardıcıl deyə bilməyən deputatlar, nazirlər palaz-palaz məqalələr “yazır”. Bu da bir Azərbaycan örnəyidir, ancaq bununla bağlı kimsəyə bir söz demirlər. Prezident Administrasiyasında işi başından aşan, yaradıcılığı 2000-ci ildən sonra çiçəklənən 78 yaşlı akademik Ramiz Mehdiyev bir institutun yerinə “çalışır”. Qəzetlərdə palaz-palaz akademik yazılar çap etdirir. 2003-dən sonra çıxan kitablarınınsa sayı bilinmir… Hakimiyyətin gözündən düşmüş “Respublika” qəzeti də bu ənənəni davam etdirib, ancaq illərlə elədikləri indi qəbul olunmur. Bugünlərdə təhsil naziri Mikayıl Cabbarovun adından bu qəzetdə yazı gedib. Ancaq heç nazir kimi də ciddi fiqur olmayan Mikayıl Cabbarov bu qəzetdə gedən “məqaləsinə” etiraz edib və belə yazı yazmadığını bildirib. İllərin sınağından çıxmış Azərbaycansayağı, həm də başqalarına “örnək” olası üsul bu dəfə işə yaramayıb. Deyəsən, başqa proseslər gedir…

***

Hakimiyyətin tələsik başladıb sona çatdırdığı referendum kampaniyası bilirsiniz yadıma nəyi saldı? Mirzə Cəlilin “Ölülər”ini. Şeyx Nəsrullahın ölü diriltmək səhnəsini xatırlayın. O məqam gələndə hamı gedir fikirləşməyə… Referendum qərarı veriləndə, konstitusiyaya ediləcək dəyişikliklər bəlli olanda hərə bir namizədi atdı ortaya; vitse-prezident kimi. Ancaq elə ki xalq “səs verdi”, konstitusiya dəyişdi… yəni ölüləri diriltmək məqamı gəldi… hamı getdi fikirləşməyə. Hər şey bitdi, bizimki bura qədər idi, çox güman, referendumda “hə” deyən “xalq” heç vitse-prezident görməyəcək… Yəni örnək olmaq şansımızı bu dəfə, deyəsən, kayb etdik…

***

Ancaq heç çatdırıb kədərlənə bilmədik, daha bir örnək olmaq çağırışı qardaş Türkiyədən gəlib. Özü belə tutduğu posta necə gəldiyini hələ də tam dərk edə bilməyən Binəli Yıldırım FETÖ məsələsində Azərbaycanı başqa “dost və qardaş” ölkələrə örnək kimi göstərib: “Biz Gülənin strukturlarını tam məhv etməsi üzrə Azərbaycanın addımlarını yüksək qiymətləndiririk. Ümid edirik ki, başqa dost və qardaş ölkələr bu yolu izləyəcəklər”.

Azərbaycanın FETÖ məsələsində atdığı ən “önəmli” addım bu şəbəkənin “imamı” kimi “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirlinin həbsidir. Türkiyə kimi qos-qoca bir dövlətin baş naziri bunu nəzərdə tutursa, daha nə sözümüz olar. Ancaq Binəli bəyin bir sözündə məntiq var; məhvetmə. Azərbaycanın indiki hakimiyyəti ancaq məhvetmə işinə yarayır, əllərindən başqa nə gəlir ki?! Xalqı, işıqlı gəncləri, müxalif düşüncəli adamları, apardığı antimilli siyasətdən narazı olanları məhv etmək siyasəti, görünür, indi Türkiyə, daha doğrusu rəsmi Ankara üçün örnək sayılır…

Bəlkə, düşmən tapdağında olan torpaqları işğaldan qurtaran hakimiyyət kimi örnək olaq, siyasi məhbusları olmayan, müxalif fikrə dözümlə yanaşan, tam nəzarətdə saxladığı telekanallarda alternativ düşüncəyə bərabər efir imkanı yaradan ölkə kimi örnək olaq… Lap hissə qapıldım…

Görəsən Binəli Yıldırım “…başqa dost və qardaş ölkələr” deyəndə hansıları nəzərdə tutub?!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ