SON DƏQİQƏ

PressDent.Info

Kanalizasiya dərdi

Kanalizasiya dərdi
21-10-2016, 15:52 24969 dəfə baxılıb

Yaxud, problem təkcə Qarabağ olsaydı…

İlham Hüseyn

 23 ildən çoxdur ki, eyni komanda hakimiyyət kürsüsünü zəbt edib. Həm də 23 ildir ki, eyni problemləri yaşayırıq. Yəni, ötən 23 il ərzində bizi narahat edən heç bir problemdən azad ola bilməmişik.  Hansıki, bu problemlərin həlli dünya güclərinin razılığından, beynəlxalq hüquqdan asılı deyil.

Tutaq ki, Qarabağ münaqişəsinin ədalətli həllinə hökumətin dediyi kimi beynəlxalq güclər əngəl törədir. Tutaq ki, ABŞ ermənipərəstdi, Avropa Birliyi erməni lobbisinin təsirindədi və bütün bunlar Qarabağ məsələsinin həllini yubadır. Amma fakt budur ki, Qarabağ münaqişəsinin ədalətli həllinə Rusiya ənəgl törədir. Bunun başa düşdük və qəbul etdik.

Bəs, kanalizasiya probleminin həllinə kim əngəl törədir? Ölkənin 1-2 saatlıq yağışa təslim olmasının günahkarı kimdir? Günahsız insanların həbsə salınmasını da ABŞ tələb edir? Monopoliyaların ləğv olunmaması Avropa Birliyinin qərəzinin nəticəsidir?

Qarabağ problemini həll edə bilmirsiz, bəs yol problemi niyə 23 ildir həll olunmur?  Qarabağla bağlı söylədiklərinə görə Kerrini hədəf seçirsiz, bəs məktəblərdə pul yığılmasının, gömrükdəki eybəcərliklərin, vergi sistemindəki rüsvayçılığın, səhiyyədəki dəhşətli faktların məsuliyyətini kim daşıyır? Məhkəmələrin ədalətsiz qərar çıxarmasının təşəbbüskarı Angela Merkel, Barak Obamadır? Müəllimin 150 manat maaşa möhtac edilməsini “Freedom House” təşkilatı tələb edir?

Faciə bundadır ki, ötən 23 il ərzində ən xırda problemlər Qarabağ boyda problemə çevrilib. Dərdimiz təkcə Qarabağ , itirdiyimz yalnız 20 faiz ərazi olsaydı, hökuməti qınamamaq olardı. Amma bu ölkədə insanlar hər gün itirir, hər gün yeni problemlər ilan kimi boğazımıza sarmaşır.

Bəli, bu xalqın təkcə Qarabağ boyda dərdi yoxdur. Bu xalqın yol dərdi, kanalizasiya dərdi, iş dərdi, bank dərdi, səhiyyə dərdi, təhsil dərdi, dolanışıq dərdi var.

Hətta digər dərdlər o qədər qabarıb ki, Qarabağ dərdi arxa plana keçib. Küçədə kiminsə Qarabağa görə ağladığını görmək mümkün deyil. Yaxud, Qarabağa görə intihar edənlərin şahidi olmuruq. Amma bank fazilərinə görə, övladının təhsil haqqını ödəyə bilmədiyi üçün, kirayə pulunu vermək imkanı olmadığına görə adamlar intihar edir.

Demək istəyirəm ki, hökumətin yarıtmazlığı, bacarıqsızlığı təkcə Qarabağ siyasəti ilə yekunlaşmırş. Qarabağla bağlı fəaliyyətləri kimi, bütün sahələrdəki fəaliyyətləri də divara dirənib.

Əlbəttə ki, küçələri kanalizasiya sularından xilas edə bilməyən zehniyyət,  Qarabağı düşmən işğalından xilas edə bilməz. Vətəndaşın kanalizasiya sisteminin düzələcəyinə inamı yoxdursa, torpağın alınacağına dünəndən inamı itib.

Bəli, ölkə yarıtmaz adamların əlində olanda taxtaya mismar vurmaq da Qarabağ boyda problemə çevrilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ