SON DƏQİQƏ

PressDent.Info

Vay o günə ki…

Vay o günə ki…
11-10-2016, 15:59 22272 dəfə baxılıb

Zümrüd Yağmur
[email protected]

Hansısa ata, ailə başçısı övladının zəlil, xaraktersiz, zavallı və ya ləyaqətsiz, yaltaq olmasından niyə  zövq alsın ki?! Ya da valideynin öz övladının əzilməsindən, borc bataqlığında, rəzalət içində çabalamasından ləzzət alması normaldırmı sizcə? Başçısı olduğu ailənin zəif, dağınıq, əxlaqi dəyərləri çürümüş halda olmasından necə, valideyn xoşlana bilərmi?

Adətən axı bütün ailə başçıları övladının böyük, güclü, dürüst olmasını istəyir. Hətta yalançı valideyn belə övladını  yalandan çəkindirməyə çalışır. Qatil belə qatilin etdiklərinin nümayiş olunduğu filmdə qatili lənətlədiyi kimi…

Müasir dünyada dövlət də vətəndaşın valideyni rolunu oynayır. Onun hüququnun, həyatının və digər təməl haqlarının qorunması və yaxşı yaşaması üçün çalışır. Məsələn, Qərb dövlərləridə vətəndaşının başqa bir ölkədə  turist kimi belə başı bəlaya girəndə onun hüquqları müdafiə olunur və ya düşdüyü durumdan xilas edilməsi üçün hər şey edilir. Bu da olur müasir dövlətçilk-valideynlik anlayışı…

Amma diqqət edək… Müsair dövrdə…

Baxın, bu bir kəlimə, “müasir” sözü bütün mənzərəni dəyişir və bəlli olur ki, birinin özünü müasir sayması ilə  müasir olmadığı kimi, birinin də ingilis dilini bilməsi, ya da brend geyinməsi, lüks villalarda yaşaması onu müasir və mədəni insana çevirmir.

Məsələn, Azərbaycandakı məmurların həyat tərzinə baxanda, ilk baxışdan düşünmək olar ki, bu insanlar müasirdir, savadlı və ya mədənidirlər. Hətta biri digərini tərifləyəndə, müasir olduğunu sübut etməyə çalışanda  deyir ki, o ingilis dilini də bilir. Amma onların idarə etdiyi dövlətə baxanda tablodakı rənglərin hamısı bir-birinə qarışır və ortaya eybəcər bir mənzərə çıxır.

Çünki bir ölkəni orta çağ qanunları ilə idarə edən, dünya demokratiya ilə hüzur taparkən Azərbaycanı monarxiyaya sürükləyən zehniyyət sahiblərinə müasir və mədəni insan demək olmur.

Ailə başçısı müasir dünyagörüşə malik, mədəni və əxlaqlı insan olduqda, verdiyi sözdən qaçmayanda, içdiyi anda xilaf çıxmayanda o ailədə hüzur hökm sürür.

Dövlətdə də eynən…

Dövlətin başçısı da içdiyi anda  sadiq qalanda, verdiyi sözləri tutanda, təkçə öz bioloji övladlarını deyil, bütün ölkə vətəndaşını fikirləşib onların da atası olmağa çalışanda o ölkənin vətəndaşı da atası, o ailənin başçısı, prezidenti ilə qürur duyur.

Bu gün bizim belə hiss etməyə əsasımız varmı?

Azərbaycanda vətəndaş yetimdir. Sözün həqiqi manasında haqqı, həyatı, azadlığı və gələcəyi, səsi əlindən alınmış bir kölədir. Niyə, çünki dövlətin atası olanlar övladının – vətəndaşın haqqını, səsini, hətta süfrəsindəki son tikəsini belə oğurlayır.

Vay o günə ki, ailədə başçı oğrudur…

Niyə ailənin başçısı övladının – vətəndaşın güclü, savadlı, ləyaqətli və yaxşı durumda olmasını istəməsin axı? Yoxsa özünə güvəni yoxdur? Ya da bəlkə hansısa kompleksləri var?

Niyə Azərbaycan adlı ailənin baçısı öz övladını – vətəndaşını bu qədər zəlil görmək istəyir? Bəlkə  biz ögey övladlarıq, ya da bizim ailənin baçısı bizə ögeydir?

Qonşu Gürcüstanda parlament seçkiləri keçirildi və orda öz ölkəsinin vətəndaşna əsl mənada valideynlik etmiş Saakaşvilinin tərəfdarları mitinq etdi. Böyuk izdihamla meydanlara gələn insanlar yenə də hər zaman dürüst ata öbrazında gördükləri Saakaşvilinin partiyasının iqtidara gəlməsi üçün mücadilə verdi.

Bir övladın öz atasına sahub çıxması, onu yenidən görmək üçün hər şeyi gözə almasını izləmək nə qədər gözəl bir hissdir, deyilmi? Niyə axı bundan özünü məhrum etsin insan?

Niyə axı vətəndaşının onu sevməsini, hər zaman onunla olmasını təmin edəcək əməllərin altına imza atmasın?

Axı övlad atadan qorxanda deyil, onu gerçək anlamda sevəndə hörmət edir. Tanrı belə bəndəsi ilə münasibətlərdə ən aşağı piilədə qorxunu, ən yüksək  zirvədəsə sevgini seçmişdir. Tanrının belə sevgiyə ehtiyacı varkən, insan özünü bundan niyə məhrum etsin ki?

Bəlkə də hansısa müqəddəs kitabda belə bir kəlam da var: Vay özünü sevgidən məhrum edənlərin halına…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ