SON DƏQİQƏ

PressDent.Info

“Keçiləri qaçıran”, əslində, kimdir?

“Keçiləri qaçıran”, əslində, kimdir?
7-10-2016, 17:46 16530 dəfə baxılıb

Səadət Cahangir

 “Keçiləri qaçırmaq” ifadəsini bilirsiniz. Birinin ağlını çaşdığı, sərsəmlədiyi  duruma deyirlər, ümumilikdə. Deyimin yaranma hekayəsi də xeyli maraqlıdır. Bir çoban dağda keçi sürüsü otarırmış. Günortaya yaxın yaşıl bir yerdə uzanıb yuxuya gedir. Gün vurunca istiyə dayana bilməyən keçilər də sürü ilə qaçıb yaxınlıqdakı sərin mağaraya girirlər.

Çoban  gözünü  açanda  baxır ki, keçilər ortalıqda yox. Ətrafı nə qədər ələk-vələk edirsə, keçiləri tapa bilmir. “Batdım, sahiblərinə nə deyərəm indi, öldürərlər məni? -söylənir öz-özünə. Kəndə enən çoban o baş-bu başa qaçaraq, qarşısına çıxan hər kəsdən dəli kimi keçiləri soruşur: “Çobanlıq vəzifəmi yerinə yetirə bilmədim, keçiləri qaçırdım”- deyə çırpınır. Kəndlilər də dağa çıxıb keçiləri axtarmağa başlayır. Bu vaxt mağarada  yağışdan yığılıb qalmış gölməçələrdən doyunca içib sərinləyən keçilər otlaq yerinə dönmüş və otlamağa başlamışdılar. Kəndlilər vəziyyəti belə görüb çobanın havalandığını düşünürlər. Sonra keçi sürüsünü başqa bir çobana tapşırırlar. Amma bir neçə gün sonra yeni çobanın başına da eyni iş gəlir və o da  “keçiləri qaçırır”. Nəhayət, kənddən daha gözüaçıq bir çoban çıxır, otlaqda bütün günü sürünü diqqətlə güdür və   beləcə keçilərin gizləndiyi mağaranın da yolunu öyrənmiş olur…

Şübhəsiz ki, işi bacarana tapşırmazsınız,  keçiləri də qaçırar, ağlını da. Tam da bizim ölkədəki kimi. Baxın, son 12-13 ildə neft ixracının qazanc hissəsindən ölkəyə 145 milyard dollar gəlib. Hanı o milyardlar, kimin həyatına gəlib çıxıb ondan? Gəlibsə, niyə bu ölkədə 2, 5 milyon insanın kredit borcu olsun ki? Niyə işsizlik bu qədər təpəyə dırmanıb, yoxsulluq  ayaq tutub yürüsün ki? Niyə iqtisadiyyat bu dərinlikdə böhrana girib, manat dolların dizinin altında ikiqat olsun ki? O milyardlar vardısa, bu devalvasiyalar, bahalaşmalar, müflisləşmələr nədən, “pəhriz”, qənaət, “kəmərsıxma” xəbərdarlığı nədən? Adamın ağlı qarışıb durur eləcə. Bizmi ağlımızı qaçırdıq, yoxsa sürünü tapşırdığımız çobanlarmı? Bu sualların cavabı aydındır, əslində. Sadəcə, dərd başqadır. Dərd odur ki, illərdir kimsə o “keçilərin” hesabını sormadığına görə, çobanlar da ortalıqda dolaşıb ağa havasına girdi. Ayaqları da elə yer aldı ki, nəinki hesab sormaq, harınlıqlarından yanlarına yaxınlaşa bilməzsiniz. “Keçilər” əldən gedib və onları vaxtında arayıb-axtarmadığınıza görə hələ çox peşman olacaqsınız, lap çox…

Bax, vaxtında bu hesablar doğru-dürüst sorulsaydı, ölkə beləcə qırx arşın quyunun dibinə düşməyəcəkdi. Vaxtında sizə aid olanın masanızın üstə gətirilməsini inadkarlıqla tələb etsəydiniz, indi böhran içində üzməzdiniz. O milyardlar üzərində istisnasız xalq nəzarəti olsaydı, ölkə də xarici borcların məngənəsinə keçməzdi indi. Hər şey fərqli və gözəl ola bilərdi. Ölkə vətəndaşının dəyəri ən üst yerdə ola bilərdi indi. Ailələr zənginləşə, cəmiyyət çiçəklənə bilərdi. Amma bunu istəmək və inadla tələb etmək lazım idi hər şeydən öncə. İndi əsl günahkarın kim olduğunu soruşsam, hər kəs eyni yeri, eyni ünvanı işarət edəcək. Lakin ədalət naminə özünüzü də sorğulayın bir arada. Heçmi günah payınız yoxdur sizin bu işdə?  İtirdikləriniz o yana, bir yerdə “keçiləri qaçıran” vecsiz çobanları dəyişməyə cəhd göstərsəydiniz barı…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ