SON DƏQİQƏ

PressDent.Info

Müəllimlərin günü

Müəllimlərin günü
5-10-2016, 18:52 16617 dəfə baxılıb

Yaxud, gündəliyinə “2” yazılanlar

Açığı bu mövzuda yazmaq fikrim yox idi. Çünki, son günlərin əsas mövzusu müəllimlərdi, hamı bu haqda danışır və müxtəlif yanaşmalar ortaya qoyulub.  Xüsusən də biabırçı Referendumdan sonra müəllimlər yenidən hədəfə gəldi  və qınaq obyektinə çevrildi. Və Referendumdan 10 gün sonra ölkəmizdə “Müəllim günü” qeyd edilir.  Bəli, bu dəfə müəllimləri tamam fərqli formada təbrik edilir. Elə bu “fərqli forma”nı müşahidə etdikdən sonra  yazmaq qərarına gəldim.

Bu danılmaz faktdır ki, bu gün ictimai rəy sosial şəbəkələrdə formalaşır. Artıq sosial şəbəkələr televiziyanı, ənənəvi medianı üstələyib və ən əlçatan informasiya mənbəyinə çevrilib.  “Müəllimlər günü”nə də münasibətin hansı səviyyədə olduğunu sosial şəbəkələrdəki təbriklərdən aydın görmək olur. Artıq “Müəllimləri təbrik edirik” ifadəsinin yerini “Seçkidə saxtakarlıq etməyən müəllimləri təbrik edirik” ifadəsi tutub. Təkcə bu zəruri dəyişiklik müqəddəs müəllim adının nə qədər ucuzlaşdırıldığının, bu ucalığın nə qədər kiçilməsinin göstəricisidir.

Hansısa nazirin, komitə sədrinin, deputatın, icra başçısının saxtakarlığı, qanunsuz hərəkəti insanları qıcıqlandırmır, amma müəllimin saxtakarlığa calaq edilməsini heç kim bağışlamaq istəmir. Əvvəla, ona görə ki,  deputatı, naziri, icra başçısını cəmiyyətə təqdim edən müəllimdir. Müəllim zəmanətli gələcəyin təminatçısı olmalıdır.  Gələcəyə ləyaqətli vətəndaş hazırlamaq missiyasını üzərinə götürmüş adamın, gələcəyi saxtalaşdırmaq cəhdini insanlar bağışlamaq istəmir. Heç kim övladını topa bülleten əməliyyatında iştirak etmiş müəllimə həvalə etmək istəmir.

İkincisi, insanları qıcıqlandıran budur ki, bu prosesdə iştirak edən müəllimlər özlərini çox ucuz qiymətə satırlar.  Yəni, bu “fədakarlıq”ın qarşılığında hökumət müəllimi 150-200 manatla qiymətləndirir. Müəllimi həm saxtakara çevirirlər, həm də ehtiyac bataqlığında yaşamağa məhkum edirlər.

Həqiqətən də bu mənzərə çox ürəkağrıdıcıdır. Əslində, savadsız, cəmiyyətdə öz yerini tapa bilməyən, valideyn tərbiyəsindən məhrum olmuş adamlar cinayət törədirlər.  Cəmiyyətdə belə adamlar haqqında  “bunun gələcəyi yoxdur”, “böyüyüb cinayətkar olacaq”  qənaəti formalaşır. Amma günümüzün reallığı budur ki, ziyalı adlandırdığımız, qeyri-adi insan kimi təsəvvür etdityimiz müəllimlər xalqın səsinin oğurlanmasında iştirak edirlər.  Auidotirayaya, sinif otağına girəndə ayağa qalxdığımız müəllim, indi seçki qutusuna girir. Ölkənin gələcəyini yetişdirmək öhdəliyi götümüş adamın bu qədər qürur defisiti yaşaması dəhşətli faktdır.

Əlbəttə ki, bu saxtakarlıq prosesində bütün müəllimlər iştirak etmir. Şərəfini, qürurunu, mənliyini qoruyan müəlimlər də var və belə müəllimlərin qarşısında baş əyirik. Amma seçki qutusuna haram qatan , şagirdə manat kimi baxan müəllimlər  yaxşıların da haqqına girmiş olurlar.  Burda da qurunun oduna yaş yanır. Ona görə də müqəddəs adı qoruyan müəllimlərin üzərinə daha bir məsuliyyət düşür. Onlar həmkarlarını bu çirkli işlərdən çəkindirməlidilər. Əgər müəllim adı da milli valyuta kimi devalvasiyaya uğrayırsa, bu xalq hansı dəyərədən yapışacaq, insanlar müsbət nümunələri harada axtaracaq?

Təəssüf ki, şagirdin gündəliyinə “5” yazan xeyli müəllim var ki, özünün gündəliyinə tarix “2”  yazıb.  Yaxud, şagirdi imtahandan kəsən xeyli müəllim var ki, özü tarixin imtahanından kəsilib.

Bu ölkədə çox dəyərlər dəyərsilzəşdirilib. Kaş, müəllim adına əl uzadılmayaydı, kaş müəllimlər əlini saxtakarlığa uzatmayaydı. Kaş yaddaşımızda  “bülleten müəllim”, “seçki müəllim”, “məntəqə müəllim” yox, yalnız “şərəfli müəllim” adı qalaydı.  İndi cəmiyyətdə elə bir fikir formalaşıb ki, “filankəs müəllimdir” deyəndə,  beynilərdə “görəsən seçkidə saxtakarlıq edib?” sualı dolaşır.  Bəli, müəllimlər də cəmiyyətin istintaqına  verilib.

İstənilən halda, bu ölkədə müəllimlərin günü yoxdur.  Bu hökumət müəllimləri gün görməyə qoymadı. Biri şərəflə müəllimlik edib ehtiyac içində yaşayır, o biri seçkidə saxtakarlıq edib, pis adla yaşayır.

İnanırıq ki, tezliklə bu ölkədə müəllimlər də gün görəcək. O zaman müəllimlərin gününü qeyd edərik.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ