SON DƏQİQƏ

PressDent.Info

Hüququn aliliyi haqqında

Hüququn aliliyi haqqında
23-08-2016, 13:39 16791 dəfə baxılıb

Elnur As

[email protected]

Yaşadığımız çağda gəlişmiş, yüksələn dünyanın bir parçası olmağın ən böyük şərti hüquq dövləti olmaqdır.

Istədiyiniz qədər yeraltı-yerüstü var-yatırınız olsun, gerçək bir hüquq dövləti olmadıqdan sonra bunun ölkənizə bir yararı olmaz. Sadəcə, kimlərinsə şəxsi cbblərini doldurmağa, bir ovuc adamın dəbədəbəli həyat tərzi keçirməsinə yarayar.

Hüquq dövləti deyilsinizsə, deməli, can və mal güvənliyiniz hər an təhlükə, risk altındadır.

Hüquq dövləti deyilsinizsə, özünüzü üçüncü dünya ölkəsinin vətəndaşı kimi hiss etməyə məhkumsunuz.

Hüquq dövləti deyilsinizsə, təhsildən siyasətə, elmdən mədəniyyətə, iqtisadiyyatdan idmanadək hər sahədə günbəgün geriləmə, çöküş, süqut yaşamağa məcbursunuz.

Yaşadığımız çağda modern hüququn iradəsindən üstün iradə yoxdur və bu gün dünyanın gəlişən, yüksələn, iqtisadi, mədəni, elmi, texnoloji uğurları ilə öyünən, başqalarına fərq atan ölkələri hər şeyə görə məhz bu üstün iradəyə borcludurlar.

Yalnız ədalətli, demokratik cəmiyyətlərdə gələcəyin önü açıqdır, uğur qazanmaq imkanları çoxdur, ən müşkül əngəlləri  aşmaq fürsəti isə hər zaman var.

Bu sadə həqiqətə dünyanın çeşidli coğrafiyalarında hər gün daha çox insanın inanmağa başladığı bir vaxtda, Azərbaycanda müşahidə edilən nədir? Ədalət duyğusu hər gün daha ağır yaralar alır, “hüquq”un “h”sindən danışmaq artıq mümkünsüzləşib, insan haqq və azadlıqları haqqında isə yalnız keçmişdə danışmaq mümkündür.

Qondarma, uydurma, absurdu belə vurub keçən, yalnız və yalnız gülüş doğuran ittihamlar əsasında həyata keçirilən siyasi sifarişli həbslər ara vermir, hər keçən gün bir az da sürətlənir, hər keçən gün bir az da biabırçı şəkil alır, məhkəmələr insan qulaqlarında məzhəkələr kimi assosiasiya olunur, beləliklə, toplum üzərində basqı və xof gücləndirilməyə, möhkəmləndirilməyə çalışılır.

Belə bir ortamda Azərbaycanın gələcəyi adına ümidverici nəsə danışmaq mümkündürmü? Dünənlə və bugünlə müqayisədə sabah gözəl şeylərin ola biləcəyinə, bu ölkənin erməni işğalından tutmuş işsizlik, yoxsulluq, təhsilsizlik, səhiyyəsizlik, elmsizlik kimi problemlərdən arınacağına, modern, tərəqqipərvər, gəlişmiş dünyada yer tutacağına inanmaq mümkündürmü?

Hüququ belə bir karikatur vəziyyətə saldıqdan sonra – əsla və əsla!

Bir ölkədə hüquqsuzluq varsa, deməli, o ölkədə artıq hər cür bəla, fəlakət də var.

Bir ölkədə hüquqsuzluq varsa, deməli, o ölkədə yalan da var, talan da. Işsizlik də var, bilgisizlik, cəhalət də var.

Bir ölkədə hüquqsuzluq varsa, deməli, o ölkədə gecələr yatağa ac girən çocuqlar, övladlarının qarnını doyura bilməməyin xəcaləti ilə yaşayan atalar da var.

Bir ölkədə hüquqsuzluq varsa, deməli, o ölkədə minlərlə, on minlərlə, yüzminlərlə məzlum insanın ahı var, fəryadı var, gözyaşı var.

Bir ölkədə hüquqsuzluq varsa, deməli, o ölkənin gələcəyində qaranlıq var, o ölkənin hüzurlu, firavan gələcəyinə dair çoxlu cavabsız suallar var.

Ona görə də ölkəni idarə edənlər hər haqsız həbslə, qanunları deyil, şəxsi istək və iradələrini hüququn üstünə çıxarmaqla məmləkəti nəhəng bataqlığa, qorxunc qaranlığa sürükləmələrini anlamalıdırlar.

Və o da unudulmamalıdır ki, yaşadığımız çağda və dünyada hüquq hər kəs üçün əvəzedilməz nemətdir, amma günlərin bir günü elə onu gömməyə çalışanlara da gərək ola biləcək vazkeçilməz, ali dəyərdir. Hüququ bu torpaqlardan ilim-ilim itirməyək ki, gün gəlib onu özümüz üçün aramalı olanda asanca tapa bilək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ