SON DƏQİQƏ

PressDent.Info

Biz necə “gülənçi” olduq?

Biz necə “gülənçi” olduq?
22-08-2016, 20:24 16965 dəfə baxılıb

Yaxud, xalqçı olmağın bədəli

İlham Hüseyn

Hamı kimi bizim də şəxsiyyət vəsiqəmiz var və bu vəsiqədə adımız, soyadımız yazılıb. Amma bu ölkədə öz adınla doğulub, özgə adlarla ittiham olunmaq təhlükəsi var. Daha dəqiq desək, bu ölkədə vicdanlı olmaq, xalqın mənafeyini güdmək, dövlətin maraqlarından çıxış etmək cinayət tərkibi yaradır. Əgər bu sadaladığımız keyfiyyətlərə sahibsənsə, hökumət sənin üçün yeni “şəxsiyyət vəsiqə”ləri yaratmağa çalışacaq.

Bəli, axtarış zamanı üstünüzdən vicdan tapılıbsa, terrorçu, narkoman, xuliqan, ermənipərəst olmanızın ehtimalı böyükdür. Amma vicdan qəbul etməyə davam edirsinizsə, vicdan aludəçisi olursunuzsa, daha çətin sınaqlardan keçməli olacaqsız.

Uzun illərdi bu ölkədə vicdanla silahlanmış bir qrup adam ədalətsizliyə, talançılğa, saxtakarlığa qarşı mübarizə aparır. Heç bir təqib, təzyiq, məhrumiyyət bu insanların vicdan hərisliyinə son qoya bilməyib.

İndi də vicdanlı insanlar yeni “ad”a layiq görülüblər. Bəli, bu dəfə demokratik düşərgəyə “gülənçi” adı verilib. Dünənə qədər “polisə müqavimət” ittihamı ilə həbs edilən, “ermənipərəst” kimi təqdim olunan, hətta radikal şiəlikdə günahlandırılan adamlar, bu gün “gülənçi”likdə ittiham edilirlər.

Həmişəki kimi “adqoyma mərasimi”nin əsas iştirakçıları cəbhəçilərdi. Bir neçə ay əvvəl Əli Kərimlinin müavini Fuad Qəhrəmanlını radikal şiə kimi həbs etmiş olsalar da, dünən Əli Kərimlinin köməkçisi Faiq Əmirlini “gülənçi” kimi həbs etdilər. Həm də Faiq Əmirli Türkiyədəki çevriliş cəhdini birmənalı şəkildə pisləyən, əvvəl gündən ortaya sağlam mövqe qoyan “Azadlıq” qəzetinin direktorudur. Üstəlik, Faiq Əmirli ilk gündən çevriliş cəhdini lənətləyən AXCP sədri Əli Kərimlinin köməkçisidir.

Aydın görünür ki, hökumət özünütəkziblə məşğuldu. Əli Kərimlinin ən yaxın adamlarından birini şiəlikdə,o birini gülənçilikdə ittiham edir.

Amma məntiqlə düşünəndə belə qənaətə gələmkə olur ki, hökumət Fətullah Gülənin qisasını alır. Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyədə baş verənlərə AXCP sədri Əli Kərimlinin də, “Azadlıq” qəzetinin də münasibəti göz önündədir. Həm də hökumət israrla əsl Gülənçiləri məsuliyyətə cəlb etməkdən imtina edir.

Bəli, hökumət “Gülən labrinti”ndən çıxmaq üçün əzəli-əbədi rəqibləri qurban vermək istəyir. Həm də qarşıdakı ağır böhran vəziyyətində narazı kütləni ardınca apara bilən qüvvənin sıradan çıxarılması hökumət üçün göydəndüşmə oldu. Amma həmişəki kimi bütün ittihamlar bumeranq effekti verdi. Narkotiklə ittiham olunmaq, polisə müqavimət göstərməkdə günahlandırılmaq “gülənçi” ittihamının yanında toya getməlidir. AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədlini “Gülənin tərəfdaşı” kimi təqdim etməklə, yadpalanetlilərlə işbirliyində ittiham etmək arasında heç bir fərq yoxdur. Çünki, bu adamın yadplanetlilərlə əlaqəsi hansı səviyyədədirsə, Gülənlə də eyni səviyyədədir.

Əlbəttə ki, haqq nə qədər nazilsə də üzülməyəcək. Bu gün müxtəlif cinayətlrədə ittiham olunan vicdanlı adamları ölkə də, dünya da qəhrəman kimi tanıyır. Bu adamlar şərəfli adla yaşayıb, şərəfli adla da öləcəklər. Kiməsə işgəncə verib ifadə almaq, kiminsə cibinə narkotik atmaq, kiminsə maşınından Gülənin kitabını çıxarmaq nəticəni dəyişmir.

Bizə nəyə görə “ermənipərsət”, “vətən xaini” deyirdilərsə, ona görə də “gülənçi” deyirlər. Biz XALQÇI olduğumuza görə alternativ “adlar”la mühasirəyə salınmışıq. Biz həqiqətən də “gülənçi” olsaydıq, hökumət bizi himayəsinə götürərdi, biz həqiqətən də “Rusiya proyekti” olsaydıq komfort həyat yaşayardıq. Biz xalqçı olmağın bədəlini ödəyirik. Ürəyimizdən xalq sevgisi tapdıqlarına görə, maşınımızdan, evimizdən Gülənin kitablarını “tapmaq” tələbatı hiss edirlər.

Bəli, çikaba bulaşmadığımız üçün, haqsızlıqla barışmadığımıza görə “gülənçi” olduq. Gülən mövzusu dəbdən düşəndən sonra bizə yeni “adlar” yapışdırmağa davam edəcəklər. Biz isə hamını öz adıyla çağırmağa davam edəcəyik.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ