SON DƏQİQƏ

PressDent.Info

Qarabağa aparmayan Qarabağ danışıqları

Qarabağa aparmayan Qarabağ danışıqları
19-08-2016, 15:52 17226 dəfə baxılıb

Xaliq Bahadır

[email protected]

1993-cü il çevrilişindən bu yana ata-bala Əliyevlərin başçılığı ilə dünyanın bu başından o başına Qarabağ danışıqları aparılır. Hər danışıq öncəsi, danışıq sonrası Qarabağı qaytarmağın bircə addımlığında olmağımızla bağlı böyük hay-küy qoparılır. Bunların ən güclülərindən olan “Lissabon sammiti” hələ də siyasi gülməcə faktı olaraq dildə-ağızda dolaşmaqdadır. Elə işin ilgincliyi də buradadır: Əliyevlər çoxdan Qarabağla bağlı danışıqları siyasi gülməcə faktına çeviriblər. Bu isə sonradan qurulan oyun deyil, hakimiyətə gələndən öncə düşmən güclərlə qurulan oyundur.

Onlar Qarabağ kartından yararlanmaqla hakimiyətə gəlsələr də, Qarabağı qaytarmaq üçün gəlmədilər; Qarabağ konfliktindən yararlanmaqla Azərbaycan düşmənləriylə birlikdə Azərbaycanı soyub-yağmalamaq üçün gəldilər. Bu soyub-yağmalama sürəcini asanlıqla, az başağrısıyla gerçəkləşdirmək üçün, H.Əliyev qabaqcadan dediyi kimi, pencəyini çiyninə atıb gedib Xankəndində oturmadı – konfiliktin çözümünü ATƏT adlı gərəksiz-yararsız bir quruma ötürdü. Erməniyönlü Rusiyanın, Fransanın söz yiyəsi olduğu bir qüruma! Ən başlıcası da, konfliktin çözümü Qafqaza gəlişindən bu yana Azərbaycan coğrafiyasını darmadağın edən, Azərbaycan adlı böyük, güclü Qafqaz dövlətinin varlığına son qoymağa çalışan, bu üzdən də terrorçu erməni yığınını Azərbaycandan üstün gücə çevirməyə çalışan Rusiyaya ötürülməsi başlanğıcdan Azərbaycana dönüklük faktı idi.

Indi bir çoxları “Qarabağ konflikti çoxdan beynəlxalq problemə çevrilib” deyə, ata-bala Əliyevləri duruya çıxarmağa çalışır. Detallara varmadan birbaşa bildirmək gərəkir: bunu onlar özləri etdilər; Azərbaycanı uzun sürəli sorunlar içində asanlıqla soyub-yağmalamaq üçün etdilər – burasını dönə-dönə vurğulamaq gərəkir. Onların başlıca istəyi, strategiya adına nəsə vardısa, o da bu idi. Bunu Britaniya parlamentinə bağlı vergi qurumunun açıqladığı faktdan da görmək olar: ata-bala Əliyevlər 1993-2010-cü illər arasında Azərbaycandan tək bir ofşora 48 milyard dollar pul oğurlayıb çıxarıblar. Bu gün ortaya çıxarılan faktlardan göründüyü kimi, onlar oğurluq, soyub-yağmalama sürəcinə bir gün də ara verməyiblər. Belədə onlar Qarabağı qaytarmaqla bağlı gerçək bir iş görə bilərdilərmi?! Qarabağ onlara bir oyun kartı olaraq gərək idi, indi də eləcə gərəkdir. Belədə xalq olaraq, Azərbaycan olaraq biz nə gözləyirik?!

Qarabağı qaytara bilmədiklərini onlara keçmək-bağışlamaq olardı… ölkəyə böyük axınla gələn neft milyardlarını bu xalqı varlandırıb-gücləndirmə, ölkəni yüksəltmə faktoruna çevirsəydilər, demokratik hüquq dövləti oluşdursaydılar. Onlar nə etdilər? Onlar açıq-açığına ölkədə IŞĞAL rejimi qurdular – bu gün bütün ölkə bir ailənin sınır tanımayan IŞĞALI altındadır: indiki referendum qərarı bir ailənin, bir xalqı, bir ölkəni, bir dövləti IŞĞAL etməsi faktını LEGITIMLƏŞDIRMƏK üçündür! Bu legitimləşdirmə isə Putinsiz çətin baş tutar. Bu üzdən referendum qabağı Putini gətirib yaxşıca… ağırladılar! O isə özünün aqressor imperialist qərarını verib getdi: “Qarabağ konfliktində qalib ola bilməz”. O, buyruğunu verdi, bunlar susdular. Belədə, milyardlarla puldan keçərək regionun “büdcəsi Ermənistanın bövlət büdcəsində qat-qat artıq olan” (I.Əliyev) bir ordu yaratmaq bizim nəyimizə gərəkdir? Belədə bizə yalançı-yarımçıq savaşlarla xalqı (ordunu) qırğına verən ali baş komandan da gərək deyil. Belədə bizə yalnız ingilis-rus dillərini yaxşı bilən bir boşuna danışıq adamı gərəkdir: o, illərlə ingilis, rus dillərində keçirdiyi “uğurlu” görüş-danışıqlardan danışsın, biz də illərlə başımızı aşağı sallayıb qulaq asaq. Deyəsən, illərdi biz, axı, bunu edirik: onlar illərdi boşuna danışır, biz də illərdi boşuna qulaq asırıq. Ermənilərsə, onların özlərinin, Iran Islam Respublikasının, Rusiyanın yardımlarıyla Qarabağda arxayınca tikinti-quruculuq işləri aparırlar…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ