SON DƏQİQƏ

PressDent.Info

1969-un 14 iyulundan sonra…

1969-un 14 iyulundan sonra…
19-07-2016, 23:03 22446 dəfə baxılıb

Rövşən Hacıbəyli   

Dünən yenə növbəyə düzülmüşdülər; alimi, deputatı, müğənnisi… ağzı köpüklənə-köpüklənə danışırdı. Illərdir dediklərini təkrarlayırdılar, qınamalı da deyil, başqa nə danışasıydılar, ancaq bezdirici olduğunu gərək bir qədər nəzərə alaydılar. Səhər-səhər adamların ovqatını korlamaq heç də yaxşı hərəkət deyil. 14 iyuldan danışırdılar – heydər Əliyevin 1969-cu ilin bu günündə siyasi hakimiyyətə gəlməyindən.

Guya onun gəlişiylə elmə, təhsilə maraq artıb, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə başlayıb. Düzdür, başlayıb, ancaq necə? Həmin il ali məktəblərə qəbulda rüşvət bir az yığışdırılıb, kasıb balaları da universitetin hüquq, tarix, şərqşünaslıq fakültələrinə qəbul olub… Növbəti ildən isə rüşvət ötən illəri üstələyib, məmurlar daha böyük pul qarşılığında yenə də övladlarını istədikləri ali məktəbə, fakültəyə qəbul etdiriblər. Elə indiki çağda olduğu kimi; rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə kampaniyası məbləği artırmağa xidmət edib. Ləyaqətli alimlər, müəllimlər elm və təhsil ocaqlarından uzaqlaşdırılıb…

Guya Heydər Əliyevin gəlişindən sonra kənd təsərrüfatına diqqət və qayğı artıb, kəndlər inkişaf edib, əhalinin yaşayışı yaxşılaşıb… O vaxt ağlım kəsən çağlar idi. Kəndimizin adamlarının hansı əziyyətləri çəkdiyini xatırlayıram. Heydər Əliyevin gəlişindən sonra bu əziyyətlər ikiqat zülmə çevrildi. 1970-ci ildən pambıqçılığa xüsusi diqqət başladı. Bu “diqqət və qayğı”nın əsas qurbanları isə valideynlərimizlə birgə biz məktəblilər idik. Aprelin sonlarından məktəblə vidalaşırdıq, pambığın seyrətməsi bizim boynumuzaydı – 4-cü sinifdən yuxarı şagirdlərin. Sonra alaq işləri başlanırdı. Tətil vaxtı qısa bir ara olurdu. Sentyabrda dərslər başlananda pambıq yığımı sezonuydu. Yenə məktəblilərin iştirakıyla. Sərt qaydalar vardı, yayınmaq mümkün deyildi, üstəlik, valideynlərin qorxusu. Pambığa getməmək onların cəzalandırılmasına səbəb olurdu ki, sonda cəzanın, danlağın təpiyi uşaqlara dəyirdi. Yerlərdə kolxoz sədrlərinə hər cür səlahiyyət verilmişdi, savadsız, səviyyəsiz, küçə uşağı tipində adamlar vəzifəyə gətirilmişdi, onlar da əxlaqlarına uyğun hərəkət edir, qadın, uşaq, kişi bilmədən hamını ucdantutma təhqir edirdilər. Pambıqçılıq rayonlarında əsl gestapo rejimiydi. Pambıq vaxtı toy nədir, az qala ölməyi də qadağan eləmişdilər. Heydər Əliyevin bir kadrı vardı, Almaz Hacıyeva, o, “pambıq vaxtı doğmaq olmaz” deyirdi. Rayon ərazisində qarşısına çıxan maşınları saxlatdırıb adamları maşından düşürür (doğum evinə, xəstəxanaya gedənləri belə) maşının açarını sürücünün əlində alıb çıxıb gedirdi… Pambığa aparılan adamlara heç bir qayğı yox idi, adi su belə problemdi, arxlardan bulanıq su içirdik, təyyarələr zəhəri başımıza tökürdü. Dəfələrlə zəhərlənmə halları olmuşdu, uşaqlar həkimlərin sayəsində ölümdən qurtulmuşdu. Şikəst doğulan uşaqların sayı artmışdı. O illərdə ev tikmək belə yasaq edilmişdi. Daş, taxta, armatur almaq cinayət sayılırdı. Anındaca milis başının üstünü kəsdirirdi, düzdür, çağın tələbinə uyğun rüşvətlə problem çözülürdü. Maşın almaq olmazdı, məmurlara belə. O səbəbdən məmurlar maşını ancaq lotoreyada “udurdu”. Bu uduşlardansa KQB-dən gələn Heydər Əliyevin “xəbəri olmurdu”. Belə saxtakarlıqlarla zəngin bir zamandı.

“Sosializm yarışı” deyilən yarışlar keçirilirdi. Yadınıza salın, “Görüş” filmində bu yarışlardan danışılır. Onları biz yaşayırdıq. Azərbaycan Özbəkistanla yarışırdı. Pambıqçılıq ənənəsi olan Özbəkistanla gerçəkdə yarışa girib mübarizə aparmaq çətin olduğundan Heydər Əliyev bu mübarizəni kağız üzərində aparırdı. “Pripiska”ya geniş meydan verilmişdi…

Illərdir bunların öyündüyü başqa bir məsələ guya Heydər Əliyevin ittifaqda söz sahibi olması, Azərbaycanda zavod-fabrik tikdirməsiydi, illah da Kondisioner zavodunu. Tamamilə həqiqətdən uzaqdır. Ittifaqın öz planları vardı və plana uyğun bütün respublikalarda zavod-fabriklər tikilirdi. Yaxşı, bəs niyə Heydər Əliyevin gəlişindən sonra həmin zavod-fabriklər bir sinif kimi ləğv edildi? Ittifaq miqyasında məşhur, Qarabağ savaşı vaxtı silah-sursat buraxan Səttarxan (Leytenant Şmit) zavodu yerlə-yeksan edilib yerində Heydər Əliyev mərkəzi tikildi? “Azon” zavodunun binası bütün günü yalan püskürən ITV-yə verildi. Niyə öz tikdiklərini özləri dağıtdılar?!.

Hər il “uğurlara” görə keçici Qırmızı Bayraq alan Azərbaycan nədən aclıq və səfalət içində yaşayırdı? Heç bir bayraq uğrunda mübarizə aparmayan, vətəndaşlarının təhsilinə xüsusi diqqət ayıran, kənd təsərrüfatında uğurları olmayan Ermənistan və Gürcüstan yağ-bal içində üzürdü. Kənd təssərüfatındakı “uğura” görə bayraq alan azərbaycanlılar xörək bişirməyə yağ tapa bilmir, ondan ötrü Ermənistana və Gürcüstana üz tuturdu; 14 iyul 1969-cu ildən sonra…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ