SON DƏQİQƏ

PressDent.Info

Avropaya gedən şikayətlər

Avropaya gedən şikayətlər
2-07-2016, 16:51 22359 dəfə baxılıb

Səadət Cahangir

Hüquq və məhkəmə sisteminin ölüm vəziyyətində olduğu bir ölkədə yaşayırıq. Salındığımız haqsızlıq girdabından, düşdüyümüz şər çuxurundan, atıldığımız böhtan quyusundan səslənib imdad diləyəcək bir ünvan yox. Bilirsiniz bu nə deməkdir? Insan çarəsizliyinin və ümidsizliyinin sonu deməkdir. Zülmün, qansızlığın, özbaşınalığın, mənəmliyin tüğyan etməsi deməkdir. Yəni “siz nə edirsinizsə-edin, kimi çağırırsınızsa-çağırın, hara baş vurursunusa-vurun, ədalət yürüməyəcək burda” deyirlər. “Ədalət də, qanun da, məhkəmə də bizik!” təkəbbürü var bu ölkənin hakim rejimində. “Biz nə istərsək, o olur” hikkəsi var. Yalan, iftira, sistem pozğunluğu, idarəetmə hərc-mərcliyi var. Yaşanan böyük insan faciələri, ağılalmaz vicdansızlıqlar var. Hara qədər davam edəcək bu dəhşətlər? Nə qədər əziləcəyik bu zülm maşınının təkərləri altında? Hansı vaxta qədər boynumuzu bu amansız qılınca əyib, zamanını gözləyən qurbanlıq kimi gözümüzü döyüb duracağıq? Heçmi düşünmürsünüz, bu ölkənin sabahında övladlarınızı gözləyən faciələri?..

Azərbaycandan Avropa Məhkəməsinə yollanan şikayətlərlə bağlı qərarlar gəlməkdə davam edir. Bu il onlarla siyasi motivli şikayət üzrə müsbət qərar çıxarılıb. Iki gün əvvəl isə hökumət daha 18 nəfərin işi üzrə yüksək məbləğdə cərimələndi. Hələ orda qərar gözləyən yüzlərlə bənzər iş var. Başqa necə olmalıdır ki? Öz ölkəsində ədalət tapa bilməyən insan kimə, hara üz tutmalıdır? Burda onun dərdini dinləyən, halına acıyan, səsini eşidən kimsə yoxdur axı. Burda sistem insanlar üçün ədalət arayışında deyil, yalnız sifariş yerinə yetirilir. Insan taleləri ilə cücü dezinfeksiyası ilə məşğul olurmuş kimi davranırlar ölkə məhkəmələrində. Göz görə-görə insanları süpürüb həbsxana girdabına tullayırlar. Həyat və yaşamaq imkanları boğulub bu ölkədə. Yerlə yeksan olub bütün həqiqətlər. Necə olacaq bu əzabların sonu, harda duracaq? Duracaqmı, yoxsa elə bu axarda da davam edəcək?

Belə bir lətifə var. Bəlkə də, olmuş hadisədir elə. Bir məhkəmə işində şahidlik üçün kürsüyə yaşlı bir qadın çağırırlar. Vəkil qadına sual verir:  “Məni tanıyırsınız?”

Yaşlı qadın cavab verir: “Sizi uşaqlığınızdan bəri tanıyıram… siz taa o zamanlardan ailəniz üçün bir baş bəlasıydınız… Davamlı yalan söylərsiniz, ən yaxın insanların arxasından danışarsınız. 2 dollar artıq qazanmaq üçün hər kəsi satarsınız…”

Vəkil də, bütün salon da şok olur. Adam nə edəcəyini bilmədən qadından təkrar soruşur: “Qarşı tərəfin vəkilini necə, onu da tanıyırmısınız?” Qadın yenə cavab verir: “Əlbəttə tanıyıram, uşaqlığında onun dayəsi olmuşam. Tənbəl, qorxaq və içki aludəçisidir. Ətrafında bir tək dostu belə yoxdur və hər kəs onun hələ də gecələr altını islatdığını söyləyir…”

Bütün salonu uğultu tutur. Hakim əlini kürsüyə vurub salonu susdurur və hər iki tərəfin vəkilini kürsüyə çağırıb, qulaqlarına pıçıldayır:

“Əgər bu qadına məni tanıyıb-tanımadığını sorarsanız, ikinizi də məhv edərəm…”

Günümüz məhkəmələrinin real mənzərəsi bu yaşlı qadının yumorundan çox-çox dəhşətlidir. Sifariş, saxtakarlıq, yalan, iftira, rüşvət cənginə alıb bütün sistemi. Ölkə qanunu ayaq altına atmış bir rejimin girovuna çevrilib. Bu girovluğun içində qaranlıq, ümidsizlik və bitkinlik var. Vaxt itirmədən çıxmamız lazım!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ