SON DƏQİQƏ

PressDent.Info

2 milyona dayanan yekələnmə

2 milyona dayanan yekələnmə
30-06-2016, 19:59 22620 dəfə baxılıb

Zümrüd Yağmur

[email protected]

Artıq neçə gündür bir qadının xəstə ayağı yerinə dəyişik salıb sağlam ayağını kəsən həkim haqqında yazırlar. Doğrudan da, yəqin tibb tarixində nadir rast gəlinən hadisələrdəndir. Təbii ki, tibdə, xüsusən əməliyyatlarda ölüm və ya uğursuzluqlar olur, amma daha dəyişik salıb xəstə ayaq əvəzinə sağlam ayağı kəsmək nəsə başqa bir şeydir və Azərbaycanda baş verib.

Amma inanın, heç də dəhşət deyil. Niyə? Çünki dediyim kimi, Azərbaycanda baş verib.

O ölkədə ki illərdir rejim baş kəsir. Düşünən başları kəsən rejimin sağlam ayağı kəsən həkiminin olması bizi niyə bu qədər heyrətləndirir, anlamadım…

Məgər bu hadisələrin baş verməsi üçün illərdir ölkədəki bütün sahələrin, təhsil, tibb, iqtisadiyyat, daha sonra mənəviyyat və məsuliyyətin, peşə əxlaqının məhv edilməsi üçün hər şey edən rejimi bəsləmirikmi?!

Yazırıq, sosial şəbəklərdə “bəyəndim” edirik, rəy yazıb ürəyimizə yığılan siyasi dedi-qodunun hikkəsini çıxarırıq, vəssalam!

Bu ölkədə nə olursa-olsun, xalq etiraz etmək niyyətində deyil. İranı, Turanı bəyənmirik, özümüzü dünyanın üstünə qaldırmışıq. Amma o bəyənmədiyimiz İranda bir necə müddət əvvəl məmurların maaşlarının yüksək olması xəbəri mətbuata sızdırılandan sonra əməllicə etiraz etdi “cahil cəmiyyət”. Bu etirazın da qarşılığı olaraq yenə bəyənmədiyiniz “mollalar” məsələni araşdırıb ədalətsizliyin aradan qalxması üçün tədbirlər görmək məcburiyyətində qaldı.

Amma bizim nə “cahil olmayan”, müasir görünürşlü insanımız bu tipli xəbərlərdən əndişə edir, nə də molla papağı deyil, qalstuk taxıb kostyum geyinən “müasir” siyasilərimiz eyibinə utanır.

Bizim “müasirlərimizi” heç maraqlandırmır ki, Azərbaycan hökuməti 2013-cü ildə AŞPA-da İtaliyadan olan deputat Luka Volonteyə 2 milyon 390 min avro həcmində rüşvət verib ki, ölkədə siyasi məhbus olması təsdiqini tapmasın. Heç o kostyumlu siyasilərimiz də utanmayacaq ki, bundan sonra böyük kürsülərdən yekə-yekə danışıb, “bizdə siyasi məhbus yoxdur” deyiblər və indi bəlli olub ki, bu yekələnmənin arxasında nə dayanırmış.

İndi üzə çıxan bu biyabırçılığa həyalı birinin verəcəyi reaksiya başqa olmalıdır əslində. Amma biz əvəzində nə görürük? Yenə hakimiyyətin 5-ci, 10-cu dərəcəli adamları çıxıb deyir ki, “yalandır, ermənilərin fitnəsidir”, vəssalam. Məsələni ciddiyə alıb, hesab vermək barədə fikirləşəni yoxdur yenə. Kimsənin bunlardan hesab sormayacağını bilirlər çünki…

Hər dəfə belə faktlar üzə çıxanda bəlli olur ki, ölkənin sərvətləri bizdən başqa hər kəsə yetir. Hər əlinə fürsət düşən Azərbaycanın sərvətlərindən geninə-boluna yararlanır, iş görür, siyasət yapır, daha nə bilim nə edir.

Əcnəbi siyasət yapanda biz də necə deyərlər, dedi-qodu yapırıq. Başqaları millət, vətən dərdi çəkəndə, biz də bir-birimizin ayağını çəkirik.

İndi Sabiri necə xatırlamayasan axı? Necə deməyəsən ki, “kim nə deyər bizdə olan qeyrətə?”

Amma deyə bilmərik, ağsaqqal kişilər, ağbirçək qadınlar o dəqiqə reaksiya verib üstümüzə gələr ki, “nə deyəcəksən məndə olan qeyrətə?”

Çünki qeyrət məhəllədə oturub tum çırtlayan qadınların, çayxanada əlini masaya bərk vurmaqla, evindəki qadını təpikləməklə qoçuluq edən kişilərin bildiyidir. Bizim bildiyimiz deyil. Milli qürurun tapdanması, sənin malına başqasının sahib çıxması da deyil heysiyyatsızlıq…

O italiyalı Lukaya verilən milyonlar, yaxta, villa, idman yarışlarına, xaricdə kef məclislərinə, güya Azərbaycana sığınan erməniyə xərclənən pullar da sizin deyil ki. Sizin olan ya daxma, könhə bir maşındır, ya da zənginsinizsə, villa, bahalı maşın, saxladığınız məşuqələrdir. Kasıbının da, varlısının da uğruna yalanlar danışdığı “müqəddəs dəyərləri” bunlardır…

Və siz bu “müqəddəs dəyərlərinizə” vaxt xərcləyəndə başqaları sizin malınızı yeyir.

İndi deyin, bütün bunların yanında bir sağlam ayağın kəsilməsi çoxmu böyük dərddir? Ayaq da kəsiləcək, luka volontelər burdan pul da yeyəcək…

Və bütün bunlar baş verəndə hər halı ilə özünə təsəlli vermək üçün bir ata məsəli uydurmuş bu xalq başını müdrik-müdrik yelləyib deyəcək: “Yeməyənin malını yeyərlər”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ