SON DƏQİQƏ

PressDent.Info

Güman edirik ki, İran Ermənistanla münasibətlərinə yenidən baxmalıdır.

Güman edirik ki, İran Ermənistanla münasibətlərinə yenidən baxmalıdır.
26-04-2016, 14:52 14442 dəfə baxılıb

Əslində çoxqütblü dünyada müxtəlif subregional və regional alyansların yaranması elə də təəccüblü görünməməlidir. Biri-birinə siyasi və ya geosiyasi istiqamətcə yaxın ölkələr öz siyasi xətlərini uzlaşdırmaq üçün belə ittifaqlar qururlar. 

Amma onlar elə də təhlükəsiz deyil, xüsusən də sənin ölkən həmin geosiyasi arxitekturanın içində olmayanda. 

Qərəz, ötən həftənin sonlarında Ermənistan prezidenti Rusiyaya səfər etdi. Əslində bu, o qədər də diqqət çəkən məsələ deyildi – güman ki, Serj müəllim  patronu ilə görüşmək, ona hesabat vermək və bir də yaxın dövr üçün məsləhət almaq istəmişdi...

Amma Rusiya nəşrləri səfərə xüsusi diqqət ayırdılar. Bu diqqətdə isə bizə o maraqlı göründü ki, onlar bölgədəki Türkiyə-Azərbaycan-Gürcüstan ittifaqına qarşı Rusiya-İran-Ermənistan ittifaqının formalaşmasından yazdılar.

Sonuncu üçbucaqda Rusiya ilə Ermənistanın adının hallanması elə də təəccüblü görünmədi – Ermənistan həmişə Rusiyanın ardınca sürünüb və bu,  cuper-yeni bir hadisə deyil.

Bizi üçbucaqda narahat edən İran məsələsi oldu. Qəribəsi odur ki, hələ bir neçə il bundan əvvəl İran Ermənistanı təcavüzkar dövlət kimi tanıyırdı. Amma eyni zamanda da bu ölkə ilə geniş əlaqələr saxlayırdı. Əvvəlki dövrlərdə bəlkə də onları başa düşmək olardı – o vaxt hələ sanksiyalar vardı və İranın əməkdaşlıq üçün ölkə seçmək imkanları məhdud idi. Amma artıq sanksiyalar  yoxdur, bir çox ölkələr İranla əməkdaşlığa can atır. Belə olan halda nədən İran Ermənistanın ətəyini buraxmır?

Bəlkə bu sualın da cavabı var. Bəlkə də bir deyil, hətta bir neçə cavab var.  Onları burada sadalamayacağıq. Sadəcə, bircə məsələni qeyd edəcəyik. Başqa vaxt İran islam təəssübkeşliyindən danışmağı sevir. Amma elə ki, iş reallığa gəlir, rejimin maraqları daha önəmli olur. 

Bəli, biz rejimin marağı deyirik, çünki bütün rejimlər son nəticədə dövləti təmsil etsələr də, bəzi hallarda nəyin daha üstün olduğunu müəyyənləşdirmək elə də asan olmur.

İndi İran iki “qapıya oynamaq”da davam edir. Bir tərəfdən Azərbaycanla, o biri tərəfdən də Ermənistanla geniş əlaqələr saxlamağa çalışır. 

İndiki halda onu Rusiya cinahında görmək də elə də təəcüblü deyil. Əvvəla, İran rejiminin Qərblə problemləri qalır, ABŞ sanksiyaların hələ də bir hissəsini götürməyib. Üstəlik, rejim həm də ideoloji cəhətdən də Qərbə yaxın deyil və Qərb dəyərlərinə opponentlik etməkdə davam edir.

Strateji fərqlərdən savayı taktiki məsələlər də var. İndi Rusiya ilə İranı yaxınlşadıran həm də Suriyaya baxışdır. Suriya məsələsi onları bir ittifaqda olmağa sövq edir. 

Ən maraqlısı isə bilirsiniz nədir? Bizimkilərin, bəli, bizim öz hakimiyyətimizin də Suriyaya baxışı kristallaşmır. Açıq şəkildə olmasa da, B.Əsədə daha anlaşıqla yanaşdıqları duyulur. Halbuki, səhv etmiriksə, hələ bir neçə il əvvəl Suriya parlamenti “erməni genosidi”ni tanımışdı. Təkcə elə bu məsələ Əsəd rejiminə münasibətimizi birdəfəlik müəyyənləşdirə bilərdi... 

Amma avtoritar sistemlər daha asan “anlaşırlar”. Görünür, bizimkilərin də bu məsələdə “nala-mıxa vurması” bununla bağlıdır...

Bir məsələdən o birisinə keçmək olmasın... Amma bir nüans var ki, onu gərək qeyd edək. 

Təsəvvür edin, hətta Suriya hadisələrilə son illərdə Azərbaycanda baş verən proseslər arasında “anologiyalar” da axtarılır. Sözsüz ki, bu B.Əsədi daha yaxşı “anlamaq”dan, onun “dərd”lərini daha yaxşı “başa düşmək”dən irəli gəlir. Amma ən azı ölkənin strateji maraqları naminə öz simpatiyalarımızı cilovlaya bilərdik...

Bunları niyə deyirik? İran deyə bilər ki, düşmənlərinizin yanında olmağımı istəmisinizsə, onda düşmənlərimin yanında olmayın! Amma bu, mümkünmü? Biz özümüzün müttəfiqimizi və strateji tərəfdaşımızı tərk edib İranın yanında ola bilərikmi? Təbii, yox, çünki Türkiyə bizə daha yaxındır. 

Bəs onda nə etməli? Çıxış yolu yoxdurmu? Bütün hallarda İranın nəzərinə bəzi məsələləri çatdırmaq olar. Güman edirik ki, İran Ermənistanla münasibətlərinə yenidən baxmalıdır. 

Biz onu Suriya məsələsində dəstəkləyə bilmərik, amma həmin məsələyə baxışda heç bir cinahda da deyilik – Suriyada sülhün tez zamanda bərqərar olmasını, ölkənin humanitar fəlakətdən qurtulmasını istəyirik...

Qoy, İran da bizimlə münasibətlərini Suriya kimi məsələlərlə şərtləndirməsin. Necə ki, biz bir vaxtlar, hələ sanksiyalar qüvvədə olduğu dövrlərdə, onunla öz münasibətlərimizi hansısa digər məsələlərlə şərtləndirmirdik...

 

Samir Baxşalıyev

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ