SON DƏQİQƏ

PressDent.Info

Ramiz Mehdiyev daha bu məsələ ilə məşğul olmur…

Ramiz Mehdiyev daha bu məsələ ilə məşğul olmur…
18-06-2016, 20:47 33756 dəfə baxılıb

Xaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Bayraq Meydanının sabiq rəisi Rəşad Məmmədov məhkəmədə təxminən beş milyon manata aldığı obyekti üçün romantik bir açıqlmada bulundu. Dedi ki, bunu ailəmin uşaqlarımın  gələcəyi  üçün almışdım. Yəni dünya ölüm – itim dünyasıdır, qoy uşaqlar əziyyət çəkməsin.

Mən yazımı onun bu gənc yaşında bu qədər sərvəti qısa müddətdə necə qazanmasına həsr etmək fikrində deyiləm. Bu YAP hakimiyyətinin 23 illik fəaliyyətindən qısa bir fraqmentdir.

… Günlərin bir günü ya zəlzələdən, ya vəlvələdən Azərbaycan bu hakimiyyətlə vidalaşacaq. Ola bilsin ki,  hakimiyyət özü vidalaşmadan çıxıb getsin. Bu əlbəttə sizə qəribə gələ bilər, amma bu da bir həqiqətdir ki, yüksək çinli məmurların əksəriyyəti övladlarını, müəyyən hissəsi də onlarla bilikdə biznesini  çoxdan ölkədən çıxarıb. Kimsə düşünməsin ki, onlar xalqın qəzəbinə tuş gəlməkdən belə edirlər, xeyr, qətiyyən belə deyil. Onlar sadəcə öz əməllərindən qorxurlar.

Cinayət törədib, uzun müddət azadlıqda gəzmək çox qorxulu bir hissdir. Hüquq və psixologiya üzrə araşdırma aparan bilim adamları belə bir qənaətə gəliblər ki, çox nadir hallarda insan sonadək bu yükü çiynində daşıya bilir.

… Yəqin siz də fərqindəsiniz ki, son bir neçə ildir ki, nə  hakimiyyət xalqa nəsə vəd edir, nə də ki, xalq da ondan ondan nəsə umur. Hərə öz işi ilə məşğuldur. Biri çapıb talayır, o birisi isə, sakitcə yaşam savaşı verir. Sövbət vəd verməkdən düşmüşkən…

Bu günlərdə Əliyevlərin yenidən hakimiyətə qayıtmasından 23 il keçdi. Ədalət naminə demək lazımdır ki, bu gün daha çox hakimiyyətin ələ keçirilməsindən daha çox bəhs edilsə də, 1993 – cü ilin iyun ayında ölkədə siyasi ab – hava bir az fərqli idi. Əhalinin müəyyən kəsimi  mərhum Heydər Əliyevin yenidən Azərbaycan hakimiyyətində təmsil olunmasından çox şey gözləyirdi. Ölkə müharibə şəraitində yaşasa da Heydər Əliyev tərəfdarları Elçibəy hakimiyyətinə meydan oxuyurdu. Mitinqlər keçirilir, hakimiyyət əleyhinə şüarlar səsləndirirdilər. Hətta rahatlıqla televiziyaya çıxıb, iqtidarı yarıtmaz fəaliyyətdə suçlayırdılar. Təkrar edirəm, müharibə gedirdi və o zaman cəmi 10  faizə yaxın torpaqlarımız düşmən tapdağında idi. Buna baxmayaraq, cəmiyyət demokratik idi və müharibə getməyinə baxmayaraq, hərə öz sözünü demək haqqına malik idi. Ağlasığmaz vədlər verirdilər. Ən böyük vəd isə, Qarabağı bir neçə aya geri qaytarmaq idi, özü də itkisiz – filansız.  Hətta kütlənin şüuruna asanlıqla yol tapa bilən bir şüar da fikirləşmişdilər. Düzdür bunun Heydər Əliyevə aid olduğunu iddia etsələr də, şəxsən mən sonralar bunun YAP ideoloqlarının təxəyyülünün məhsulu olduğunu anladım. O məhşur deyimi yəqin ki, çoxlarınız xatırlayır. Xatırlamayanlar üçün təkrar edək – “Pencəyimi çiynimə alıb Xankəndinə gedərəm”.

Ola bilər kimsə, etiraz etsin, lakin mən o fikirdəyəm ki, bu şüar çox dahiyanə idi. Bu fikrin Heydər Əliyev kimi siyasətçinin söyləməsi ( və yaxud adına çıxılması – X.Ə) ondan da dahiyanə idi. Ardınca  Surət Hüseynovun tabeliyində olan hərbi qüvvələrin   Elçibəy hakimiyyətinə qarşı çıxması demək olar ki, hər şeyi həll etdi. AXC hakimiyyəti və mərhum Əbülfəz Elçibəy ən doğru olanı yapdılar. Ölkəni fəlakətə sürükləyəcək  vətəndaş müharibəsi təhlükəsi sovuşdu.

Ən yaxın keçmişimizin bu gün hərənin istədiyi kimi  yozduğu həqiqəti bu qədər sadə və bəsitdir. Böyük və ağlasığmaz vəd verənlər hakimiyətə gəldilər. Bu keçən 23 ildə hansı vədə əməl edib – etmədiklərini məndən yaxşı bildiyinizdən, yazımı məntiqi sonluğa döğru istiqamətləndirmək istəyirəm.

Xatırlayırsınızsa, təxminən üç il bundan öncəyə qədər mətbuatda vaxtaşırı belə bir xəbər gedirdi –  “Dünən PA rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiya ilə Mübarizə Komissiyasının iclası keçirilmişdir”.

Nazirlər , komitə sədrləri, üst – düzey hüquq – mühafizə orqanlarını işçiləri yığışırdılar. Ramiz müəllim iclası açıq elan edirdi və başlayırdılar korrupsiya və rüşvətxorluğa əncam çəkməyə…

Üç ilə yaxındır ki, onu da yığışdırıblar. Məncə ən düzgün qərarı veriblər. Ən azı hövsələ baxımından…

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ