SON DƏQİQƏ

PressDent.Info

800 hektarlıq utanc

800 hektarlıq utanc
8-06-2016, 19:27 18879 dəfə baxılıb

İlham Hüseyn

Yaxud düşməni cəsarətləndirən atəşkəs

Iki gün öncə bir daha əmin oldum ki, kənardan bizə pis baxırlar. Daha doğrusu, kənardan çox pis görünürük. O qədər qürursuz, qətiyyətsiz, unutqan görünürük ki, Ermənistanın hakim Respublika partiyasından deputat Lernik Aleksanyan bizimlə hədə dilində danışır. Bəli, Aleksanyan deyib ki, aprel döyüşləri zamanı Azərbaycanın nəzarətinə keçən 800 hektar ərazi sentyabrın 1-nə qədər hərbi və ya diplomatik yolla geri qaytarılacaq.

Görəsən, işğalçı ölkənin deputatı bu cəsarəti hardan alır, 800 hektar ərazinin geri qaytarılacağına əminlik hardan yaranır?

Cavab isə çox sadədir. Erməni deputatın bu əminliyi, bu cəsarəti Azərbyacan hökumətinin “uğurlu siyasət”indən güc alır. Işğala məruz qalmış ölkədə Qarabağ qazisi şərlənərək həbs edilirsə, müharibə tələb edənlərə qarşı iyrənc kampaniya aparılırsa, “lazım”ın gəlişi atəşkəs razılaşması ilə əbədi təxirə salınırsa, düşmən niyə cəsarətlənməsin? Azərbaycan hakimiyyəti 24 il ərzində bir dəfə də olsun düşmənə vaxt qoymayıb. Ermənistan hökuməti isə işğal etdiyi ərazinin 800 hektarının əlindən çıxamasına dözə bilmir, bu ərazini geri qaytarmaq üçün müharibəyə də hazır olduğunu bəyan edir.

Bəli, biz sahibi olduğumuz 20 faiz ərazinin daha çox işğalda qalması üçün Vyanada atəşkəs mərasimi keçiririk, düşmən isə sahibi olmadığı 800 hektarın davasını aparır. Elə bir vəziyyət yaranıb ki, 800 hektar ərazinin işğaldan azad edilməsinə sevinə bilmirk. Əksinə, 800 hektarla kifayətləndiyimiz üçün utanırıq, xəcalət çəkirik.

Ermənistan hökumətinin 800 hektar ərazi uğrunda göstərdiyi qətiyyəti, 20 faiz ərazi uğrunda göstərə bilmirik.  Azərbaycan hakimiyyətinin analoqsuz səbri Ermənistan hakimiyyətinin 800 hektar əraziyə iddiasını təmin edib. Yəni Ermənistan hökuməti əmin olub ki, 20 faiz ərazinin itirilməsiylə barışan hökumət, 800 hektarın xırdaçılığını etməz. Əminliklə demək olar, Azərbaycan Ermənistanın ərazisini işğal etmiş olsaydı, bu işğalın ömrü 24 il çəkə bilməzdi. Ərazisinin 20 faizini itirmiş düşmən atəşkəsə imza atmazdı. Indiki halda isə atəşkəs Ermənistana sərf edir. Çünki, ərazisini 20 faiz genişləndirib. Amma düşmən bununla da kifayətlənmir, atəşkəsi mütəmadi pozur və müharibə ilə təhdid edir. Azərbaycan hakimiyyəti 24 ildir dözdüyü halda, Ermənistan hakimiyyəti 5 ay dözüm limitinin olduğunu bildirir.

Söhbət ondan getmir ki, bu 800 hektar ərazi geri qaytarılacaq. Söhbət ondan gedir ki, Ermənistanın 800 hektar ərazinin davasını aparması, danışıqlarla torpaqların işğaldan azad edilməyəcəyinin anonsudur. Əgər düşmən 800 hektara görə müharibəyə hazırdırsa, 20 faiz ərazini danışıqlarla geri qaytararmı? Bir daha təsdiqlənir ki, 22 illik atəşkəs razılaşması məğlubiyyətin legitimləşməsinə xidmət edib. Vyana görüşündə isə məğlubiyyət atəşkəsinin ömrü uzandı. Üstəlik, aprel döyüşləri zamanı Azərbaycan hakimiyyəti tarixi fürsətdən imtina etdi və düşmən bu qətiyyətsizliyi gördü. Düşmən əmin oldu ki, hökumətimiz Qarabağsızlığın nisgilini yaşamır, torpaq həsrətində deyil.

Tam səmimi deyirəm, mən Aleksanyanın bəyanatından sonra çox utanıram. Bütün parametrlər üzrə düşməndən üstün olduğumuz halda, düşmən bizə meydan oxuyur.

Hələ də erməni tərəfinin bu həyasızlığına tutarlı cavab verilməyib. Doğma torpağımıza yad münasibət göstərməyimiz, yadları bizim torpağımıza doğmalaşdırdı. Indi ermənilər düşünür ki, bu torpaqlar onlara məxsusdu. Çünki, 24 ildir torpağın sahibi gəlib çıxmır.

Biz korrupsiya, hüquqsuzluq, ədalətsizlik, yaltaqlıq  ləkəsini təmizləmək istəyirdik, sən demə, ən böyük ləkə qürurumuza vurulubmuş. 800 hektar ərazi bu ləkəni bizə daha qabarıq göstərdi. Və bu ləkəni “atəşkəs suyu” ilə yumaq mümkün deyil.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ