SON DƏQİQƏ

PressDent.Info

Çinlə yaxınlaşma yolu

Çinlə yaxınlaşma yolu
28-05-2016, 18:33 18879 dəfə baxılıb

Tezliklə Çindən Azərbaycana 30 adamlıq böyük bir hökumət qrupunun gələcəyi bildirilir. Rejim üçün sevindirici, xalq üçün ağrıverici faktdır. Qrup gələcək, çoxsaylı bağlaşmalar qollanacaq, I.Əliyevin ardınca AzTV-lər hay-küy içində əliyevçi rejimlə Çin hakimiyətinin yaxınlaşmasını Azərbaycanın böyük qazancı, dirçəlişi, yüksəlişi, dünyada sayğılandırılması kimi anlatmağa çalışacaq. Gerçəkdə isə bu yaxınlaşma gərəyində Azərbaycanın azacıq da payı yoxdur. Bir daha vurğulamaq gərəkir: bu, əliyevçi rejimlə Çin hökumətinin yaxınlaşması faktıdır. Çin hökuməti bütün dünyada olduğu kimi, Azərbaycanla yaxınlaşmada da, sözsüz, özünün dünyanı bürüyən ekonomik zonasını genişləndirmək, Çini daha da gücləndirmək, bunlarla yanaşı, yenə dünyanın hər yerində etdiyinə uyğun olaraq, Azərbaycanda da özünün geniş ÇINLI sosial bazasını – Çin koloniyasını yaratmaq amacı güdür. Bu, Çin dövləti üçün qanunauyğun görsənişdir.  Çin çox yaxşı düşünülmüş siyasət yuürütməklə – ekonomik-sosial genişlənmə-yayılma yoluyla – bütün dünyanı işğal etməkdədir. Burası anlaşılandır.

Bəs əliyevçi rejim üçün qanunauyğun olan nədir? Istəsək də, istəməsək də burası bizim üçün acınacaqlı-ağlamalıdır: O başdan bu başa Əliyevlər üçün, Əliyevlərin formalaşdırdığı rejim üçün Azərbaycanın gərəyi, Azərbaycanın yararı adına nəsə olmayıb, yoxdur, sözsüz, bundan belə də olMAyacaq! Belədə Çinlə yaxınlaşma gərəyi nədən yaranır? Çinlə indiki yaxınlaşma gərəyi Avropadan Panamayadək Əliyevlər ailəsinin 24 illik hakimiyət dönəmində Azərbaycandan, Azərbaycan xalqından oğurlayıb dış banklara ötürdükləri milyardlara yaranan qorxudan doğur. Uzun illər Əliyevlərlə “siçan-pişik” oyunu oynayan, eləcə də uzun illər Əliyevlərin xalqla, demokratik dünya ilə oynadığı aldadıcı demokratiya oyunlarına ortaqlıq edən Batının indi başqa yol tutmaq istəyində olduğu görünür. Avropadan Panamayadək bütün başqa diktaturalar kimi əliyevçi diktaturanın da oğurluqlarına yavaş-yavaş əl qoyulur. Demokratiyanı illərlə diktatorların QARA QAŞINA-GÖZÜNƏ qurban verməsi üzündən Batı yalnız dünyanın ayrı-ayrı yerlərində deyil, öz içində də böyük sorunlarla üzləşməkdədir. Elə buna görə də, ABŞ dövlət katibi Kerrinin çıxışından da göründüyü kimi, Batı demokratiyanı üstələyən imperialist siyasətlərdən dolayı üzləşdiyi sorunları çözmək üçün böyük Sabirin qanunçuluq metoduna əl atmalı olur: “Zilli Sultan, bura say, döydürüb aldıqlarını! Söyüb aldıqlarını, söydürüb aldıqlarını!”

Olduqca gec ortaya çıxan indiki “tutub aldıqlarını, tutdurub aldıqlarını bura say!” faktı Əliyevləri qaçılmaz olaraq iki ölkəyə – bütün əriş-arğaclarıyla bağlı olduqları, çox düzgün olaraq özlərinə “strateji müttəfiq” saydıqları Rusiya ilə Çinə üz tutmaq, onlarla daha çox yaxınlaşmağa yönəldir. Bu isə yalnız ailə hakimyətini, Ailənin oğurluq yollarla əldə etdiyi milyardları qorumaq istəyinə bağlı daha çox yaxınlaşma gərəyidir. Burada isə dünənlə deyil, bugünlə bağlı olanları qoruma istəyi var. Rejimlə bağlı çoxdan gündəmdə olan sanksiya uyğulamalarının qorxusu indilik əldə olanları saxlama gərəyini istər-istəməz önə keçirir. Çinlə indiki yaxınlaşmaya yön verən başlıca istək – Ailə strategiyası budur!

Başqa bir yandan, rejim yetkilisi Avropa Birliyi ilə yaxınlaşma yolunda olduqlarını bildirir. Bunu konkret olaraq “AB-la dialoqun bərpası” adlandırırlar. Ortada olan, AzTV-lərdə hay-küylü kampaniyası aparılan gözlənilən “Amnistiya aktı” da bu sıradandır. Avropa rejimdən demokratiya istəyində kompromatlı dirənişə keçdiyindən (“Panama bəlgələri”) yalnız Rusiya ilə, Çinlə deyil, Avropa ilə də yaxınlaşma-anlaşma istəkləri baş qaldırır. Ancaq… birinci gerçək, ikinci imitasiya xarakterli yaxınlaşma-anlaşmadır. Birincini korrupsiya gerçəyi doğurursa, ikincini o gerçəkdən demokratiya imitasiyası ilə qorunma duyğusu doğurur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ