SON DƏQİQƏ

PressDent.Info

Müstəqilliyimiz lağlağıdır

Müstəqilliyimiz lağlağıdır
7-05-2016, 21:11 24795 dəfə baxılıb

Xaliq Bahadır

Xalqdan çox uzaq başçılar da hərdən xalqla “yaxınlaşma-doğmalaşma” gərəyi ilə üzləşirlər. Bugünlərdə I.Əliyev belə bir gərəklə üzləşdiyindən savaş bitəndən sonra savaş bölgəsinə gedib xalqla “qucaqlaşdı”. Bütün televiziyaları xalqın-müxalifətin üzünə qapayan dövlət başçısı gerçəkdən xalqla yaxınlaşa-doğmalaşa bilərmi?! Yalnız OĞRU hakimiyətlər televiziyaları xalqın-müxalifətin üzünə qapayır: gerçəklər – xalqdan etdikləri oğurluqlar – ortaya çıxmasın deyə. Onlara qalsa, bircə yol da xalqla görüşməzlər.

Ancaq, yuxarıda deyildiyi kimi, xalqla görüşmək hərdən qaçılmazlığa çevrilir. Indi də belə oldu: bir ailədən iki prezident xalqla görüşə getməli olmuşdu. Görəsən, onlar illərdən bəri başında durduqları, doğal resursları aşıb-daşan ölkədə, xalqın tövlə kimi balaca, uçuq-sökük evlərdə yaşadığını görəndə nə düşünürdülər? Ofşorlara yatırdıqları milyardlar bir yana, xalqı dilənçi kökünə salmaqla Azərbaycanı “idman ölkəsinə” çevirmələrini, Avropadakı, Rusiyadakı milyardlarla dollarlıq təmir-tikinti işlərini göz önünə gətirdilərmi? Hələ mən onların doğal resurslar baxımından yoxsul Macarıstandan Azərbaycan adına 200 milyon dollarlıq kredit alandan sonra o ölkədə kilsə tikdirmələri faktını demirəm. Biri Azərbaycan adına kredit alır, o biri Azərbaycanda da yox, Azərbaycandan uzaqlarda kilsə təmir-tikintisinə milyonlar yönəldir!

Bunlar xalqı soyub-yağmalamaqla hakimiyəti qoruyub saxlama siyasətləridir; dünya güclərini çeşidli yollarla satın almaqla hakimiyəti qoruyub saxlama siyasətləri! Ancaq… Konstitusiyada çoxdan AĞ yalana çevrilmiş bir tezis – “hakimiyətin mənbəyi xalqdır” tezisi – bir sıra çətin durumlarda xalqdan çox uzaq hakimiyətləri belə, xalqla “yaxınlaşmağa-qucaqlaşmağa” sürükləyir…

Bügünlərdə son 30 illik dönəm boyunca görünməyən bir görsənişlə üzləşdik: aprelin başlanğıcındakı savaşda, demək olar, bütün dünya bizə arxa dirdu, bizimlə birgəlik sərgilədi – “Ermənilər tutduqları Azərbaycan topraqlarından getməlidirlər” deyə. Bundan öncəsi, xalq müxalifətlə birgə bütünlüklə orduya-hakimiyətə arxa durdu! Ən başlıcası, Ordumuz, savaş bölgəsindəki başdaduranları ilə birgə böyük bahadırlıq, dönməzlik-yenilməzlik sərgilədi. Son 24 ildə Azərbaycanda ilkin olaraq böyük birlik: xalq-müxalifət-hakimiyət-ordu-dövlət birliyi yaranmışdı. Bu ələdüşməz birliklə çox uzaqlara – yeri gəlsə, Irəvanadək gedib çıxmaq olardı. Ancaq, biz rejim yetkililərinin tez-tez vurğuladığı kimi “ən müasir silahlarla təchiz edilmiş”, böyük inamla, yüksək coşquyla savaşa atılmış bir orduyla çoxsaylı itkilərdən sonra yalnız hansısa “Lələtəpəni almışıq” deyə bilirik. Hay-küylü qışqırıq içində “qarşısıalınmaz zəfər yürüşündən” dəm vuran televiziyalr, “böyük qələbə” bağırtısına bürünmüş əlaltı parlament indi satqıncasına susmaqdadır. Soruşmurlar: boşuna bir belə qurban vermək nədən ötrüymüş? Satqın saytlar ordumuzun Talış kəndinin ardınca bir-bir rayonlarımızı alaraq Xankəndinə çatmağa az qaldığını yazırdılar. Elə bu saytlar indi ermənilərin Talış kəndindən getməkdə olduqlarını yazırlar. Sən demə, Talış kəndini almağımız da yalanmış. Ancaq bu, Ordumuzun yalanı deyil; xalq-müxalifət-ordu-dövlət birliyindən qorxuya düşərək savaş meydanından geri çəkilən hakimiyət yalanı imiş. Daha doğrusu, bu, hakimiyətin qorxu içində gerçəyi yalana çevirməsi faktlarındandır.

Ölkənin çoxillik ali baş komandanı bizim üçün gerçəkdən uğurlu başlamış savaşın uğursuz sonluğuna sonradan baş çəkdiyi savaş bölgəsində belə aydınlıq gətirdi: “ermənilərin yalvar-yaxarından sonra atəşkəs yaratdıq”. I.Əliyev belə deməkdə iki amac güdüb: bir yandan, savaşın Putindən gələn “dur!” buyruğu ilə dayandırılması ilə bağlı yayılan bilgiləri yalana çıxarmaq, o biri yandan özünün, hakimiyətinin çox güclü olduğuna xalqı inandırmaq: “Sərkisyan çox yalvarıb-yaxarandan sonra orduya ”dur” deməklə atəşkəs yaratdım”. Hər ikisi özünü praktik olaraq doğrultmayan, xalqa bağlı olmamaq üzündən hakimiyətin gücsüzlüyünü göstərən görsənişdir. I.Əliyevin bu çıxışından bir neçə gün qabaq onun sözçülərindən olan N.Məmmədov demişdi: “Ermənistan hakimiyəti müstəqil siyasət yürütmək gücü olmayan əlatı hakimiyətdir”. Sözsüz, bu, ölkə içində öz hakimiyətləri ilə bağlı savaş sonrası biçimlənməkdə olan ellik düşüncəni geri çevirməkdən ötrüydü. Soruşulur: siz o ərəbcə “müstəqil”liyinizlə nədən uğurlu savaşı uğursuzluqla bitirdiniz? Sizin hakimiyətiniz əlaltı hakimiyət deyildisə, nə üçün ən azı Əsgəranadək gedib Xocalıya yiyələnmədiz? Xocalı soyqırımını törədən, Xocalıda xalqımızın namusunu tapdayan, sağ ələ keçirilən minlərlə soydaşımızı gedər-gəlməzə göndərən terrorbaşı S.Sərkisyanın XAHIŞINI yerə salmamaq üçünmü? Belə deyək, Sərkisyandan “atəşkəs” XAHIŞI gəlir, XAHIŞ əlüstü yerinə yetirilir. Ordu texnikası tez-tələsik geri çəkilməklə yaralılarımız, ölülərimiz qansız-amansız ermənilərin əlinə keçir. Onlarsa, AzTV-lərin sonradan ermənilərə “cavab” olaraq yaydıqları bilgilərə görə, yaralılarımıza işgəncə verir, ölülərimizi “təhqir” edirlər. Ağdərədə düşmən arxasına atılmış desantlarımız isə (deyilənə görə, 60 adam) gözlənilən yardımın göndərilməməsi üzündən… uğursuzluğa uğrayır.

Azərbaycanın general adı almamış gerçək generalı Isa Sadıqov “OMON qırğınına aparan yol” bitiyində yazır: “O (Heydər Əliyev. Red.), Petrosyanın xahişi ilə hərbi əməliyatları dayandırmağı tələb edirdi…” I.Sadıqov konkret faktlar göstərməklə, ermənilərə qorxu yaranırkən H.Əliyevdən XAHIŞ etməklə Ordumuzu durdurduqlarını bildirir. Ter-Petrosyan özü ermənilərin Kəlbəcəri tutması faktını H.Əliyev-Köçəryan işbirliyinə bağlayır. Demək, aradan uzun illər keçməsinə baxmayaraq, Əliyevlərin siyasəti dəyişmir, dəyişməz qalır: erməni XAHIŞINƏ Azərbaycan qurban verilir! Bütün bunlarla yanaşı, deyilir: “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”. Bunlar eləcə sözdür, işdə Azərbaycan xalqının deyil, başqa MARAQLARIN hər şeydən üstün olduğu görünməkdədir. Üç-dörd günlük savaş günlərində xalq-ordu-dövlət-hakimiyət birliyi yaranmışdı. Hakimiyət bu birlikdən qorxu içində qaçıb uzaqlaşdı. Beləliklə, hakimiyət qarşı cəbhədə – “Ermənistan”-Rusiya cəbhəsində – yer tutmuş oldu. “Azərbaycan dövləti müstəqil dövlətdir, biz müstəqil siyasət yeridirik”, – kimi çıxışların gerçək üzü bir daha göründü. Bir çağlar böyük Sabir demişdi: Istiqbalımız (gələcəyimiz) lağlağıdır. Indi biz istər-istəməz belə deməli oluruq: Müstəqilliyimiz (bağımsızlığımız) lağlağıdır!

P.S.Sərkisyanın “xahişi” ilə ordunu uduzdurandan sonra “Sərkisyan bizim qarşımıza şərtlər çıxarır” deyə qaraqışqırıq qoparanların siyasətindən şeytan da baş açmaz. Kim bilir, adına şeytan dediyimiz belə “fenomenal” siyasətlərdən baş açmağa girişərmi?!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ