SON DƏQİQƏ

PressDent.Info

Mirzə Cəlil: böyük demokrat-yazar

Mirzə Cəlil: böyük demokrat-yazar
8-04-2016, 15:00 25230 dəfə baxılıb

Xaliq Bahadır
[email protected]
20-ci yüzilin başlanğıc çağları Azərbaycanın sosial-siyasi düşüncə tarixinin ən önəmli dönəmlərindəndir. Məhəmməd Əmin Rəsulzadədən tutmuş Mirzə Cəlilədək. Bu dönəm, sözün gerçək anlamında, düşüncə diriliyi baxımından Azərbaycanın QIZIL dönəmidir. Bu qızıl dönəmi yaradanların adlarını bir-bir çəkəsi olsaq, çox uzun sıralama alınar. Bu dönəmə ayrıca özəllik, ayrıca gözəllik, üstünlük qazandıran iki başlıca ad var: Məhəmməd Əmin, Mirzə Cəlil. Məhəmməd Əmin başlıca olaraq Azərbaycan siyasi düşüncəsinin yolgöstərəni, Mirzə Cəlil başlıca olaraq Azərbaycan sosial düşüncəsinin yolgöstərəni idi. Hər ikisi əlçatmaz, hər ikisi yenilməz düşüncə adamıydı. Azərbaycanın 20-ci yüzil sosial-siyasi tarixi bu iki azmanın çiyinləri üzərində yüksəlir.
Məhəmməd Əmin siyasətçi idi, Mirzə Cəlil yazar. Ilk baxışda bunlar, belə desək, bir-birindən uzaq professiyalardır. Ancaq Azərbaycanda demokratik düşüncəni gəlişdirmək, Demokratik Respublika quruluşu oluşdurmaq baxımından onların birgəliyinə söz ola bilməzdi. Iki azman bir işə qulluq edirdi: Azərbaycanı Özgür, Demokratik, Çağdaş ölkəyə çevirmək işinə. Onların hər ikisi demokrat idi, demokratik düşüncə yiyəsi idi. Hər ikisi sonadək demokrat, demokratik düşüncə yiyəsi olaraq qaldı, çarpışma apardı.
***
Dünya ədəbiyatını oxumuşam, oxuyuram (son ayları çıxmaqla: noyabrdan bəri göz operasiyası ilə bağlı qəzet-kitab oxuya bilmirəm). Böyük ədəbiyat bilgisindən çıxış edərək bildirirəm: Mirzə Cəlil bizim dünya çapında yazıçılarımızdandır (Bugünlərdə sağ olsaydı, sözsüz, türməlik olacaqdı).
Mirzə Cəlilin “Danabaş (danabaş! – X.B.) kəndinin əhvalatları”, Anamın kitabı”, “Ölülər”, “Dəli yığıncağı”, “Kamança” kimi yüksək yaradıcılıq örnəkləri (sözün gerçək anlamında bunlar şedevrlərdir) bu gün də böyük dəyərini, aktuallığını qoruyub saxlamaqdadır. Elə buna görə də Mirzə Cəlil indiki rejimə bütünlüklə yad birisidr. Hələ onun felyetonları! O felyetonların çoxu elə bil bu gün yazılıb – bu baxımdan da Mirzə Cəlil indiki rejimlə barışmaz konfliktdə olan yazıçılarımızdandır. Mirzə Cəlil sözün gerçək anlamında xalqın yazıçısıydı, ancaq indi sağ olsaydı, ona bu ad verilməyəcəkdi – bunlara, indi gördüyümüz kimi, qayırma-yalançı “xalq yazıçıları”, “xalq şairləri” gərəkdir: mandat üçün, görəv üçün özündən gedən kimsələr!
***
Bu il, aprelin 7-sində, Mirzə cəlilin “Molla Nəsrəddin” jurnalının 110 illiyi oldu. Şou-ərsək görsənişlərinə bürünmüş televizyalara baxın… Daha doğrusu, baxmayın: onlarda o böyük günlə bağlı nəsə görə bilməzsiz, ya da epizodik nəsə verilər – özləri bütünlüklə “Molla Nəsrəddin” güzgüsünün baş personajları olduqlarından Mirzə Cəlilin özü kimi “Molla Nəsrəddini” də onlara yaddır.ÿ
Azərbaycandan Krıma, Krımdan Tatarıstana, Tatarıstandan Hindistanadək yayılan, düşüncələrə üstlənən, könülləri alan, yenilməzlikləri yenən “Molla Nəsrəddin” Azərbaycan adına böyük IMPERIYA idi – Şah Ismayıl, Nadir şah dönəmindən sonra ortaya çıxan, bütünlüklə yeni, fenomenal AZƏRBAYCAN – TÜRK IMPERIYASI!
***
Mirzə Cəlilin doğum ili 1866 sayılır. Demək, bu il onun 150 illiyidir. Buna görə 2016-cı il ölkəmizdə MIRZƏ CƏLIL ILI adlandırılmaqla bu il bir çox başqaları kimi yalandan deyil, gerçəkdən Mirzə Cəlil ilinə çevrilməliydi. Bu il Özgürlük, Demokratiya, Çağdaşlıq daşıyıcısı olan Mirzə Cəlil ilinə dönüşdürlməliydi. Mirzə Cəlilin Azərbaycan ulusal-sosial düşüncəsinə gətirdiyi başlıca yeniliklərdən biri dillə bağlıdır. O öz dönəminin bütün düşüncə adamlarını qabaqlamaqla çağına görə arı-duru Türkcə yaratmışdı. Mirzə Cəlilin stili, dil-yazı biçimi, çox-çox illər sonralar da örnək olaraq qalmışdı. Sözsüz, Özgürlük, Demokratiya, Çağdaşlıq ideyalarının yayılması, genişlənməsi baxımından Mirzə Cəlil bu gün də böyük bir örnək olaraq bizə yol göstərməkdədir. Bu gün bizim onunla öyünmək, onunla sevinmək, onunla gələcəyə yüklənmək borcumuz var…
Uyarı: Mirzə Cəlilin adı-dadıyla yalan yerə akademikliyə gəlib çıxanların belə bir görəv borcu yoxdur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ