SON DƏQİQƏ

PressDent.Info

Hələ də dözmək

Hələ də dözmək
24-06-2014, 19:33 20032 dəfə baxılıb

“İqtidar haqsız olaraq Tofiq Yaqublunun azadlığını zəbt edib, İctimai Yayım Birliyi bu ədalətsizliyə hələ də dözür”
*   *   *   *
Yəqin ki, oxucular özümdən quraşdırdığım bu epiqrafın nəyə işarə olduğunu başa düşdülər. İTV-nin  “Carçı” xəbərlər proqramı hər başlanğıcda dünya birliyinin Azərbaycanın torpaqlarının 20 faizinin işğalına hələ də dözməsini tənqid edir və bununla da guya ki, beynəlxalq toplumun diqqətini bu problemə cəlb etmək istəyir. İndi beynəlxalq toplum qayıdıb bu özündənrazı, dambat İTV-yə deyir ki, özün ölkəndəki haqsızlıqlara hələ də dözdüyün halda, bizdən nə istəyirsən? Ölkə içindəki həqiqəti dilinə gətirməyə cəsarət etmirsən, amma istəyirsən ki, biz azğın Rusiya ilə kəllə-kəlləyə gəlib işğal olunmuş torpaqların azad edilməsi üçün riskli hərəkətə keçək? Cəsarətin çatır bircə dəfə efirdən haqqı söylə. Bacarmırsansa, daha bu əllaməlik nəyə lazımdır.

Elə bizim özündənrazı, dambat iqtidar da İTV-nin günündədir. Uluslararası toplum, nüfuzlu dövlətlər demokratiya və insan haqları ilə bağlı çağırışlar edəndə, “heç kəs bizim iç işlərimizə qarışa bilməz”, “heç kəs bizə ağıl öyrədə, yol göstərə bilməz” deyib özünü didib-tökən iqtidar Ərdoğanın iç siyasi mübarizəsinin ehtiyaclarına yönəlmiş tələblərini quzu kimi yerinə yetirir. Sonuncu dəfə də götürüb ölkənin ən yaxşı məktəblərini bağladılar. Bəs deyirdiniz ki, siz dışdan gələn göstərişlərə, hədələrə və tələblərə məhəl qoymursunuz. Məlum olur ki, Azərbaycan xalqının çıxarlarına uyğun universal dəyərlərlə bağlı, özü də çox haqlı tələbləri süngü ilə qarşılayırlar, amma qonşu ölkədə hakimiyyət uğrunda gedən mübarizədə alət kimi istifadə olunurlar. Baxıb fikirləşdikcə, adamın ürəyi bulanır. Belə də siyasətmi olar?
Əgər bu məktəblərdə dünyəvi tədris yox idisə, ölkənin təhsil sisteminə və siyasətinə zidd gedilirdisə, bu illər ərzində hara baxırdınız? “Qazdan ayıq” iqtidarımız deyilən qüsur və sapmaları indiyədək niyə görmürdü? Belə çıxır ki, Ərdoğanın Fətulla Gülənə qarşı hikkəsi olmasaydı, hər şey olduğu kimi davam edəcəkdi? Artıq neçənci dəfə sübut olunur ki, iqtidarın xarici siyasəti bu və ya digər ölkənin rəhbərinin şəxsi planda istəklərini qarşılamaqdan başqa bir şey deyil. Bunların müstəqilliyi və dönməzliyi yalnız xaricdən xalqın mənafeyinə uyğun tələblər gələndə özünü göstərir. Təəssüf ki, dünya birliyi Azərbaycan hökumətinin özbaşınalıqlarına hələ də dözür...
 
Tofiq YAQUBLU

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ