SON DƏQİQƏ

PressDent.Info

Xəstəni qovan professorun izahı

Xəstəni qovan professorun izahı
1-03-2016, 14:20 29754 dəfə baxılıb

Şahvələd Çobanoğlu

Dünyanın bütün ağıllı başlarını da bura yığsan, Azərbaycan iqtisadiyyatı ağır durumdan çıxmayacaq. Ən yüksək təklifləri ver, ən yaxşı proqramları düzənlə, amma yaxşıya doğru köklü dəyişiklik alınmayacaq. Sehrə, tilsimə düşməyib, amma elə dərdə düşüb ki, YAP iqtidarı ciddi bir irəliləyiş yarada bilməyəcək.

Çünki Azərbaycan bir iqtisadi məkan kimi etimadını itirib, elə öz vətəndaşının gözündə də, xarici sərmayəçinin gözündə də. Ölkədə tamam yeni siyasi mühit yaranmayınca, heç kim buraya yatırım etməyə risk etməz… Heç kimin bu ölkədə malına-mülkünə zəmanət yoxdur, heç kimin ədalətli rəqabətə ümidi yoxdur. Çox az sayda qlobal iqtisadi subyektlər – “Coca-cola” kimi təbii nəhənglər üçün bu az fərq edə bilər, hətta elə seqmentlər ola bilər ki, kiçik şirkətlər və sahibkarlar üçün bu və ya digər dərəcədə əlverişli qala bilər, amma ümumən məmurların himayə biznesinin hakim olduğu, rəqabət və ədalət baxımından zəmanəti olmayan bir ölkəyə kimsə yatırım qoymaz.

Bu günlərdə fəal gənclərdən biri zarafatla yazmışdı ki, Ermənistan əhalisinin sayı qədər azərbaycanlı ölkəni tərk etmək istəyir. Bu cümlədə 10 milyona qədər əhalisi olan ölkəmizin və 10 illəri əhatə edən ötən tariximizin acı həqiqəti var. Işin başqa yanı da odur ki, adamlar ölkəni tərk etmək istəyirsə, çoxları buna sadəcə nail ola bilmirsə, pul ölkəni daha asanlıqla tərk edir. Bu ölkənin karlı-gəlirli adamları sərvətləri asanlıqla ölkədən çıxarırlar.

Manat qarşısında dollara tələbatın bu qədər çox olduğunu, heç azalmadığını görüb tez-tez sual edirlər: bu qədər dollar hara gedir? Indi oturub düşünün, hara gedəcək, çox az miqdarda yastıq altına, çox miqdarda xarici ölkələrə. Güvənli xarici ölkələrə! Çünki bu ölkə güvənini itirib! Durumu bu günə gətirənlərin özləri də mal-mülk, pul-para baxımından bu ölkəyə inanmırlar!

Belə bir şəraitdə dünyanın Nobel almış iqtisadçılarını da yığıb gətirsən, yaranmış vəziyyət yaxşıya dəyişə bilərmi?!

Görəsən nə qədər və hansı formada izah etməliyik ki, ölkə iqtisadiyyatının problemi iqtisadi deyil, siyasidir?! Necə başa sala bilərik ki, azadlıqlar verilmədən, demokratik seçki keçirmədən, söz azadlığını və məhkəmə ədalətini təmin etmədən azad və gəlişən iqtisadiyyat qurmaq mümkün deyil. Bundan bir az yaxşı vəziyyət yaratmaq olar, amma əsaslı inkişafa ümid etmək nağıla inanmaq deməkdir.

Bir neçə il öncə tanış bir adamı qastroenteroloq professorun yanına apardıq. Doktor ondan sordu ki, siqaret çəkirmi və biləndə ki, çəkir və atmaq fikri yoxdur, çox aydın və qəti şəkildə söylədi: “Bu halda mən sizi müalicə edə bilmərəm və etmək də istəmirəm. Nə öz vaxtımı, nə dava-dərmanı, nə sizin pullarınızı, nə də əsəblərimi boşuna itirməyə razı ola bilmərəm. Geyinin və gedin”.

Əl-ayağına düşdük. Söylədi ki, siz xəstəliyi yox etmək istəyirsinizsə, ona sağalma mühiti yaratmalısınız, bu yoxdursa, onun da müalicə üçün bir təklifi və fikri yoxdur. Izah bizə bəs elədi!

Indi daha çox adam aydın şəkildə cəmiyyətə və bu iqtidara söyləməlidir ki, böyük neft pulları ilə ölkəni yaxşı bir günə gətirə bilməyiblərsə, bundan sonra ölkəni ağ günə çıxara bilməkləri mümkün deyil. Heç bir təklif, heç bir proqram bu böhranı aradan qaldıra bilməz. Dünyanın ən yaxşı elm adamlarını da bura yığsaq, çıxış yolu tapılmayacaq. Hakimiyyət xalqa qaytarılmalı və ölkəni uğurlu gələcəyə aparacaq yeni tarixi dövrün qabağı açılmalıdır. Azərbaycana demokratiya, ədalət, azadlıq lazımdır, aşağı-yuxarı bütün dünyaya bəlli olan iqtisadi reseptlər yox.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ