SON DƏQİQƏ

PressDent.Info

Rusiyadakı ağalarına xidmət edənlər azadlıqda gəzdiyi halda…

Rusiyadakı ağalarına xidmət edənlər azadlıqda gəzdiyi halda…
1-08-2015, 16:17 27604 dəfə baxılıb

Dövlət idarə etməsində daxili və xarici siyasətin uzlaşdırılması əsas şərtdir. Siyasi leksikona aksioma kimi daxil olan “xarici siyasət daxili siyasətin davamıdır” ifadəsi də görünür ki, bu şərtdən qaynaqlanır. Yeridilən daxili siyasət xarici siyasətlə ziddiyyət təşkil edirsə, demək dövlət aparatının mükəmməl siyasət yürütməsi haqqında danışmağa dəyməz.
Məsələn Avroatlantik məkana inteqrasiya, Qarabağ probleminin həlli xarici siyasətimizin əsas pririteti olaraq elan edilibsə, daxili təbliğat məhz bu notlar üzərində qurlmalıdır. Bütün milli qüvvələr iç savaşları bir tərəfə buraxıb, Qarabağ probleminin həllində və Avroatlantik məkana inteqrasiya məsələlərində yekdillik nümayiş etdirməlidir. Və yaxud təcavüzkar niyyətləri göz qabağında olan, bütün addımları ölkəmizin müstəqilliyi və suverenliyinə qarşı yönələn Rusiyanın təhdidi bizi həmişəkindən daha çox daxili birliyə, milli həmrəyliyə səsləməli və millət olaraq bu təhlükənin qarşısını almaqda bir səfdə dayanmalıyıq.
Ola bilməz ki, müstəqillik elan olunduğu gündən bu yana Avroatlantik məkana inteqrasiya olunma bizim xarici siyasəıtimizin prioritetlərinə daxil olduğu halda, hansısa bir beynəlxalq təşkilatın qərəzli rəyinə görə biz Avropa dəyərlərindən imtina edək. Və daxili siyasətimizi Avropa evinə nifrət üzərində kökləyək.
Didişmələr, siyasi ehtiraslar, hakimiyyət davaları bizi əsas məqsəddən-Azərbaycanın müstəqilliyi və suverenliyini qorumaqdan, torpaqlarımızı işğaldan azad etməkdən, xarici təhdidlərə birgə sinə gərməkdən, ölkəmizin demokratik gələcəyinin geri qalmış Rusiyada deyil, hər cür tərəqqinin intişar tapdığı Avropa məkanına inteqrasiya yolu ilə nail olmaq barədə düşüncələrdən yayındırmamalıdır.
Təəssüflər olsun ki, yayınırıq. Müharibə lazım olanda sülhdən, sülh lazım olanda müharibədən danışırıq. Başımızın üstünü hər cür xarici təhlükələr aldığı bir vaxtda yekdil olmaqdan, vahid güclə müqavimət göstərməkdənsə, gərəksiz daxili çəkişmələrə, siyasi intriqalara, vətəndaş həmrəyliyini pozan siyasi həbslərə, milli maraqların fövqündə dayanan partiya maraqlarına yön veririk. Bu da dövlətin qüdrətinin zəifləməsinə, milli potensialın tükənməsinə rəvac verir.
Biz, deyildiyi qədər, hələ o qədər qüdrətli, arxasında böyük güclərin dayandığı dövlətlər sırasına daxil deyil ki, üzücü daxili çəkişmələrə, siyasi ehtirasların millətimizi üz-üzə qoyduğu qarışıqlıqlara, etnik, dini parcalamalara tab gətirib, ayaq üstə dura bilək. Bizi iki yüz illik rus-bolşevik müstəmləkəsindən cəmi əsrin bir rübü ayırır ki, bu müddət də müstəqil, demokratik dövlətin bərkiməsi, oturuşması üçün kiçik zaman kəsiyidir.
Bizim arxamızda Ermənistanı Cənubi Qafqazda özünün forpostu elan edən Rusiyanın hərb maşını durmur. Bizim Ermənistana ən ağır anlarda iqtisadi dəstək, siyasi nəfəs verən İran qonşumuzdan da belimiz bağlı deyil. Biz islamafobiyanı əlində bayraq edən, türk dünyasının vahidliyindən əndişə duyan, erməniyə xristian təəssübkeşliyinin tamını dadızdıran xristian klubu deyilən Avropa evində də yalqız görünürük.
Bizim üz tutub, bel bağladığımız yeganə dövlət qardaş Türkiyədir. Onun da başı Rusianın yetirdiyi, milli azalıqların “himayədarı” rolunda çıxış edən bəzi Avropa dövlətlərinin başına sığal çəkdiyi PKK örgütünün hər gün onlarla can alan terrorunun qarşısını almağa, müsəlman dünyasının üz qarası olan İŞİD-lə mübarizəyə qarışıb. Demək ki, bu təlatümlərdən, xarici təhdidlərdən, üzü xaç yürüşlərindən bu yana türk-müsəlman dünyasını özünə düşmən elan edən xristian dövlətlərinin aşkar və gizli planlarından qorunmağımız üçün tək bayraq, tək vətən, bir millət olmaqdan, milli barışığa yol açan həssas daxili siyasət, xarici təhdidləri zəiflədən incə xarici siyasət izləməkdən başqa bir yolumuz qalmır.
İzləyə bilirikmi? Xaricdən, daxildən gələn təhlükələrin, ayrı-ayrı düşmən dövlətlərin emissarları sifətində çıxış edən, açıq fəaliyyət göstərən, partiya, hərəkat adı ilə aramıza soxulan qüvvələri neytarllaşdırmaq, ifşa etmək haqda düşünürükmü? Və yaxud siyasəti ilə bizə düşmən kəsilən dövləti dost adı ilə ictimai rəyə sırıyanların boz üzünü, arxa planda olan məqsədini milli süzgəcdən keçiririkmi?
Biz Rusiyaya necə dost ölkə deyə bilərik ki, torpaqlarımızın işğalının arxasında Rusiya faktoru durur. Daxili aiditoriyada rus sevgisi aşılayanlar gərək 20 Yanvar qırğınını, əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsinin müəllifinin Rusiya olduğunu yaddan çıxarmasın. Kimdir qatil Sarksiyana havadarlıq edən, kimdir qondarma rejimin başçısı Saakyanı ordenlə mükafatlandıran, kimdir əbləh Jrinovskinin dili ilə Azərbaycanı Rusiyanın provinsiyası elan edən? Məgər bunlar Rusiyanın ölkəmizə qarşı imperialist iddialarından, bəd niyyətindən xəbər vermirmi?
Rusiya qaba siyasətli, təcavüzkar bir ölkədir. Ölkəmiz də o qədər güclü deyil ki, onun əməllərini ifşa edən praktik addımlar atsın və ya təsirli notalar versin. Amma biz o qədər də zəif deyil ki, Rusiyanın kəşfiyyat idarələrinin yetirmələri olan İ.Qasımovun, sabiq MNT şefi N.İmranovun “Avrasiya” hərəkatı adı adı altında antiazərbaycan fəaliyyətinin qarşısını almaqda acizlik çəkək. Onların hər ikisinin şübhəli keçmişi hər kəsə bəlli ola-ola, Rusiya əlaltılarına çevrilib yediyi qazana tüpürməyi göz qabağında ikən niyə onların antimilli fəaliyyətinə qadağalar qoymaq əvəzinə, susqunluq göstərilir?
Xarici siyasət daxili siyasətin davamıdırsa, insan hüquq və azadlıqlarının pozulmasını əsas gətirərək, ölkəmizi beynəlxalq qınaqlar qarşısında qoyan hesabatların məzmununu dəyişməyə istiqamətlənmiş, milli barışığa, vətəndaş həmrəyliyinə stimul verən daxili siyasətə üstünlük verməliyik. Hər halda siyasi məhbus adı ilə həbsdə yatan insanların azadlığa buraxılması, acıq şəkildə öz ağalarına xidmətdə bulunan qasımovların, imranovların haqq etmədiyi azadlıqda olmağından təhlükəli deyil.

 

Nurəddin İsmayıl

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ