SON DƏQİQƏ

PressDent.Info

Oturursan yerli mebelli kabinetində…

Oturursan yerli mebelli kabinetində…
28-01-2016, 17:36 25317 dəfə baxılıb

Şahvələd Çobanoğlu

Geyirsən yerli ayaqqabını. Minirsən Naz-lı idarə maşınını. Gəlirsən yerli ofis mebeli düzülmüş kabinetinə və yenə də həmin işin başındasan. Hər şey də əvvəlki kimi davam edir, rüşvətin öz yerində, çak-çukun, çırpışdırman da həminki. Yerli xalq da olur xoşbəxt!

Olurmu? Hər halda olmağını istəyirlər! İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışından sonra anlaşılan budur.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası deyəndə,  regionların ötən günlərdə çörək tələbi ilə aksiyalar keçirdiyini yada salmamaq olmur. Bu proqram və ya bu kimi proqramlar bir işə yaramış olsaydı, nə manat bu günə düşməzdi, nə də inkişaf etmiş regionların sakinləri çörək tələbi ilə aksiya keçirməzdi. Bu necə inkişafdır ki, əhalinin sakitləşməsi, ac qalmaması üçün unun qiymətini aşağı salmağa ehtiyac yaranır və bunun üçün tədbirlər görülür?!

Ümumiyyətlə, indiyədək görülən işlərin tənqidinə və təhlilinə vaxt itirmək artıq mənasızdır. Nəticə ortadadır. Azərbaycanın nə günə düşdüyünü gizlətmək mümkün deyil. Neft pulları ilə çox ayıbları gizlədir, iqtisadi eyş-işrət dövrü yaşayırdıq. Arxada qaldı və indi müxtəlif rəqəmlər sadalamaq, Azərbaycana təsir edən dünya böhranı düzüb-qoşmaq heç də yaxşı görünmür. Əvvəlki dövr deyil, indi hər kəlmə pərt olmuş əhalini daha da pərt edir. Hətta   regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası adlı tədbir özü ikrah doğurur.

Məsələ bundadır ki, nə dəyişsə də, yanaşma dəyişmir. İdarəçilik həminkidir. Ayaqqabını, mebeli, maşını dəyişməklə idarəçilik dəyişmir. Amalı ancaq rüşvət və talan olan icra başçıları, nazirlər  nə yerli sənaye müəssisəsi, nə də yeni iş yeri açası deyil. Onların gördüyü iş ortadadır. Xalqda ikrah doğuran bu adamlar 5-10 iş yeri açsa, minlərlə adamı soyacaqlar.

Prezidentin barmaq silkələməsi ilə islahat ola bilməz. Ölkənin bankları manatla kredit vermir, verməyə qorxur, “islahatçı” hökumət  istiqraz buraxır və gözləyir ki, kimsə manat verib bu kağızları alacaq? Budurmu görülən tədbir? Keyfiyyətsiz yerli mala kim pul verəcək bəs? Yerli malı aldırmaq üçün iqtisadi əsaslar olmalıdır. Vətənpərvərliklə bazar olmur. Budur sahibkarlara güzəştlər hazırlanır, sahibkarlar isə yoxdur, müflis olan olub, qaçan qaçıb, qalanlar xırda dükan sahibləri və oliqarxlara məxsus biznesdir. Hətta Vətən sevgisi gedənləri geri qaytarmır.

Ardıcıl tədbirlərdən, çıxışlardan, verilən qərar və fərmanlardan bəlli olur ki, bahalı neft pulları ilə tarixə meydan oxuyanlar çaş-baş qalıb, nə edəcəklərini bilmirlər…

Axı ictimai yanaşma dəyişməsə, nə etmək olar ki?! Kim etimad edəcək bu ölkədə iş görməyə? Ölkədən getmiş sahibkarlarmı dönəcək? Əlində vəsaiti olanlarmı sərf edəcək pulunu yerli müəssisələr açmağa? Kim oliqarxların himayəli biznesi ilə rəqabəti göz önünə alıb yatırım edər? Xarici sərmayəçimi, yerli sahibkarmı?

Axı ölkədə iqtisadi islahat etmək üçün azad bazar qurulmalıdır. Azad bazarı isə azadlıqları qəbul edən adamlar qura bilər. Azad bazar üçün azadlıqlar və ədalət, ədalət məhkəməsi, azad söz olmalıdır. Ölkəyə, onun ədalətinə, siyasi sisteminə etimad olmalıdır kiminsə sərmayə qoymasına, iş yeri açmasına, işləməsinə!

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ