SON DƏQİQƏ

PressDent.Info

Gördünüzmü, həqiqət çörəkdən də vacibdir!

Gördünüzmü, həqiqət çörəkdən də vacibdir!
18-01-2016, 17:33 25056 dəfə baxılıb

Şahvələd Çobanoğlu

Yalanla ev yıxmaq necə bir işdir, bunu edənlərə eldə-obada necə baxırlar – hamıya bəllidir. Amma bu rəzilliyin bizim ölkədə boy atmış miqyasına baxın. Vəzifəli, titullu, adlı-sanlı, yeniyetmə, qoca, yaşlı, cavan adamlar yalan danışmaq, tərif söyləmək üçün növbəyə düzülmüşdülər. Bundan sonra nəticə başqa cür ola bilərdimi?!

Yalanla bir ölkəni bu günə gətirdilər. Böhrana, səfalətə, haqsızlıq girdabına! Yaltaqlıq və məddahlıqla ölkənin zəngin resurslarını, tarixi şansını yox etdilər. Əyildilər, ölkəni də əydilər!

Əldən necə imkanlar qaçdı! Azərbaycan artıq Almaniya səviyyəsində yaşayan bir ölkə olacaqdı! Müstəqillik qazanarkən arzularımız vardı, xalqın gözəl xəyalları vardı, bir qədər romantik və aşırı ola bilərdi bu arzu və xəyallar, amma fərqli, güclü, rifahlı bir ölkə qurmaq şansı sadə reallıq idi. Çətin deyildi, heç çətin deyildi! Böyük ağıl və bacarıq da tələb etmirdi, vicdan və dürüstlük bəs edirdi.

Sülalə hakimiyyəti qurularkən tərif növbəsinə duranların bunun üçün çalışmadıqları bir yana qalsın, onlar bunun üçün mübarizə aparanları ləkələməyə də can atdılar. Həqiqətlərlə ölkənin hara getdiyini isbatlayanlar, dilə gətirənlər,  xəbərdar edənlər təkcə repressiya ilə üzləşmirdi, həm də məddahlar ordusunun böhtanları ilə qarşılaşırdı.

Məsələn, Xədicə Ismayıl bu ölkəyə həqiqəti gətirmək üçün hər şey etdi. Həyatını itirməkdən də qorxmadı. Hətta Xədicə ilə fəxr edən müasirləri belə onun qəhrəmanlığını tam miqyası ilə anlaya bilmir. Xədicə Prometey odu xalqa gətirdiyi kimi, qorunan, gizlədilən, toxunulması isə çox təhlükəli olan həqiqətləri ölkəyə çatdırırdı, amma məddahlar yalnız və yalnız hakimiyyətə xoş olmaq üçün deyirdilər: “Bu məlumatları kim verib Xədicə Ismayıla?!” Yaxud da: “Xarici kəşfiyyat verib bu sənədləri!”

Insan nə qədər vicdansız olmalıdır ki, ölkə həyatı üçün çox vacib məlumatların doğru olub-olmadığını kənara qoyub, həm də qəsdən kənara qoyub, böyük təhlükələrə rəğmən onu çatdıran adama şər atmaqla məşğul olsun. Axı əsas sual budur: bunlar doğrudur, ya yox? Bunlar niyə baş verib? Hətta onların böhtanı ilə desək, xarici kəşfiyyatda bu məlumatlar varsa, niyə var? Ölkə başçısı niyə bu əməlləri ilə xarici kəşfiyyatın bu cür məlumat toplamasına səbəb verib?  Üstəlik, burda kəşfiyyatlıq nə məlumat var, gizli biznes dövlət və kəşfiyyat sirri deyil axı.

Nəticədə ölkə indiki duruma daha sürətlə gəlirdi. Uçurum dərinləşirdi. Bizə deyirdilər ki, nəyiniz çatışmır? Ölkədəki inkişafı görmürsünüzmü?

Susmaq üçün əcəb dəlildir – inkişaf var ölkədə. Məgər inkişaf etmiş ölkədə, məsələn, Yaponiyada həqiqəti söyləmirlər? Inkişaf var deyə, yalana, həqiqətə əhəmiyyət vermirlər? Korrupsiyaya göz yumurlar? Oğurluğa “boş verin” deyirlər? Yanlışı söyləyəni “sizə başqa nə lazımdır?” deyə qınayırlar?

Bir də ki, hanı o inkişaf? Neft pulları ilə park salmaq, yol asfaltlamaq, binaya bəlalı üzlük vurmaq inkişafdır? Bunun arxasında ölkənin böhrana getməsi vardı. Bunun sağında talan vardı. Solunda haqsızlıq, ədalətsizlik vardı. Önündə təhsilin və səhiyyənin bataqlığa yuvarlanması vardı. Yalanlar isə bütün bunları gizlətmək üçün idi.

Ona görə biz deyirdik ki, həqiqət olmadan ölkə bəlalara doğru gedir, həqiqət o qədər vacibdir ki, hətta çörəkdən üstündür. Çünki həqiqət olmayanda biri başqasının çörəyini əlindən alır. Həqiqət olmayanda ölkə yanlış yolla, səhv ünvana, təhlükəli gələcəyə doğru gedir. Sonucda bütün ölkə çörəksiz qalır.

Budur, hətta Ilham Əliyev bu gerçəyi qəbul edir – vətəndaşın çörək ala bilməsi üçün onun ucuzlaşmasına fərman verir. Ölkə çörəksiz günlərə gəlib. Həqiqətin olmadığına görə. Gördünüzmü, həqiqət doğrudan da çörəkdən üstündür.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ