SON DƏQİQƏ

PressDent.Info

İnkişafdan yalnız İlham Əliyevin danışdığı il

İnkişafdan yalnız İlham Əliyevin danışdığı il
7-01-2016, 15:12 19749 dəfə baxılıb

Ölkənin dərin iqtisadi və mənəvi böhrana düşməsinin səbəbkarları buna birbaşa məsuliyyət daşıyan siyasi sistem təmsilçiləri ilə bitmir. “Hər şeyi ağ-qara görməyin, qüsurlar hər yerdə var, hər halda bu boyda inkişafı danmaq olmaz” deyən xüsusi yaltaq tiplər vardı ha, onlar xüsusilə günahkardır!

Xüsusi günahkarlar

Onların “müdrik” görkəmi hakimiyyətə haqq qazandırmağın, həqiqəti deyənləri susdurmağın ən namərd üsulu idi. Guya bu hakimiyyəti qorumurdular, guya yaltaqlıq etmirdilər, guya vicdanlıdırlar və sadəcə, gerçəyi deyirlər. Amma bir dəfə də hakimiyyətə üz döndərib “hər halda bu tənqidlərdə həqiqət var, bu boyda özbaşınalığı, oğurluğu, ədalətsizliyi danmaq da olmaz” söyləmədilər. Onlar yalnız həqiqəti deyənlərin qabağına çıxır, yalnız hakimiyyətin əməllərini tənqid edənləri qaradan başqa rəng axtarmağa çağırırdılar. Əslində, onlar yalanı lap uzaqdan qoruyur, yalanı deyənlərə hətta sözün yaxın getməsinə imkan vermirdilər.

Onlar xüsusi günahkarlardırlar. Ölkədə müzakirənin, söz azadlığının, polemikanın, plüralizmin azacıq da olsun qalmasına imkan vermədilər. Imkan vermədilər ki, əməl sahiblərinin özləri nəyəsə cavab versin, nəyisə izah etsin, onların özləri ilə dəlilləşəsən, sözləşəsən. YAP dinməmiş, yaltaqlar dindi, yaltaqlar dinməmiş, bu xüsusi latent yaltaqlar qabağa çıxıb, bizi başqa rəngi də görməyə çağırdılar…

Onlara deyiləsi sözlər çoxdur hələ!

…Insan öz yurduna bu qədər qıya bilməzdi, sizlər qıydınız! Siz güclənən, dərinləşən böhranı “bu boyda inkişaf” adlandırdığınız halda, biz bu böhranı illərdir xəbərdar edirdik və bu, heç də öncəgörmə deyildi, xüsusi bacarıq da deyildi, sadəcə, bir azca vicdanlı olmaq yetirdi.

Indi buyurun, əlinizə çıraq alıb günün günorta çağı bazarlarda, küçələrdə, şəhərlərdə və kəndlərdə illərdir təriflədiyiniz “bu boyda inkişaf”ı axtarıb tapın. Hava soyuqdur, isti geyinin, siz də “Yenə qış gəldi, salam a köhnə palto” deyib inkişafın rənglərinin izinə düşün. Axı siz rəngləri yaxşı görürsünüz!

Inkişafın susması

O məğrur, parlaq, çilçıraqlı, bəzəkli “analoqu olmayan inkişaf” kəlməsini artıq işlədən yoxdur. Onu dillərində əzbər edənlər xain çıxdılar, atdılar, unutdular onu. Analoqu olmayan xəyanət baş verdi. Indi o boyda kəlmə qalıb ortada, əvvəllər onu gülüş və ironiya vasitəsi kimi dilə alanlar da yada salmır, ondan nadir hallarda istifadə edirlər. Şişirtmənin, tərifin, məddahlığın xüsusi ədəbi obrazına çevrilmiş bu qəhrəman kəlmə işsiz, evsiz, gərəksiz, aciz, sahibsiz durumda qaldı. Öldü.

Ən maraqlısı odur ki, inkişaf haqda artıq danışan yoxdur. Inkişafdan danışma sektoru susub, həm də necə… Bizdə “inkişaf dayandı” deyənlər də yoxdur. Çünki mərkəzi küçələrin, əsas parkların və meydanların abadlıqları hesabına uydurulan inkişaf yalnız sözdə idi. Bu səbəbdən də, o dayanmayıb, sadəcə, susub. Ondan danışırdılar – var idi, danışmırlar – yoxdur.

Yalnız bir istisna var. Yalnız Ilham Əliyev danışır inkişaf barədə. Yalnız o çıxışlarında “Azərbaycan inkişaf edir” kəlməsini işlədir. 2016-cı il belə inkişaf edir.

Şahvələd Çobanoğlu

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ